Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-928/2021 11.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, **********03900 saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxx 2020-ci il tarixli **********039000 saylı qərarı ilə kameral yoxlama nəticəsində ona 2020-ci ilin yanvar ayı üçün 1.800 manat əlavə ƏDV hesablanmışdır. Qərarı aşağıdakı səbəblərdən əsassız hesab edərək ləğv edilməldir. Qərarın qəbul edilməsi üçün əsas kimi 2020-ci ilin yanvar ayı üzrə ƏDV depozit hesabına 1.800 manat vəsaitin daxil olması, lakin həmin ay üçün, yəni yanvar ayının ƏDV bəyannaməsində ƏDV-nin məbləğinin 0 manat olması göstərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın vaxtı - təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Məcəllənin 166.7-ci maddəsinə əsasən 166-ci maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Vergi orqanına izah kimi göndərdiyi xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli məktublarında ƏDV-siz dəyərin ona yanvar ayında deyil, fevral ayında ödənildiyi qeyd edilmişdir. Bu səbəbdən də VM-nin 166-cı maddəsinin normalarına uyğun olaraq, qeyd edilən 1.800 manat ƏDV yanvar ayının deyil, fevral ayının bəyannaməsinə daxil edilmişdir (ƏDV-siz dəyərin ödənildiyi təqvim ayı fevral ayı olduğu üçün). Qeyd olunanlar ərizəyə əlavə edilmiş yanvar ayı üçün bank hesabından çıxarışdan da aşkar görsənir. Bank hesabından 2020-ci ilin yanvar ayı üçün çıxarışdan görünür ki, yanvar ayında bank hesabına ümumiyyətlə hər hansı vəsait daxil olmamışdır. Bu da ödəniş daxil olmayan yanvar ayı üçün vergi orqanı tərəfindən ƏDV hesablanmasının düzgün olmadığını sübut edir. Ərizəyə əlavə edilmiş fevral ayı üçün bank hesabından çıxarışdan görsənir ki, ƏDVsiz məbləğ fevral ayında ödənilmişdir və ƏDV-si yanvarda, ana (əsas) məbləği fevralda ödənilmiş ƏDV-ni vergi ödəyicisi bu səbəbdən, VM-nin 166-cı maddəsinə uyğun, qanuni olaraq fevral ayının hesabatına daxil etmişdir. Bunlar fevral ayının ƏDV bəyannaməsindən də sübut olunur. Eyni zamanda bildirmişdir ki, 1.800 manat ƏDV-nin büdcəyə ödənişi kecikdirilmədən, yəni fevral ayında aparılmışdır. Cavabdeh məhkəməyə iddianın mümkün sayılmaması barədə vəsatət təqdim edərək bildirmişdir ki, mübahisələndirilən 2020-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsi ilə bağlı cavabdeh tərifindən xx.xx.2020-ci il tarixli, **********039000 saylı qərar qəbul edildikdən sonra iddiaçı xx.xx.2020-ci il tarixdə həmin vergi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək, ödəniləcək vergi məbləğini azaltmışdır. Təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə əsasında cavabdeh tərəfindən yenidən kameral vergi yoxlaması keçirilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli, **********742500 saylı qərar ilə cavabdehin xx.xx.2020-ci il tarixli, **********039 saylı qərarı ləğv edilmişdir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 vəsatətin məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı lazımi qaydada xəbərdarlıq edilmiş, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırki iş üzrə ilkin məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi xx xxxxx 2020-ci il tarixli, **********03900 saylı qərar inzibati orqanın özü tərəfindən ləğv edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərar artıq mövcud olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X3 iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-928/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-928/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver