Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9280/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması barədə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı Cavabdeh üzərinə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 13986,14 manat artıq ödənilmiş ailə başçısını itirməyə görə əmək pensiyası məbləğinin iddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehin mərhum əri X2 xx.xx.2006-cı il tarixdə onun xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma idarəsində aldığı əməkhaqqı nəzərə alınmaqla 1245,97 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan pensiyası xx.xx.2021-ci il tarixdən 1666,97 manata çatdırılmışdır. Cavabdeh Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən 1666,97 manat ailə başçını itirməyə görə əmək pensiyası təyin olunmuşdur. Sonradan xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, mərhum X2 məxsus X3 28 May Neft və Qazçıxarma idarəsinin xx.xx.2014-cü il tarixli əməkhaqqı arayışında qeyd edilmiş əməkhaqqı məbləğləri ilə arxivdə saxlanılan 2004-2005-ci illərə dair əməkhaqqı cədvəllərində qeyd olunmuş əməkhaqqı məbləğləri arasında uyğunsuzluq vardır. Belə ki, X3 28 May Neft və Qazçıxarma idarəsinin xx.xx.2014-cü il tarixli əməkhaqqı arayışında mərhum N.Ağayevin 2004-cü il tarixdə ümumilikdə 23747913 manat, 2005-ci il tarixdə 33360031 manat əməkhaqqı aldığı qeyd olunmuşdur. Bununla belə monitorinq zamanı arxivdə saxlanılan sənədlər əsasında qarşılıqlı yoxlama keçirilmiş və həmin sənədlər əsasında onun 2004-cü il tarixdə ümumilikdə 18327053 manat, 2005-ci il tarixdə 21380162 manat əməkhaqqı aldığı müəyyən edilmişdir. N.Ağayevə yaşa görə əmək pensiyası təyin edilərkən onun xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək aldığı orta aylıq əməkhaqqı nəzərə alındığından və əməkhaqqı arayışında məbləğlər əslində olduğundan daha yüksək göstərildiyindən ona yüksək məbləğdə yaşa görə əmək pensiyası təyin edilmiş və sonradan xx.xx.2021-ci il tarixdə Cavabdeh ailə başçını itirməyə görə əmək pensiyası təyin edilərkən həmin düzgün olmayan pensiya məbləği nəzərə alınmışdır. Belə ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1258,93 manat məbləğində pensiya ödənilməli olduğu halda 1666,97 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1301,63 manat ödənilməli olduğu halda 1723,65 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1512,08 manat ödənilməli olduğu halda 1996,13 manat pensiya ödənilmiş və nəticədə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası üzrə 13986,14 manat artıqödəmə müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinə əsasən Cavabdeh onun pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda qeyd edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında onun mülahizələrinin dinlənilməsi üçün xx.xx.2023-cü il tarixdə saat 17.30-da Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 dəvət olunmuş, mülahizələri dinlənilmiş və bu barədə akt tərtib olunmuşdur. Cavabdeh mülahizəsində bildirmişdir ki, ona göstərilən sənədlərdə olan səhvlərə görə o cavabdeh deyil, hesablamalarda aparılmış səhvlərdə o təqsirkar deyil, pensiya məbləğinin azaldılmasına razı deyildir. Bundan sonra Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, Cavabdeh əmək pensiyasının məbləği azaldılmışdır.
3. AZ-İİ 121248 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
4. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh təyin olunmuş ailə başçısını itirməyə görə pensiya məbləği inventerizasiya səbəbindən 1996.13 manatdan 1512.08 manata azaldılmışdır.
5. Məhkəmənin sorğusuna cavab olaraq “Azneft” İstehsalat Birliyi “28 MAY” NQÇİ xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Filialının Daxili nəzarət və İnventarlaşdırma Departamentinin daxili nəzarət şöbəsi tərəfindən mərhum X2 “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən 2004-2005-ci illlər üçün verilmiş xx.xx.2014-cü il tarixli, 01-01 ink/481 nömrəli əmək haqqı arayışının düzgünlüyü yerində qarşılıqlı yoxlanılmış və akt tərtib olunmuşdur. Həmin aktın surəti və mərhum X2 məxsus 2004-2005 illər üçün əmək haqqı arayışı məhkəməyə təqdim edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
12. İPM-in 34.1-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. Hazırkı iş üzrə iddiaçının tələbi artıq alınmış pensiya məbləğinin qaytarılmasıdır.
15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında deyil (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara istinad edildiyi hallar istisna olmaqla), pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
17. İş materialları ilə müəyyən olunur ki, iddiaçının qərarı ilə cavabdehin mərhum ərinə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cavabdehin əri vəfat etmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, mərhumun əməkhaqqı cədvəllərində əməkhaqqı məbləğləri arasında uyğunsuzluq aşkar olunduğundan iddiaçıya təyin olunmuş pensiya məbləği azaldılaraq bu barədə qərar qəbul edilmiş və nəticədə ona münasibətdə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası üzrə 13986,14 manat artıq ödənilmiş pul vəsaiti hesablanmışdır.
18. Məhkəmə nəzərə alır ki, cavabdehin 66 yaşı var. İddiaçı cavabdehin hər hansı digər gəlirlərinin olduğunu müəyyən etməmişdir.
19. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir.
20. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən əsaslar, yəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
22. Məhkəmə hesab edir ki, artıq ödənilmiş pensiya məbləğinin tutulması cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına və vətəndaşın üzərinə həddindən artıq yük qoyulması ilə nəticələnə bilər.
23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva