Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-928/2023 22.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün siyahının göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün siyahının göndərilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tələbinə dəqiqləşmə verərək ona Kəlbəcər rayonun işğaldan azad edilməsinə görə medalın verilməsi və müharibə veteranı adı və statusunun adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək Nazirlər Kabinetinə göndərilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, İİ Qarabağ Müharibəsində könüllü iştirakla bağlı müraciəti təmin edilərək Gəncə şəhərində yerləşən toplanış məntəqəsinə göndərilmiş, oradan Gədəbəy rayonunda yerləşən hərbi hissəyə göndərilmişdir. Orada təlim keçdikdən sonra Daşkəsən rayonunda yerləşən hərbi hissəyə göndərilmiş, orada hərbi hissənin tərkibində Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, döyüşlər bitdikdən sonra 26 dekabr 2020-ci i tarixdə hərbi hissədən tərxis olunmuşdur. Lakin, döyüşlərdə iştirak etməsinə baxmayaraq veteran statusunun və medalın verilməsi təmin edilməmişdir. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Hərbi biletdən və aidiyyəti digər sənədlərdən görünür ki, 29 sentyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissədə xidmətə başlamış, N oktyabr 2020-ci il tarixdən hərbi hissənin siyahısından çıxarılmış, 29 noyab 2020-ci il tarixdən N nömrəli hərbi hissədə xidmətə başlamış, N dekabr 2020-ci il traixdən hərbi hissənin siyahısından çıxarılmışdır. Hərbi hissənin məktubundan görünür ki, 10 noyabr 2020-ci il tarixədək Gəncə şəhərində yerləşən hərbi hissədə iddiaçı hərbi xidmət vəzifələrini icra etdiyindən medalla təltif olunması mümkün hesab edilməmişdir. Cavabdehin 10 iyul 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Gəncə şəhərində yerləşən hərbi hissədə xidmət vəzifələrini icra etmişdir. İddiaçı Gədəbəy rayonunda yerləşən hərbi hissədə də xidmət etmişdir ki, həmin hərbi hissədə döyüş əməliyyatları olmadığı üçün iddiaçının döyüş əməliyyatlarında iştirakı barədə məlumat olmamışdır. İddiaçı Daşkəsən rayonunda yerləşən hərbi hissəyə isə N noyabr 2020-ci il tarixdə daxil olmuş, N dekabr 2020-ci il tarixdə ehtiyata buraxılmışdır. İddiaçının Gəncə şəhərində müharibə dövründə, yəni 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdən biri olmamışdır. Qeyd olunmalıdır ki, “Veteranlar haqqında” Qanunun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçının tələbi ona müharibə veteranı və vəsiqəsi və medalın verilməsinə nail olunması barədə olmaqla məcburetmə haqqında iddiadır. AR İPM-nin 14.3-cü maddəsindən də göründüyü kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olarq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdeh də iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, təqdim edilən sənədlərdən görünür ki, 10 noyabr 2020-ci il tarixədək iddiaçının hərbi xidməti döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmayan hərbi hissədə həyata keçirilmiş, ümumiyyətlə iddiaçının döyüş əməliyyatlarında iştirak barədə heç bir məlumat aşkar edilməmişdir. İddiaçı ərizəsindən də göründüyü kimi tərkibində döyüşlərdə iştirak etdiyi N nömrəli hərbi hissəyə döyüş əməliyyatları bitdiyi 10 noyabr 2020-ci il tarixindən sonrakı tarixdə gəlmiş və oradan ehtiyata buraxılmışdır ki, aydın haldır ki, döyüş əməliyyatlarının aparıldığı yerdə döyüşlərin bitdiyi tarixdən sonra iddiaçının iştirakı hazırkı iddianın təmini üçün kifayət edə bilməz. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən isə görünür ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərin müharibə veteranı adının mövcudluğundan söhbət gedə bilər ki, iddiaçı isə noyabr 10-dək adıçəkilən ərazilərdən heç birində o cümlədən Kəlbəcər rayonu ərazisində döyüşlərdə iştirak etmədiyindən ona veteran statusunun verilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də veteran statusunun verilməsi tələb təmin edilmədiyi təqdirdə də, iddiaçıya Kəlbəcərin işğaldan azad edilməsi barədə medalla təltif edilmə tələbi məhkəmə hesab edir ki, rədd edilməlidir. Odur ki, cavabdehin istər veteran adı və vəsiqəsinin, istərsə də Kəlbəcərin işğaldan azad edilməsi barədə medalla təltif edilməsi üçün iddiaçının adının siyahıya daxil edilərək aidiyyəti orqan və ya orqanlara təqdim edilməsindən imtinaya dair hərəkəti qanuni və əsaslı olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-928/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-928/2023
22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver