Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9274/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam oldğu 17 yanvar 2019-cu il tarixindən təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1967-ci il tarixdə doğulmuşdur. Arxiv arayışının, hərbi biletinin və əmək kitabçasının surətindən görünür ki, 22 iyul 1983-cü il tarixdən 28 dekabr 1984-cü il tarixinədək (1 il 5 ay 6 gün) Şamaxı rayonu S.Ə.Şirvani adına sovxozda fəhlə, 11 fevral 1985-ci il tarixdən 25 aprel 1985-ci il tarixinədək (2 ay 14 gün) “Xəzərqazmaneftqazsnaye” İB-nin Sahil dəniz kəşfiyyatqazma idarəsində takelajçı vəzifəsində işləmiş, 14 may 1985-ci il tarixdən 26 iyul 1987-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş (2 il 2 ay 12 gün), 22 fevral 1988-ci il tarixdən 21 noyabr 1988-ci il tarixinədək (8 ay 29 gün) “Aztransqaz” İB takelajçı, 01 fevral 1989-cu il tarixdən 04 aprel 1989cu il tarixinədək (2 ay 3 gün) “Azenerjitikinti” trestində fəhlə, 05 sentyabr 1989-cu il tarixdən 01 aprel 1993-cü il tarixinədək (3 il 6 ay 26 gün) “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-də neyfqaz hasilatı üzrə operator (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı izrə kod: 1100000a-15824), 01 aprel 1993-cü il tarixdən 01 sentyabr 2006-cı il tarixinədək (13 il 6 ay) “Bulla-Dəniz” NQÇİ-də neft-qaz hasilatı üzrə operator (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod: 1100000a-15824) vəzifələrində işləmiş, 01 sentyabr 2006-cı il tarixdən bu günə kimi (15 il 7 ay 26 gün) N.Nərimanov adına NQÇİ-də neft-qaz hasilatı üzrə operator (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod: 1100000a-15824) vəzifəsində işləyir. Göründüyü kimi, 01 yanvar 2006-cı il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də, daxil olmaqla 21 il 1 ay təşkil etmiş və həmin staj illərinin 16 il 3 ay 16 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Bununla da 52 yaşı tamam olduğu 17 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Lakin, bununla bağlı cavabdehə etmiş, müraciətinə imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu 17 yanvar 2019-cu il traixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə (a) bəndinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə çalışan kişilər – 55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. İddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, xx.xx.2006-cı il tarixinədək onun iş stajı 20 ildən az olmaqla, cəmi 19 il 07 ay 24 gündür (xx.xx.1985-xx.xx.1985, xx.xx.1985-xx.xx.1987, xx.xx.1988xx.xx.1988, xx.xx.1989-xx.xx.1989, xx.xx.1989-xx.xx.2005). Həmçinin əmək kitabçasının 2-3-cü səhifəsində iddiaçının xx.xx.1985-ci ilədək iş stajının olmaması qeyd edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 04 may 2022-ci il tarixli, **********1 “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlərə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə sasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Mərkəzi Filiala təqdim etdiyi 15 fevral 1985-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, 01 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 20 ildən az (19 il 7 ay 24 gün (xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eləcə də, sözügedən əmək kitabçasının 2-3-cü səhfələrində xx.xx.1985-ci il tarixədək iş stajı olmadığı qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildən 25 aprel 1985-ci il tarixinədək “Xəzərqazmaneftqazsэnaye” İB-nin Sahil dəniz kəşfiyyatqazma idarəsində takelajçı vəzifəsində işləmiş, 22 fevral 1988-ci il tarixdən 21 noyabr 1988-ci il tarixinədək “Aztransqaz” İB takelajçı, 01 fevral 1989-cu il tarixdən 04 aprel 1989-cu il tarixinədək “Azenerjitikinti” trestində fəhlə, 05 sentyabr 1989-cu il tarixdən 01 aprel 1993-cü il tarixinədək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-də neft-qaz hasilatı üzrə operator, 01 aprel 1993-cü il tarixdən 01 sentyabr 2006-cı il tarixinədək “Bulla-Dəniz” NQÇİ-də neft-qaz hasilatı üzrə operator, 01 sentyabr 2006-cı il tarixdən hal-hazıra qədər N.Nərimanov adına NQÇİ-də neft-qaz hasilatı üzrə operator vəzifəsində işlməkdə davam edir. İşdə olan НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 14 may 1985-ci il tarixdən 26 iyul 1987-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. İşdə olan Milli Arxiv İdarəsi X6 Filialı tərfiəndən iddiaçıya 26 avqust 2021-ci il tarixli məktubla ünvanlanmış X6 filialında saxlanılan S.Ə.Şirvani adına sovxozun 1983-1984-cü illərin əmr kitablarından arxiv çıxarışından göünür ki, S.Ə.Şirvani adına sovxozun direktorunun 22 iyul 1983-cü il tarixli 88 nömrəli əmrilə İddiaçı sovxoza fəhlə qəbul edilmiş, 28 dekabr 1984-cü il tarixli 211 nömrəli əmrilə isə işdən azad edilmişdir. İşdə olan SOCAR “Azneft” İB N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 40 nömrəli, xx.xx.2021-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilə qədər N.Nərimanov adına NQÇİ-nin 3 saylı NQÇŞ-də neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (əmr 405/k xx.xx.1989-cu il, ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824, güzəştli staj ixtsasa əsasən 03 il 06 ay 16 gün; xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilə qədər “Bulla-dəniz” NQÇİ-nin 2 saylı NQÇŞ-də neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (əmr 02/k xx.xx.1993-cü il) ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824, güzəştli staj ixtisasa əsasən 12 il 09 ay. Arayışa əsasən xx.xx.2006-cı il tarixinə güzəştli əmək stajı 16 il 3 ay 16 gün. Yuxarıda qeyd olunmuş bütün ixtisaslar dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Azərbaycan Respublikası NK-nin 12/Vİ-93-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır. İşdə olan məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialı tərəfindən 264 nömrəli, 26 iyul 2022-ci il tarixli cavab məktubu ilə təqdim edilmiş İddiaçı Şamaxı rayonu S.Ə.Şirvani adına sovxozunda 1983-1984-cü illərdə işləyib aldığı aylıq əmək haqqı barədə arxiv arayışı və əmr kitablarından arxiv çıxarışından görünür ki, S.Ə.Şirvani adına sovxozun direktorunun 22 iyul 1983-cü il tarixli 88 nömrəli əmrilə İddiaçı sovxoza fəhlə qəbul edilmiş, 28 dekabr 1984-cü il tarixli 211 nömrəli əmrilə isə işdən azad edilmiş və həmin dövdə əmək haqqı almışdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 04 may 2022-ci il tarixli, **********1 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdehin imtinasında və etirazında iddiaçıya güzəştli şərtərlə pensiya təyin olunmasından imtina edilməsinin əsası kimi iddiaçının 15 fevral 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara 01 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajının 20 ildən az (19 il 7 ay 24 gün (xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2005ci il tarixləri arasındakı dövrlər)) təşkil etməsi və eləcə də, sözügedən əmək kitabçasının 2-3-cü səhfələrində xx.xx.1985-ci il tarixədək iş stajı olmadığı qeyd edilmişdir. Məhkəmə cavabdehin dəlillərini aşağıda göstərilənlərə əsasən əsassız hesab edir: Belə ki, işdə olan НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 14 may 1985-ci il tarixdən 26 iyul 1987-ci il tarixinədək, yəni 2 il 2 ay Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, eləcə də, Milli Arxiv İdarəsi X6 Filialı tərəfindən təqdim edilən Şamaxı rayon S.Ə.Şirvani adına sovxozun 1983-1984-cü illərin əmr kitablarından arxiv çıxarışından göünür ki, İddiaçı 22 iyul 1983-cü il tarixdən 28 dekabr 1984-cü il tarixədək, yəni, 1 il 5 ay 6 gün sovxozda fəhlə işləmiş və buna görə, müvafiq əmək haqqı almasına dair sənədlər mövcuddur. Cavabdeh inzibati orqan isə yuxarıda qeyd edilən həmin illəri nəzərə almayaraq ümumi iş stajına daxil etməmişdir. Halbuki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının sovxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1983-1984-cü illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də, iddiaçının həmin dövrlərdə sovxozda işlədiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X3 arxiv arayışları ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da, müəyyən edilməmişdir Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının 1983-1984-cü illərdə sovxozda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X3 arxiv arayışları ilə təsdiqləndiyindən və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında göstərilməsə də, onun 1983-1984-cü illərdə sovxozda işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən sovxoza məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şamaxı filialının arayışları ilə təsdiqlənmişdir. Odur ki, bu halda, fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də, əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçının hərbi xidmətdə olduğu dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin v) yarımbəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və prezidentin mühafizə orqalarında xidmət müddəti iş stayına daxil edilir. Göründüyü kimi, iddiaçının hərbi xidmətdə olduğu müddətinin onun əmək stajına daxil edilməsi hərbi xidmətdə olduğu dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin v) yarımbəndində sadalanan hərbi xidmət müddəti şəxsin iş stajına daxil edilməldir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə eləcə də qeyd edir ki, iddiaçının güzəştli stajı mübahisə predmeti deyil və bu işdə olan SOCAR “Azneft” İB N.Nərimanov adına Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş 40 nömrəli, xx.xx.2021-ci il tarixli güzəştli arayışla da, təsdiqini tapır. Həmin arayışa əsasən İddiaçı xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilə qədər N.Nərimanov adına NQÇİ-nin 3 saylı NQÇŞdə neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (əmr 405/k xx.xx.1989-cu il, ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824, güzəştli staj ixtisasa əsasən 03 il 06 ay 16 gün; xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilə qədər “Bulla-dəniz” NQÇİ-nin 2 saylı NQÇŞ-də neft və qaz hasilatı üzrəoperator peşəsində işləyib (əmr 02/k 01.- 4.1993-cü il) ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824, güzəştli staj ixtisasa əsasən 12 il 09 ay. Yuxarıda qeyd olunmuş bütün ixtisaslar dənz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Azərbaycan Respublikası NK-nin 12/Vİ-93-cü il tarixli 320 No-li qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır və arayışa əsasən xx.xx.2006-cı il tarixinə iddiaçının güzəştli əmək stajı 16 il 3 ay 16 gün təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən çox (xx.xx.1985xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989cu il, xx.xx.1989-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, 14 may 1985-ci il tarixdən 26 iyul 1987-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçməsi dövrü, 22 iyul 1983cü il tarixdən 28 dekabr 1984-cü il tarixədək S.Ə.Şirvani adına sovxozda fəhlə işləməsi dövrü) təşkil edir, eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərar ilə təsdiq edilmiş siyahısına əsasən xx.xx.2006-cı il tarixinə iddiaçının güzəştli əmək stajı 16 il 3 ay 16 gün təşkil edir. Onun xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi əmək stajı vardır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ona 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 avqust 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: «a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: - 01 avqust 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; - 01 avqust 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; - 01 avqust 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; - 01 avqust 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Azərbaycan Respublikası Mülki Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublika Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli qərarına əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Bu səbəbdən iddiaçıya münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin xx.xx.2019-cu il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 20 il sığorta stajı, eləcə də, 10 ildən çox xüsusi iş stajı olduğundan, iddiaçının həmin xüsusi iş stajı işlədiyi İdarə tərəfindən verilmiş arayışa əsasən müəyyən edildiyindən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən yaş həddi 01 avqust 1997-ci il tarixdən başlayaraq hər il 6 ay olmaqla 01 avqust 2000-ci ilədək artırılmasını nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-9274/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9274/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver