Məhkəmə qərarları › İş №2-1(112)-9271/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9271/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9271/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “müşahidə kameralarının görüntülərinin alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “müşahidə kameralarının görüntülərinin alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 20 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2023-cü il tarixdə iddiaçı idarə etdiyi “Mercedes” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobillə Bakı Qazax yolunun 7-ci km də hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı cavabdehə müraciət edərək, xx.xx.2023-cü il tarixə olan kamera görüntülərinin təqdim edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İddia tələbi, iddianın əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TŞ-2-081 nömrəli kamera, Sədərək dairəvi yolunda olan TŞ 11-045 nömrəli kamera, Bakı-Qazax yolunun 7-ci km-də sürəti müəyyən edən radar kamera və Bakı-Qazax yolunun 8-ci km-də CC 75 BNA müşahidə kamerasının 06 mart 2023-cü il saat 14:10-dan 14:40-a qədər olan görüntülərini almaq və araşdırmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 mart 2023-cü ildə saat 14:35-də Bakı- Qazax yolunun 7 km-də onun idarə etdiyi “Mersedes” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən qarşısında hərəkət edən dövlət nömrə nişanını xatırlamadığı qara rəngli “Prado” avtomobilinin ehtiyat təkəri qoparaq onun avtomobilinin qabağına düşüb, avtomobilinin bamperini, sol qanadını, interkuller və radiatoru əzmişdir. Təkər onun avtomobilinin təkərinin altında qaldığından avtomobili durduğundan arxadan hərəkət edən digər avtomobil “Mersedes E” markalı **-ND-*** dövlət nömrə nişanlı avtomobil arxadan onun avtomobilini əzmişdir. Hadisə yerinə gələn Baş X1 İdarəsinin əməkdaşları tərəfindən “Mersedes E” markalı **-ND-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü barədə inzibati xəta haqqında protokol tərtib edilib. Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları ona bildirdilər ki, “Prado” avtomobilinin sürücüsünün əməlində də nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması ilə bağlı inzibati xətanın tərkibi var (İXM 342.2). Lakin bu günə kimi Baş X1 İdarəsinin araşdırma aparan əməkdaşları “Prado” avtomobilinin sürücüsünün şəxsiyyətini müəyyən edə bilmirlər. Ona həmin sürücünün axtarışa verildiyi bildirilmişdir. Baxmayaraq ki, o, vəsatət verərək Bakı-Qazax yolunun onun avtomobilinin və “Prado” markalı avtomobilin hərəkəti istiqamətində olan Təhlükəsiz şəhər kameralarının (TŞK) nömrələrini təqdim edib, həmin kameralardan avtomobilin müəyyən edilməsini xahiş etmişdir. Lakin Baş X1 İdarəsinin əməkdaşları həmin kameralarının görüntülərini təqdim etməkdən yayınırlar və hətta onun vəsatətinə cavab verməmişlər. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin onun müraciəti ilə əlaqədar cavabdeh hərəkətsizlik etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə iddiaçı 06 mart 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar müşahidə kamerasının 06 mart 2023-cü il saat 14:10-dan 14:40-a qədər olan görüntülərin alınması və araşdırılmasını xahiş edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə TŞ 2-081 nömrəli kamerasının, Sədərək dairəvi yolunda olan TŞ 11-045 nömrəli kamerasının, Bakı-Qazax yolunun 7 kmdə radar sürəti müəyyən edən kamerasının və Bakı-Qazax yolunun 8-ci km.də CC-75- BNA müşahidə kamerasının xx.xx.2023-cü il tarixdə saat 14:10-dan 14:40-a qədər olan görüntülərinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən, Bakı şəhər Baş Polis İdarəsindən və Bakı Nəqliyyat Agentliyindən təqdim edilməsi, təhlükəsiz şəhər kameralarında olan görüntülərin hansı normativ hüquqi akta (daxili təlimat, qayda, əsasnamə, qərar və s.) əsasən, hansı müddətə saxlanmalı olmasının müəyyən edilməsi barədə məhkəməyə məlumat verilməsi tələb edilmişdir. Azərbaycan Respublikasıının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli Q1-001-15 nömrəli qərarı ilə təsdiq olunmuş “Xidməti ərazilərdə videonəzarətin tətbiqi işinin təşkil edilməsinə dair Təlimat”ın tələblərinə əsasən, videonəzarət sistemlərinin sərbəst hərəkətdə qeydə alınan görüntülərinin arxiv bazasında saxlanılması və məhv edilməsi sistemin texniki imkanlarından asılı olaraq avtomatik rejimdə həyata keçirilir. Odur ki, sistem tərəfindən texniki göstəricilərə uyğun təyin edilmiş saxlanma müddətinin bitməsi səbəbindən tələb olunan görüntülərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Baxılan işdə iddiaçının tələbi yol nəqliyyat hadisəsi ilə bağlı yolda quraşdırılmış videonəzarət vasitələrindən görüntülərin cavabdeh Baş X1 İdarəsindən tələb edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin mərkəzi informasiya sistemi haqqında” Əsasnamə: 1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin mərkəzi informasiya sisteminin (bundan sonra ─ Sistem) formalaşdırılmasının, aparılmasının, arxivləşdirilməsinin və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya olunmasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 1.2. Sistem yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların uçotunu, sistemləşdirilməsini və saxlanılmasını, yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında iştirak edən dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinə aid zəruri informasiya ilə təminatını, avtomatlaşdırılmış sənədləşmə, sorğu və təhlil işlərinin həyata keçirilməsini, hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir. 6.1. Sistem vasitəsilə aşağıdakılar həyata keçirilir: 6.1.11. yol-nəqliyyat hadisələri, onların iştirakçısı olmuş nəqliyyat vasitələri, hadisə nəticəsində maddi zərər dəymiş nəqliyyat vasitələri (foto və video görüntüləri əlavə edilməklə) və xəsarət almış şəxslər barədə məlumatların Sistemə daxil edilməsi; 6.1.18. Sistem vasitəsilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin, elektron tərəzilərin və parkomatların göstəricilərinin ilkin mənbədən real vaxt rejimində əldə edilməsi, emalı, sənədləşdirilməsi və icraya yönəldilməsi; 7.5. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr, elektron tərəzilər və parkomatlar Sistemə inteqrasiya olunur. Məhkəmə tərəfindən iddia tələbində göstərilən ünvanda yerləşən kamera görüntüləri cavabdehdən, eyni zamanda Daxili İşlər Nazirliyinin digər qurumlarından tələb edilmiş, lakin məhkəməyə təqdim edilmiş məktublarda arxivlərin saxlanma müddətinin bitməsi əsas göstərilərək görüntülərin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Belə olan halda saxlanma müddəti bitmiş və faktiki olaraq mövcud olmayan görüntülərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbin faktiki və hüquqi əsas yoxdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar