Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9281/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının bərpa edilməsi, ödənilməmiş pensiyasının hesablanıb ödənilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, ödənilməmiş pensiyasının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsinə əsasən iddia tələbi dəqiqləşdirilərək “İddiaçı 24.03.2015-ci il tarixdən təyin edilmiş ömürlük yaşa görə əmək pensiyasının dayandırıldıgı 31.08.2021-ci il tarixdən bərpa edilməsi və bu müddət ərzində ödənilməyən pensiya ödənişinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” məzmunda icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya 24.03.2015-cı il tarixdə yaşa görə əmək pensiya təyin edilmiş və bu təyinatın qanuni əsası ondan ibarət olmuşdur ki, iddiaçının oğlu X1 anadagəlmə psixi pozuntusu var, ona ikici qrup əllik təyin edilmişdir. Ona iddiaçı baxmış və bununla belə oğlunu müəyyən yaşa çatdırdıqdan sonra ailə üzvlərinə həvalə edərək əmək fəaliyyəti ilə də məşğul olmuşdur. Sonradan ona pensiya təyin edilməsi üçün müraciət etmiş, lakin müraciətinə müsbət cavab verilməmiş və pensiya təyin edilməsindən imtina edilmişdir. Bu əsasla məhkəməyə müraciət etmiş və iddiasının təmin edilməsinə dair qərar çıxarılmışdır. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçun göndərilmiş və həmin tarixdən iddiaçıya pensiya ödənilməyə başlanılmışdır. Lakin ötən il, daha doğrusu 31.08.2020-ci il tarixdə ona təyin edilmiş pensiyanın dayandırılması barədə qərar qəbul edilmişdir. Bunun hansı əsasla edildiyi ona məlum deyil. Lakin bu qərar əsassızdır. İddiaçının oğlunun sağlamlıq vəziyyəti hər-hansı mübahisənin predmetı deyil və bu fakt birmənalı öz təsdiqini tapır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə görə ona xəstə uşağa baxmaqla bağlı pensiya almaq hüququna malik olduğundan bu hüququndan istifadə etməmişdir. Pensiya alınması üçün zəruri şərtlər ödənilmişdir. Lakin butun bunlara baxmayaraq, pensiyanın ödənilməsindən imtina edilməsi qanunsuz olmuşdur. İddiaçıya məlumdur ki, bir sıra vətəndaşlara əsassız olaraq pensiya təyin edilməsi müəyyən edilmişdir. Bununla bağlı çoxsaylı müraciətlərinə bir müddət ümumiyyətlə cavab verilməmiş, daha sonra təkrarən müraciətinə cavabdeh 29 iyun 2021ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, əmək pensiyası hüququnun müəyyən edilməsi üçün zəruri sənədlərin idarəyə təqdim edilməsi tövsiyə edilmişdir. Həmçinin DSMF tərəfindən əvvəlki cavaba istinad edilmişdir. Cavabdehin müraciətə cavab məktubu pensiyanın bərpasından imtina kımı qiymətləndirilməlidir. Belə ki, pensiya təyinatı zamanı zəruri sənədlər pensiya təyin edən orqana təqdim edilmişdir. Onun adına qovluq mövcuddur və hər hansı konkret sənədə istinad edilmədiyindən, ümumi formada sənədlərin təqdim edilməsi barədə tələb əsassızdır. Artıq xeyli müddətdir ki, qanuni əsaslarla təyin edilmiş pensiyanın verilməsinin dayandırılması barədə qəbul edilmiş qərar iddiaçının hüquqlarının əsassız pozulmasına səbəb olur, cavabdeh orqan isə iddiaçının müraciəti üzrə zəruri tədbirlər görmür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, ödənilməmiş pensiyanın hesablanıb ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Lakin, cavabdehin etirazı (mülahizəsi) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdehin iddiaçının müraciətinə baxılaraq ünvanlanmış ********** nömrəli, 29.06.2021-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən iddiaçıya 24.03.2015ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.8.3-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda dayandırılır. Qeyd olunan maddənin tələblərinə əsasən pensiya ödənişi 31.08.2021-ci il tarixindən dayandırılmışdır. Məlumat üçün bildirilmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq növə görə əmək pensiyası hüququnun müəyyən edilməsi üçün zəruri sənədlərin əsillərini araşdırılmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməyi tövsiyə olunur. Araşdırmanın nəticəsindən asılı olaraq əmək pensiyası hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən yenidən baxılacaqdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.05.2016-ci il tarixli 2-1(82)-1702/2016 saylı qərarından görünür ki, iddia təmin edilərək İddiaçı 14.09.1994-cü ildən 28.12.2005-ci ilədək “Zəmanət” şirkətinin ünvan 1 ünvanda yerləşən avtoservisində aşbaz peşəsində işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, sağlamlıq imkanı məhdud uşağa baxması ilə əlaqədar İddiaçı 55 yaşdan əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilmişdir. - məhkəmə sorgusu ilə tələb edilmiş iddiaçıya aid 061801 saylı pensiya işindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 2093 nömrəli, 08.07.2016-cı il tarixli qərarı ilə İddiaçı 24.03.2015-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İşin hallarından məlum olur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.05.2016-ci il tarixli 2-1(82)-1702/2016 saylı qərarına əsasən iddiaçının iddiası təmin edilərək ona “Zəmanət” şirkətinin ünvan 1 ünvanda yerləşən avtoservisində aşbaz peşəsində işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, sağlamlıq imkanı məhdud uşağa baxması ilə əlaqədar İddiaçı 55 yaşdan əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilmişdir. Məhkəmə qərarı icra olunaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 2093 nömrəli, 08.07.2016-cı il tarixli qərarı ilə iddiaçıya 24.03.2015-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin pensiya ödənişi 31.08.2021-ci il tarixdən iddiaçıya məlum olmayan səbəbdən dayandırılmışdır. İddiaçı pensiyasının bərpa edilməsi məqsədilə cavabdehə müraciət etsə də, ərizəsi təmin edilməmişdir. İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 20 aprel tarixli Qərarı). Digər tərəfdən, inzibati məhkəmələrin “təyinatı” bununla məhdudlaşmayaraq, həmçinin inzibati orqanların qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərmələrinə “nəzarətin” həyata keçirilməsini ehtiva edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya pensiya ödənişinin dayandırılması ilə baglı hərəkəti qanunsuz olmuşdur. Belə ki, iddiaçının pensiya hüququnun yaranması məhkəmə qərarı ilə təsdiq edilmişdir. Qərarın icrası qanunverciliyin tələblərinə əsasən fiziki və hüquqi şəxslər üçün, o cümlədən, cavabdeh üçün məcburi xarakter daşıdıgından qanuni olaraq həmin vaxt səlahiyyətli olan pensiya təyinatı orqanı tərəfindən icra edilmişdir. Lakin məhkəmə qərarında göstərilən əsaslarla iddiaçıya pensiya təyin edilsə də, sonradan cavabdeh qurum məhkəmə qərarının icrasından yayınmışdır. Belə olan halda cavabdehin hərəkətləri qanunsuz xarakter daşımışdır. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, məhkəmənin hazırlıq icraatı zamanı iddiaçıya təyin edilmiş pensiyanın nə vaxtdan dayandırılması, bu barədə ayrıca inzibati aktın (qərarın) qəbul edilib-edilmədiyi barədə məlumat verilməsi, belə qərarın qəbul edildiyi təqdirdə onun məhkəməyə təqdim olunması ilə bağlı cavabdeh inzibati orqanın nümayəndəsinə suallar verilsə də, cavabdeh bu sualları cavablandıra bilməmişdir. Cavabdehin iddiaçının müraciətinə baxılaraq ünvanlanmış ********** nömrəli, 29.06.2021-ci il tarixli cavab məktubunun məzmunundan müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən iddiaçıya 24.03.2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş, Qanunun 37.8.3-cü maddəsinə əsasən pensiya ödənişi 31.08.2021-ci il tarixindən dayandırılmışdır. İddiaçıya əmək pensiyası ödənişinin dayandırılması haqqında hər-hansı qərar məhkəməyə təqdim olunmamışdır. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya 24.03.2015-ci il tarixindən yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya 29.06.2021-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə, həmçinin, onu da qeyd etməyi zəruri bilir ki, iddiaçıya pensiya məhkəmə qərarı əsasında təyin edildiyi üçün və həmin qərar hazırda qüvvədə olduğu üçün cavabdeh tərəfindən pensiya təyinatının dayandırılması barədə qəbul edəcəyi hər hansı inzibati akt da məhkəmə qərarına zidd olduğu üçün qanunsuzdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 24.03.2015-ci il tarixdən təyin edilmiş ömürlük yaşa görə əmək pensiyasının dayandırıldıgı 31.08.2021-ci il tarixdən bərpa edilməsi və bu müddət ərzində ödənilməyən pensiya ödənişinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 24.03.2015-ci il tarixdən təyin edilmiş ömürlük yaşa görə əmək pensiyasının dayandırıldıgı 31.08.2021-ci il tarixdən bərpa edilməsi və bu müddət ərzində ödənilməyən pensiya ödənişinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-9281/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9281/2021
28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver