Məhkəmə qərarları › İş №2-1(112)-9277/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9277/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9277/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı xx xxxxxx 1960-cı il tarixdə Xanlar (indiki Göygöl) rayonunda doğulmuşdur. 1978-ci ilin 11 may tarixində Xanlar Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 1980-cı ilin may ayında hərbi xidmətini başa vuraraq, həmin hərbi komissarlıqda qeydə alınmışdır. 23 mart 1982-ci il tarixdə Gəncə şəhər Təmir- Tikinti İdarəsinə rəngsaz kimi işə qəbul olunmuş, 31 avqust 1982-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. 13 oktyabr 1982-ci il tarixdə Gəncə şəhər X6 yandırıcı kimi işə qəbul olunmuşdur. 1 oktyabr 1984-cü il tarixdə həmin müəssisənin adı dəyişdirilərək, X3 nəzdində Gil-Torpaq Kombinatı adlandırılmışdır. Bununla əlaqədar həmin Kombinatda Metal emalı-tökmə istehsalı, ərinti və metal əridicisi kimi işə qəbul olunmuşdur. 31 oktyabr 1990-cı il tarixdə öz ərizəsi ilə işdən azad olunmuş, 13 fevral 1992-ci il tarixdə Göygöl rayon Mühafizə Şöbəsində mühafizəçi kimi işə qəbul olunmuş, 2 oktyabr 1995-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuş, 1 mart 1996-cı il tarixdə Gəncə şəhər Yaşıllaşdırma Təsərrüfat İdarəsinə Bəzək Bağçılıq üzrə fəhlə kimi işə qəbul olunmuş, 10 oktyabr 1996-cı il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. 1 avqust 1996-cı il tarixdə Gəncə şəhəri Ruhi-Əsəb Xəstəxanasına kiçik tibb qardaşı vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi vəzifə zərərli iş şəraiti kimi nəzərdə tutulduğundan, əmək haqqına 20% əlavə edilmişdir. 5 aprel 2016-cı il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən ona 1982 – 2016-cı illər üzrə əmək fəaliyyəti ilə məşğul olmuş, 2 il hərbi xidmətdə olmuşdur. Ümumiyyətlə, 36 il əmək stajı qazanmışdır. Bunun 8 ilini X3 nəzdində Gil-Torpaq Kombinatında, 18 ili isə Gəncə Ruhi-Əsəb Xəstəxanasında işləmişdir. İddiaçı 26 il işlədiyi vəzifə zərərli iş şəraiti kimi nəzərdə tutulduğundan, onun əmək haqqına 20% əlavə edilmişdir. Bu göstərilənlər təqdim olunan əmək kitabçasında təsdiqini tapır. O, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 26 işlədiyi vəzifə zərərli iş şəraiti kimi nəzərdə tutulduğundan pensiya təyinatında nəzərə alınmasını və ona pensiya təyinatı aparılmasını xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 mart 2021-ci il tarixli cavab məktubunda güzəşli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcbiriyyətində qalmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə, İPM-in 2.1, 223, 45, 46-cı maddələrinə əsaslanaraq, ona (iddiaçıya) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh SAMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar qeyd olunur: - İddiaçı iddia tələbi qanunamüvafiq olmadığından, rədd edilməlidir. O, Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Müraciətlə bağlı Mərkəzi Filial tərəfindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiali əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın səhiyyə və sosial təminat idarələri bölməsində (19) uşaq evlərinm psixiatriya (psixonevroloji) müalicəprofilaktika idarələrində, bölmələrində (c) kiçik tibb heyəti vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının, Mərkəzi Filiala təqdim etdiyi sənədlərində 1 avqust 1998-ci il tarixdən 5 aprel 2016-cı il tarixədək dövr ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Gəncə şəhər Psixiatriya Xəstəxanası”nda kiçik tibb qardaşı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi kiçik tibb qardaşı vəzifəsi uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktikası sahəsinə aid deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 11 ay 1 gün) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 38.400 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22.035,91 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Göründüyü kimi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını istəyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan (hazırda) tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 йərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» və «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının “Xİ. Metal emalı” bölməsinin “1. Tökmə istehsalı” bəndində 1110100a – 13162 kodu ilə “əritmə sobalarının yanında məşğul olan texnoloji sobaların ocaqçıları” peşəsi nəzərdə tutulmuşdur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXİV. Səhiyyə və sosial təminat idarələri” bölməsinin “v” bəndində 2260000b kodu ilə “uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələrində, bölmələrində orta tibb heyəti və kiçik tibb heyəti” üzrə peşələr nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmiş və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Həmin Siyahının 11-ci (Metal emalı) bölməsinin 11.1-ci (Tökmə istehsalı) bəndinin “a” bəndinə “əritmə sobalarının yanında məşğul olan texnoloji sobaların ocaqçıları mərkəzdənqaçma maşınlarında məşğul olan mərkəzdənqaçma, mərkəzdənqaçmavakuum və vakuum tökmədə tökməçilər” peşələri nəzərdə tutulmuşdur. Həmin Siyahının 19-cu (Tibb və sosial təminat müəssisələri) bölməsinin “c” bəndində uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika müəssisələrində, bölmələrində orta tibb heyəyi və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Eləcə də 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş qanunvericilik normalarında təsbir olunur ki, 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. 1 iyul 2017-ci il tarixdən qüvvədə olan qanunvericilik normaları isə, 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik olan kişilərin onların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə 60 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığını nəzərdə tutur. Hazırkı işin halları üzrə müəyyən edilir ki: - iddiaçı 13 oktyabr 1982-ci il tarixdən 6 iyun 1990-cı il tarixədək (7 il 7 ay 25 gün) ocaqçı və 6 iyun 1990-cı il tarixdən 14 sentyabr 1990-cı il tarixədək (3 ay 8 gün) əridici peşələrində işləmişdir və həmin peşələr AR Nazirlər Kabinetinin 320 nömrəli 21 iyjn 1993cü il tarixli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda göstərilmişdir. Lakin onun 1 avqust 1998-ci ildən Gəncə Şəhər Psixiatriya Xəstəxanasında işlədiyi “kiçik tibb qardaşı” peşəsi AR Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş siyahılardada, eləcə də 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş siyahıda əks olunmamışdır, həmin siyahılarda bu peşədə yalnız uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika müəssisələrində, bölmələrində işləyənlər nəzərdə tutulmuşdur, lakin iddiaçının işlədiyi tibb qurumunun fəaliyyəti (təyinatı) başqadır. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajı 7 il 11 ay 2 gün təşkil edir ki, bu hədd də tələb olunan müvafiq iş stajından azdır; - həmçinin İddiaçı «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin hazırda qüvvədə olan tələbləri baxmından fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı da əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, yəni, ona münasibətdə həmin kapital 38.400 manat həcmində tələb olunduğu halda, 22.035,91 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina qanuna zidd deyil. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar