Məhkəmə qərarları › İş №2-1(112)-9274/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9274/2024

24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9274/2024 24.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli **********674400 nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, **********674400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında müəssisəyə fevral 2024-ü il üzrə 10250.96 manat əlavə dəyər vergisi heablanmışdır. Qərarda qeyd olunmuşdur ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əldə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla 9991.94 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Hesab edirlər ki, cavabdehin mübahisəli qərarı qanunsuz və əsassızdır. Belə ki, müəssisəyə göndərilmiş 29 mart 2024-cü il tarixli, **********226500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubda EBDL seriyalı 158762 nömrəli, EBDL seriyalı 775619 nömrəli, EBDL seriyalı 158691 nömrəli, EBDL seriyal 084509 nömrəli, EBDL seriyalı 301596 nömrəli, EBDL seriyalı 757378 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi və bu səbəbdən həmin EQF-lər üzrə aparılmış əvəzləşmə məbləğlərinin nəzərə alınmayacağı qeyd olunmuşdur. Ehtimal edir ki, buna səbəb sözügedən qaimələr üzrə malların alındığı "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli qərarına əsasən riskli vergi ödəyicisi hesab olunmasıdır. Nəzərə alınmalıdır ki, "xxxx" MMC ilə əməliyyatlar xx.xx.2023xx.xx.2023-cü il tarix aralığında aparılış və həmin vaxt sözügedən vergi ödəyicisi riskli vergi ödəyicisi olmamışdır. İlk növbədə bildirir ki, cavabdeh təşkilat Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tələbərini pozmuşdur. Belə ki, həmin maddəyə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirdiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Mübahisələndirilən qərarın qəbul olunmasının səbəbi məhz vergi tutulan əməliyyat aparılmış şəxsin riskli vergi ödəyicisi hesab edilməsi olmuş və maddənin tələbinə uyğun olaraq əvəzləşdirmə ləğv edilmişdir. Göründüyü kimi, müəssəsinin "xxxx" MMC ilə əməliyyat apardığı tarixdə, yəni – xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə sonuncu riskli vergi ödəyicisi olmamışdır. Buna görə də, onun riskli vergi ödəyicisi olması barədə məlumat DVX-nin İnternet Vergi İdarəsi portalında əks edilməmişdir. Bu səbəbdən də, onların hər hansı şəkildə, gələcəkdə, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul ediləcəyindən xəbərləri olması mümkünsüz idi. Odur ki, "xxxx" MMC barəsində müəssisə ilə əməliyyatlar apardıqdan 5 ay sonra riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilməsi müəssisənin onunla apardığı əməliyyatlara görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Eyni zamanda, hətta əməliyyatlar "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunduqdan sonra da, aparılsa da, bu belə ƏDV-nin əvəzləşməsinin ləğvi üçün əsas deyildir. Belə ki, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də, əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırki iş üzrə vergi orqanı belə bir sübut təqdim edilə bilməz. Çünki, əməliyyatlar real əməliyyatlardır.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli **********376900 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, uçot baza məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdə vergi qeydiyyatına alınmış və əsas fəaliyyət sahəsi “Kompressor və Analoji Avadanlıqların Təmiri və Texniki Xidməti, Hidravlik Avadanlığın Təmiri və Texniki Xidməti” olmuşdur. Vergi ödəyicisi tərəfindən 2024-cü il yanvar-fevral üzrə təqdim edilmiş bəyannamə araşdırılarkən əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 11955.67 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfidən əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0 manat olması nəticəsində 11955.67 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 2024-cü ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə xx.xx.2024-cü il tarixli **********226500 nömrəli və xx.xx.2024-cü il tarixli, **********042200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin və ya müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından xx.xx.2024-cü il tarixli **********674400 nömrəli qərarla 9991,94 manat və xx.xx.2024-cü il tarixli, **********376900 nömrəli qərarla 1963.73 manat əlavə vergi məbləği hesablanmış və vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, baza məlumatlarına əsasən vergi ödəyicisinin əmtəəsiz əməliyyat apardığı "xxxx" MMC-nin (VÖEN: **********) vergi orqanında qeydiyyatdda olan aktiv təsərrüfat subyektinin olmadığı müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin rəhbəri X3 ilə telefon əlaqəsi saxlamaq mümkün olmadığından monitorinq aparılmamışdır. Digər vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) baza məlumatlarına əsasən aktiv obyekti olmadığı müəyyən edilmiş, hüquqi ünvanına baxış keçirilərkən yaşayış evi olduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, göründüyü kimi, "xxxx" MMC əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olmamış, buna görə də, onun riskli vergi ödəyicisi olması barədə DVX-nin İnternet Vergi İdarəsi portalında əks edilməmişdir. Bildirirlər ki, qeyd olunan əməliyyatın əmtəəsiz olmasını sübut etmək üçün təqdim edilmişdir. Riskli elektron qaimə fakturalarda riskin başlanma tarixi qeyd olunmuşdur. Bir məsələni də, nəzərə almaq lazımdir ki, qanunvericilikdə əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və ya xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Yəni təkcə operativ vergi nəzarəti deyil, həm də, səyyar və kameral vergi yoxlaması nəzərdə tutulur. Hazır ki, iş üzrə kameral vergi yoxlaması keçirilən zaman əməliyyatın əmtəəsiz olması müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, səyyar vergi yoxlaması ilə müqayisədə kameral vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanının əlavə inzibati araşdırma aparmaq, sübutlar toplamaq imkanları (Vergi Məcəlləsinin 67-ci maddəsində uyğun olaraq) məhduddur. Odur ki, vergi orqanı tərəfindən həmin yoxlama növlərinin həyata keçirilməsi imkanları (kameral və səyyar) və araşdırmanın həcmi həmin imkanlara uyğun şəkildə və vergi ödəyiisinin yoxlama zamanı təqdim etdiyi sənədlərin yetərliliyinə vergi orqanı tərəfindən həmin qısa müddətdə (kameral yoxlama dövründə) dəyərləndirməsinin qanuniliyi (yararlılıq, zərurilik və proporsionallıq meyarları dövründə) və bu zaman vergi ödəyicisinin davranışları nəzərdən keçrilməlidir. Bununla əlaqədar, vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********226500 nömrəli və xx.xx.2024-cü il tarixli **********042200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndəriliş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib ediliş sənədləri təqdim etməmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********376900 nömrəli qərarına əsasən iddiaçıya fevral 2024-cü il dövrü üzrə əlavə dəyər vergisi üzrə 12.214.69 manat məbləğində vergi borcu hesablanmışdır. Vergi borcunun hesablanmasına əsas kimi vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDH sseriyalı 640044 nömrəli, EBDL seriyalı 158762 nömrəli, EBDL seriyalı 775619 nömrəli, EBDL seriyalı 158691 nömrəli, EBDJ seriyalı 084509 nömrəli, EBDM seriyalı 301596 nömrəli, EBDJ seriyalı 757378 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi, qeyd edilən elektron qaimə-fakturalar üzrə 1.963.73 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirilmədiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1.963,73 manat kənarlaşmanın yaranması göstərilmişdir.

9. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublar məhkəməyə təqdim edilmişdir.

10. İddiaçı tərəfindən məhkəməyə "xxxx" MMC ilə aralarında bağlanmış 02 iyun 2023-cü il tarixli, HYD002 nömrəli və "xxxx" MMC ilə aralarında bağlanmış 09 iyun 2023-cü il tarixli, HYD8795 nömrəli alqı-satqı müqavilələri, təqdim edilmiş malların təhvil-təslim aktları və elektron qaimə fakturalar məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

16. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

17. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

18. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı cavabdehin mübahisəli xx.xx.2024-cü il tarixli qərarını qanunverciliklə müəyyən edilmiş müddətdə, xx.xx.2024-cü il tarixdə inzibati məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə müraciət edərək mübahisələndirmişdir.

19. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, işin hallarından göründüyü kimi, cavabdeh mübahisələndirilən qərarlarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 2024-cü ilin fevral ayında ƏDV üzrə 12.214.69 manat əlavə dəyər vergisi hesablamışdır.

22. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur.

23. Cavabdeh həmin qərarın qəbul edilməsinə əsas kimi 2023-cü ildə təmir və texniki xidmətlər üzrə malların alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması hallarının müəyyən edilməsi, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDH sseriyalı 640044 nömrəli, EBDL seriyalı 158762 nömrəli, EBDL seriyalı 775619 nömrəli, EBDL seriyalı 158691 nömrəli, EBDJ seriyalı 084509 nömrəli, EBDM seriyalı 301596 nömrəli, EBDJ seriyalı 757378 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli hesab edilməsi və əvəzləşdirməyə əsas verməməsi, qeyd edilən elektron qaimə-fakturalar üzrə 1.963.73 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirilmədiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1.963,73 manat kənarlaşmanın yaranmasını göstərmişdir.

24. İddiaçı bu hallarla razılaşmır və hesab edir ki, "xxxx" MMC ilə əməliyyat apardığı tarixdə, yəni – xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə sonuncu riskli vergi ödəyicisi olmamışdır. Buna görə də, onun riskli vergi ödəyicisi olması barədə məlumat DVX-nin İnternet Vergi İdarəsi portalında əks edilməmişdir. Bu səbəbdən də, onların hər hansı şəkildə, gələcəkdə, "xxxx" MMCnin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul ediləcəyindən xəbərləri olması mümkünsüz idi. Odur ki, "xxxx" MMC barəsində müəssisə ilə əməliyyatlar apardıqdan 5 ay sonra riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilməsi müəssisənin onunla apardığı əməliyyatlara görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Eyni zamanda, hətta əməliyyatlar "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunduqdan sonra da, aparılsa belə bu, ƏDV-nin əvəzləşməsinin ləğvi üçün əsas deyildir. Belə ki, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də, əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırki iş üzrə vergi orqanı belə bir sübut təqdim edilə bilməz. Çünki, əməliyyatlar real əməliyyatlardır.

25. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır.

26. Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

27. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir.

28. Həmin Meyarların: Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: Bənd 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: Bənd 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə.

29. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh bu qənaətə gələrkən qüvvədə olan qanunvericiliyin normalarını səhv tətbiq etmişdir.

30. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin, nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC barəsində riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı MMC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.

31. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

32. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

33. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

34. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

37. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

38. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********376900 qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar