Məhkəmə qərarları › İş №2-1(112)-9271/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9271/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9271/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “polis əməkdaşlarının cəzalandırılması və təzminat ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2024 cü il tarixdə keçirilən növbədənkənar prezident seçkiləri zamanı seçki kampaniyasına (eləcə də müşahidəçi kimi fəaliyyətinə) qeyri-qanuni müdaxilə etmiş polis “əməkdaşlarının əhatə dairəsinin müəyyənləşdirilməsi, cərimə və cəzaların verilməsi; qeyri-qanuni hərəkətlər nəticəsində dəymiş maddi və mənəvi zərərə görə 30 000 manat (10.000 manat maddi, 20.000 manat mənəvi olmaqla) təzminat ödənilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı öz təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkilərinə qoşulmuşdur. Qanunvericilikdə nəzərdə tutulan sənədləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edib prezidentiyə də namizəd olmuşdur. Lakin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası iddiaçıdan digər namizədlər (siyasi partiya, siyasi partiya bloku və təşəbbüs qrupunun namizədləri) kimi 40.000 seçici imza öhdəliyi tələb olunduğunu qeyd edərək seçici imzaları ilə doldurmaq üçün 900 imza vərəqəsini (hərəsində 50 seçibi imzası olmaqla) təqdim etmişdir. İddiaçı dəfələrlə prezidentliyə namizəd kimi belə bir öhdəliyinin olmadığını bildirsə də, 40.000 seçici imzalarının olmayacağı təqdirdə səsverməyə buraxılmayacağını bildirmişdirlər. İddiaçının bununla bağlı ilkin instansiya məhkəməsi kimi Bakı Apellyasiya məhkəməsinə müraciətləri də heç bir nəticə verməmişdir. İddiaçə bildiririr ki, iddiaçı xx.xx.2024-cü tarixindən 40.000 seçici imzalarının toplanması işinə başlasa da, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi birbaşa imza toplanma prosesinə qeyri-qanuni müdaxilə edərək maneələr yaratmışdırlar. Belə ki, iddiaçının Qobustan rayonunda imza toplanması üzrə səlahiyyətli nümayəndəsi olan Əflan İbrahimovu öz evindən Qobustan polisi polis bölməsinə apararaq 24 saat ərzində girov saxlamışdır. İddiaçını isə “20 yanvar” metrosu dairəsi yaxınlığında Yasamal rayon 29 saylı polis bölməsinin əməkdaşları (rəis müavini başda olmaqla) saxlayaraq bölməyə aparmış, 2 saata qədər orda girov saxladıqdan sonra izahat yazdırdıqdan sonra sərbəst buraxmışdırlar. Beləliklə də Daxili İşlər Nazirliyinin maneləri və Mərkəzi Seçki Komissiyasının qeyri qanuni 40.000 seçici imzası tələbi nəticəsində iddiaçının seçki hüququm pozulmuş və bu səbəbdən də iddiaçı xx.xx.2024-cü il tarixli səsvermədən kənarda saxlanılmışdır. Azərbaycan Respublikasında Seçki Məcəlləsinə əsasən iddiaçı öz təşəbbüsü ilə Suraxanı rayon 32 saylı DSK-dan müşahidəçi vəsiqəsi alaraq seçkiləri müşahidə etməyə başlamışdır. İddiaçı müşahidəçi kimi öz işini davam etdirərkən Suraxanı rayonu 31 saylı polis bölməsinin əməkdaşları iddiaçının fasiləsiz və davamlı müşahidə missiyasının yerinə yetirilməsinə manelər yaratmışdırlar. Belə ki, 87 saylı məktəbdəki seçki məntəqəsindən çıxıb başqa seçki məntəqəsinə müşahidəyə gedərkən 4 nəfər mülki formalı polis iddiaçını girov götürüb 31 saylı polis bölməsinə aparmış, 2 saatdan sonra azad olunmuş və müşahidə işini davam etdirməyə başlamışdır.

3. Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyinə namizədlərin müdafiəsi məqsədilə seçici imzalarının toplanması üçün imza vərəqlərinin verilməsi haqqında xx.xx.2023-cü il tarixli Akta əsasən Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidnetliyə namizəd İddiaçı müdafiəsi məqsədilə seçici imzalarının toplanması üçün Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2 saylı əlavəsinə uyğun hazırlanmış 900 imza vərəqəsi verilmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edlməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının iddia ərizəsində və izahatında qeyd etdiyi fikirlər reallığı əks etdirməməklə iddiaçının şəxsi mülahizəsinə əsaslanır.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər

8. Prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır.

9. X7 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X5rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X4rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X1rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94). Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

10. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, məhkəmə nəzərə alır ki, iddiaçının iddia ərizəsində və izahatında qeyd edilən fikirlər şəxsi mülahizə xarakateri daşımaqla iddiaçı tərəfindən qeyd edilən halların mövcudluğunu əsaslandıran hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.

11. Digər tərəfdən məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı çərçivəsində məhkəmənin (özü tərəfindən) cəzalandırmaq məqsədi ilə qeyri-müəyyən şəxslər dairəsini aşkar etmək səlahiyyəti (vəzifəsi) yoxdur, odur ki, qeyd edilən tələbin məhkəmə müdafiəsi hüququ yoxdur.

12. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək müəyyən edir ki, hazırki iddia tələbinin nə faktiki, nə də hüquqi əsası var, tələb iddiaçı tərəfindən müəyyən edilmiş vəziyyətin xəyali təfsiridir.

13. Tələbin maddi və mənəvi zərərin ödənilməsi hissəsi də həmin tələbdən irəli gələrək subsidiar xarakter daşıyır.

14. Odur ki, iddia mümkün sayılmamalıdır.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar