Məhkəmə qərarları › İş №2-1(112)-927/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-927/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-927/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinə sahiblik hüququnun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 204 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il qərardadı ilə ərizə təmin edilmiş, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş və X3 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə bələdiyyəsinin 2186 saylı, 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə adına rəsmiləşdirilmiş 300 kv.m torpaq sahəsinin 150 kv.m hissəsini etibarnamə ilə qohumu X1 istifadəsinə vermiş, lakin aralarında yaranmış ailə münaqişəsində olan problemlərə görə həmin gün, yəni 25 aprel 2012-ci ildə vermiş olduğu etibarnaməni ləğv etməyinə baxmayaraq Binəqədi qəsəbə bələdiyyəsi onun razılığı olmadan qohumu X1 adına 150 kv.m torpaq sahəsini Binəqədi qəsəbə bələdiyyəsinin 204 saylı, 29 may 2012-ci il tarixli qərarı ilə sənədləşmə həyata keçirilmişdir.Tərəfindən Binəqədi qəsəbə bələdiyyəsinə müraciət edilərək qərarın ləğv olunması xahiş edilsə də, qərarın ləğv edilməsi inzibati qaydada məhkəmə qətnaməsi olmadan qərarın ləğv olunmasının mümkünsüzlüyü barədə ona 02/H-159 saylı 21 fevral 2024-cü il tarixli məktubla cavab verilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq: Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş: Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 2186 nömrəli sərəncamının surətindən görünür ki, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. İddiaçı ərizəsindən görünür ki, o, Binəqədi qəsəbə bələdiyyəsində 2186 saylı, xx.xx.2006-cı il tarixli sərəncama əsasən onun adına verilmiş 300 kv.m torpaq sahəsindən 150 kv.m torpaq sahəsinin sərəncamının X1 adına rəsmiləşdirilməsinə etiraz etmir. Ərizə onun “oxudum, razıyam” qeydi ilə imzalanmışdır. Ərizə xüsusi notarius X4 xx.xx.2012-ci il tarixli, 7E-4226 nömrəli qeydi ilə notarial təsdiq edilmişdir. Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 204 nömrəli qərarının surətindən görünür ki, Binəqədi qəsəbə bələdiyyəsi ərazi hüdudlarında vətəndaş İddiaçı və X1 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 300 kv.m torpaq sahəsinin 150 kv.m-i yaşayış evinin tikintisi üçün X2 verilmişdir. Bakı şəhər 27 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş: İddiaçı ərizəsindən görünür ki, o, 7E-06/4180 reyestrlə X2 vermiş olduğu etibarnamənin ləğv edilməsini xahiş edir. Ərizə xüsusi notarius X4 xx.xx.2012-ci il tarixli, 7E-06/4225 nömrəli qeydi ilə notarial təsdiq edilmişdir. Notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E Reyestrinin surətindən görünür ki, İddiaçı ərizəsi xx.xx.2012-ci il tarixdə 4225 nömrəsi ilə qeydə alınmışdır. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İddiaçı hazırkı iddia tələbi ilə Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 204 saylı qərarının ləğv edilməsini tələb edir. İddiaçı iddiasını eyni gündə etibarnaməni ləğv etmə barədə ərizə verməsinə baxmayaraq torpaq sahəsinin üçüncü şəxsin adına keçirilmiş olmasının qanunsuz olması ilə əsaslandırır. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən iddiaçının iddiası öz təsdiqini tapmır. Belə ki, mübahisələndirilən- Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 204 nömrəli qərarının surətindən görünür ki, Binəqədi qəsəbə bələdiyyəsi ərazi hüdudlarında vətəndaş İddiaçı və X1 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 300 kv.m torpaq sahəsinin 150 kv.m-i yaşayış evinin tikintisi üçün X2 verilmişdir. Beləliklə, məhkəmə ilkin olaraq qeyd edir ki, qərarın qəbul edilməsinin əsası hər hansı etibarnamə deyil, razılıq ərizəsidir. Cavabeh tərəfindən təqdim edilmiş İddiaçı ərizəsindən görünür ki, o, Binəqədi qəsəbə bələdiyyəsində 2186 saylı, xx.xx.2006-cı il tarixli sərəncama əsasən onun adına verilmiş 300 kv.m torpaq sahəsindən 150 kv.m torpaq sahəsinin sərəncamının X1 adına rəsmiləşdirilməsinə etiraz etmir. Ərizə onun “oxudum, razıyam” qeydi ilə imzalanmışdır. Ərizə xüsusi notarius X4 xx.xx.2012-ci il tarixli, 7E-4226 nömrəli qeydi ilə notarial təsdiq edilmişdir. İddiaçı tərəfindən həmin ərizənin özü tərəfindən verilməməsi, yəni hər hansı saxtakarlıq halına istinad edilməmişdir, bunu təsdiq edəcək sübut təqdim edilməmişdir. Digər tərəfdən iddiaçının istinad etdiyi ərizə ilə bağlı məhkəmə bunları qeyd edir. İddiaçı ərizəsindən görünür ki, o, 7E-06/4180 reyestrlə X2 vermiş olduğu etibarnamənin ləğv edilməsini xahiş edir. Ərizə xüsusi notarius X4 xx.xx.2012-ci il tarixli, 7E-06/4225 nömrəli qeydi ilə notarial təsdiq edilmişdir. Belə ki, iddiaçı sözügedən ərizə ilə mübahisələndirilən qərarın verilməsinə əsas olan ərizənin deyil, hər hansı etibarnamənin ləğv edilməsini xahiş etmişdir. Bununla da mübahisələndirilən qərarla ləğv əsası kimi istinad edilən ərizənin hüquqi və məntiqi əlaqəsi müəyyən edilmir. Məhkəmə, eyni zamanda, vurğulayır ki, İddiaçı “etibarnamənin ləğv edilməsi” barədə ərizəsi xx.xx.2012-ci il tarixli, 7E-06/4225 nömrəli qeydi ilə notarial təsdiq edilmişdir və notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E Reyestrinin surətindən göründüyü kimi xx.xx.2012-ci il tarixdə 4225 nömrəsi ilə qeydə alınmışdır. Lakin mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş ərizə xüsusi notarius X4 xx.xx.2012-ci il tarixli, 7E- 4226 nömrəli qeydi ilə notarial təsdiq edilmişdir. Beləliklə, iddiaçının istinad etdiyi “etibarnamənin ləğv edilməsi” barədə ərizə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş razılıq ərizəsindən xronoloji olaraq daha əvvəl verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 12 fevral 2016-cı il tarixli 4-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması haqqında” Təlimatın 2.14-cü bəndinə əsasən sənədin qeydiyyat nömrəsi işin nomenklatur nömrəsindən və sənədin qeydə alınmasının sıra nömrəsindən ibarətdir, sənədin qeydə alınması zamanı verilir və qeydiyyat ştampında vərəqlərin sayından və tarixdən əvvəl əks etdirilir. 10.22-ci bəndinə əsasən sənədin qeydə alınması onun üzərinə qeydiyyat nömrəsinin qoyulması və qeydiyyat vərəqəsində həmin sənəd haqqında məlumatların göstərilməsidir. 10.24-cü maddəsinə əsasən hər bir sənəd notariat ofisində ancaq bir dəfə qeydə alınır. Daxil olan sənədlər onların notariat ofisinə daxil olduğu gün, göndərilən və daxili sənədlər isə imzalandığı və ya təsdiq edildiyi gün qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 29-cu bəndinə əsasən ... Notariat hərəkətinin qeydiyyatı üçün kağız daşıyıcıda olan reyestrin tərtib edilməsi aşağıdakı qaydada həyata keçirilir: 1-ci qrafada ilin əvvəlindən başlayaraq notariat hərəkətinin nömrəsi yazılır. Notariat hərəkətinin reyestrdə qeyd edildiyi nömrə sənədin təsdiq qeydində göstərilir; 2-ci qrafada notariat hərəkətinin aparıldığı tarix göstərilir, bu tarix təsdiq qeydində və notariat sənədində göstərilən tarixlə eyni olmalıdır; 3-cü qrafada barəsində notariat hərəkəti aparılmış hüquqi şəxsin adı və ya fiziki şəxslərin, yaxud onların nümayəndələrinin soyadı, adı, atasının adı və yaşadığı yer, müstəqil imza edə bilməyənin əvəzinə imza edən şəxsin, eləcə də tərcüməçinin soyadı, adı, atasının adı qeyd edilir. Sənədin surətinin düzgünlüyünün təsdiq edilməsi üçün sənədin məxsus olduğu şəxsin xahişi ilə digər şəxs müraciət etdikdə, həmin şəxsin soyadı, adı, atasının adı və ünvanı yazılmalıdır; 4-cü qrafada notariat hərəkətinin aparılması üçün müraciət edənin şəxsiyyətinin müəyyən edilməsi üçün təqdim edilən şəxsiyyət vəsiqəsi və ya digər sənədin seriyası, nömrəsi, sənədi verən orqan və verilmə tarixi, şəxsin doğum tarixi göstərilir;... Məhkəmə araşdırması ilə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən inzibati akt qəbul edilən zaman hüquq pozuntusuna yol verilməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar