Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9288/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayonu, Bakı Avtomobil Zavodunun şimal-şərqində tikdirdiyim fərdi yaşayış evi üzərində mənim mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Soradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Xətai rayonu, Bakı Avtomobil Zavodunun şimal-şərqində tikdirdiyi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 263 saylı 22.03.1999-cu il tarixli sərəncamı ilə Bakı avtomobil zavodunun 02.09.1998-ci il tarixli, 174 nömrəli məktubu nəzərə alınaraq Xətai rayonunun Cavanşir küçəsindəki 2958-2970-ci məhəllərində Bakı şəhər ZDS İcraiyyə Komitəsinin 09.08.1977ci il tarixli 3/48 saylı qərarı ilə avtomobil zavodunun genişləndirilməsi üçün ayrılmış ərazinin istifadəsiz qalmış 1,5 ha torpaq sahəsində fərdi yaşayış evlərinin layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Sərəncamda fərdi yaşayış evlərinin sənədləşdirilməsinin Xətai rayon İcra Hakimiyyəti tərəfindən müvafiq qaydada aparılması tapşırılmışdır. Xətai rayon İcra Hakimiyyətinin Başçısının “Məhəllədaxili ərazidə müstəsna hal kimi fərdi yaşayış ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında" 29.06.2004-cü il tarixli 127 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 263 saylı 22.03.1999-cu il tarixli sərəncamına istinad edilərək Bakı Avtomobil Zavodunun işçiləri üçün fərdi yaşayış evləri tikintisinə ayrılmış 1,5 ha torpaq sahəsi zavod müdriyyəti ilə Həmkarlar Komitəsinin və mənzil-məişət komissiyasının birgə iclasının protokoluna əsasən növbədə duran zavod işçiləri arasında bölüşdürülmüş və həmin sərəncamla İddiaçı 0,03 ha torpaq sahəsi ayrılmış və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin ərazidə iddiaçı 2001-ci ildə fərdi yaşayış evi tikib və hazırda orada yaşayır. Xətai rayon İcra Hakimiyyətinin Başçısının 05.11.2010-cu il tarixli 258 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Bakı şəhəri Xətai rayonu avtomobil zavodunun şimal-şərqində zavod işçiləri üçün ayrılmış ərazidə İddiaçı tərəfindən tikilmiş ümumi torpaq sahəsi 300 kv.m, yaşayış sahəsi 68,7 kv.m,köməkçi sahəsi 328 kv.m-dən ibarət fərdi yaşayış evinin istismara qəbul edilməsinə və hüquqi qeydiyyatdan keçirilməsi tapşırılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2inz(82)-1155/2012 saylı qərarı ile Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 29.06.2004-cü ıl tarixli, 127 saylı sərəncamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,03 ha torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü" verilmiş və Dövlət Torpaq kadastr kitabında 12.06.2013-cü il tarixdə 34779 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 088400 nömrəli lisenziya ilə “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icaatı tətbiq olunan bina və qurğuların layihələndırilməsi"ni həyata keçirməyə icazəsi olan Xətai rayonu İcra Hakimiyyəti nəzdində Layihə-Smeta bürosu tərəfindən fərdi yaşayış evinin layihəsi hazırlanmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən torpaq sahəsi ilə bağlı 127 saylı 29.06.2004-cü il tarixli Xətai rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam təqdim edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 2001-ci il yanvarın 1-dən etibarən bələdiyyələr tərəfindən Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər. Əlavə olaraq bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Bu zaman iddiaçının iddia tələbinin ilkin olaraq fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlılığı, eyni zamanda cavabdehə imtina məktubundan da göründüyü kimi müraciətinin də fərdi yaşayış evi ilə bağlı olması da iddianın mümkünlüyünü istisna etmir. Belə ki, imtina məktubundan da göründüyü kimi cavabdehin imtinasının əsasında torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun mövcud olmaması dayanır. Göründüyü kimi cavabdeh artıq torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmamalı olmaması ilə bağlı mövqeyini nümayiş etdirmişdir. Bu səbəbdən də iddia tələbinin dəqiqləşdirilməsindən sonra həm fərdi yaşayış evinə, həm də torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatının iddia tələbində göstərilməsi məhkəmə hesab edir ki, iddianın mümkünlüyünə təsir etməməlidir. Bu zaman mübahisənin onsuz da əsası torpaq sahəsi ilə bağlı olmuşdur ki, təbii haldır ki, fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüququnun qeydiyyata alınması torpaq sahəsinin ilkin olaraq iddiaçının mülkiyyətində olub-olmamasından asılıdır. Eyni zamanda, iş materiallarında olan ərizədən də görünür ki, məhkəmə icraatı gedişində də olsa iddiaçı torpağın mülkiyyətə verilməsi ilə bağlı da müraciət etmiş, lakin müraciətin təmini istiqamətində heç bir hərəkət yerinə yetirilməmişdir. Göründüyü kimi cavabdeh fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı məsələdə torpaq sahəsinə hüququn qeydə alınmasından da imtina etmişdir ki, iddiaçının iddia tələbinə dəqiqləşdirilməsi prosessual qənaət prinsipi baxımından qəbul edilmişdir. Göründüyü kimi irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı 127 saylı 29.06.2004-cü il tarixli Xətai rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam təqdim edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 2001-ci il yanvarın 1-dən etibarən bələdiyyələr tərəfindən Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə fərdi yaşayış evinin tikilməsi üçün Bakı Avtomobil Zavodunun şimali-şərqində torpaq sahəsinin ayrılması haqqında Xətai rayon İcra Hakimiyyəti başçısının 127 nömrəli 29.06.2004-cü il tarixli sərəncamı və həmin sərəncamın verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi ilə bağlı aidiyyəti üzrə inzibati orqanlara sorğular göndərilmişdir. Sorğulara cavab məktublarında: -Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin cavab məktubu ilə İddiaçı torpaq sahəsinin ayrılması barədə Dövlət Arxivinin Bakı filialında saxlanılan Xətai rayon İH-nin arxiv fondu üzrə 29.06.2004-cü il tarixli, 127 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı , 05.11,2010-cu il tarixli, 258 saylı sərəncamının və onlara əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərini məhkəmə göndərmişdir. Sorğuya cavab məktubuna əlavə olunmuş Xətai rayon İcra Hakimiyyəti Başçısının 127 №-li sərəncamından müəyyən olunur ki, İddiaçı, ... rayonun ərazisində Bakı Avtomobil Zavodunun şimali- şərqində zavod işçiləri üçün ayrılmış ərazidən hər birinə 0,03 ha torpaq sahəsi ayrılmış və fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. Həmçinin 258 saylı 05.11.2010-cu il tarixli sərəncamdan görünür ki, Bakı şəhəri, Xətai rayonu Avtomobil zavodunun şimal-şərqində zavod işçiləri üçün ayrılmış ərazidə vətəndaş İddiaçı Fərux oğlu tərəfindən tikilmiş ümumi torpaq sahəsi 300 kv.m, yaşayış sahəsi 68.7 kv.m, köməkçi sahəsi 328.3 kv.m-dən ibarət fərdi yaşayış evi istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi, Əmlak Məsələləri Dövlət Komitəsindən İ. F. Bənnayevə göstərilən yaşayış evinə qeydiyyat vərəqəsi verilməsi qərara alınmışdır. -Xətai rayon İcra Hakimiyyəti Başçısı tərəfindən ünvanlanmış məktubda qeyd olunmuşdur ki, son beş ilə kimi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş bütün Sərəncamlar və onlara əlavə edilmiş hüquqi sənədlər Azərbaycan Respublikası Dövlət arxivinin Bakı filialına təhvil verildiyi üçün hal- hazırda göstərilən məsələ ilə əlaqədar rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daxil olmuş cavab məktubu ilə İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilmədiyi, həmçinin sorğu ilə əlaqədar olaraq ünvan 2 ünvanında yerləşən 300 kv.m torpaq sahəsinə dair İddiaçı adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsünün surəti təqdim edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Xətai rayonu, Bakı Avtomobil Zavodunun şimal-şərqində tikdirdiyi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, həmin torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün Xətai rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən ayrıldığından, onun torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları yaranmış olur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən verilmiş imtina məktubuna nəzər yetirdikdə məlum olur ki, cavabdeh ““Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 2001-ci il yanvarın 1-dən etibarən bələdiyyələr tərəfindən Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər” səbəbi ilə iddiaçının müraciətinin həllindən imtina etmişdir. Beləliklə, iş materialları ilə də aydın olur ki, hal-hazırda iddiaçının daşınmaz əmlaklara mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın əsasında yerli icra hakimiyyəti orqanının 127 saylı sərəncamının 2001-ci il yanvar 1-dən sonra qəbul edildiyi dayanır. Belə ki, cavabdeh qeyd edir ki, göstərilən kateqoriya torpaq sahələri torpaq hərracları və müsabiqələri vasitəsi ilə satıla bilər. Lakin, cavabdeh göstərilən imtinanı məktubda və etirazda qeyd etsə də nəzərə almamışdır ki, 2004-cü il tarixli sərəncamın əsasında torpaq sahəsini ayırmağa səlahiyyətli orqan kimi Bakı şəhər İcra Hakimiyyətinin 22 mart 1999-cu il tarixli 263 nömrəli, yəni 2001-ci il yanvar 1-dən əvvəl qəbul etdiyi sərəncamı dayanır. Həmin sərəncamdan da göründüyü kimi səlahiyyətli orqan torpaq sahələrinin ayrılması ilə bağlı sərəncam qəbul edərək istifadəsiz qalmış 1,5 ha torpaq sahəsinin fərdi yaşayış evlərinin tikintisi üçün aidiyyəti şəxslərə ayrılması üçün Xətai Rayon İcra Hakimiyyətinə göstəriş vermişdir. İddiaçının iradəsindən asılı olmayan hal səbəbindən isə torpaq sahəsi həmin sərəncamın qəbul edildiyi vaxt yox, 2001-ci il yanvar ayının 1-dən sonrakı tarixdə qəbul edilmişdir. Beləliklə, görünür ki, 1.5 ha torpaq sahəsi ayrıldığından həmin torpaq sahəsi bəzi qrup şəxslərə 2001-ci il yanvar ayının 1-dən əvvəl ayrılıbsa onların mülkiyyət hüququnu qeydə aldırmaq hüququ yaranır, əgər hər hansı səbəbdən, həmin səbəb iddiaçının iradəsindən asılı oldu və ya olmadı sərəncam həmin tarixdən sonra ayrılıbsa torpaq sahəsinə mülkiyyət hüququ əldə edilmir. Göründüyü kimi, inzibati mübahisənin yaranmaması üçün inzibati icraat haqqında qanunvericiliyin təməl prinsiplərindən biri kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin tələbləri pozulmuşdur. Maddənin tələbindən də görünür ki, Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Məhkəmə hesab edir ki, burada kökündə 1999-cu il tarixli Bakı şəhər İcra Hakimiyyəti kimi torpaq ayırmağa həmin vaxt səlahiyyətli orqanın sərəncamı çıxış etdiyi müddətcə onun əsasında Xətai Rayon İcra Hakimiyyətinin sərəncamının 2001-ci il yanvar 1-dən sonra və ya əvvəl qəbul edilməsi faktiki hal kimi oxşar hal kimi nəzərə alınmalı və hər iki qrup şəxs barəsində də eyni qərar qəbul edilməlidir. Doğrudur ki, Xətai Rayon İcra Hakimiyyəti 1999-cu il tarixli Bakı şəhər İcra Hakimiyyətinin sərəncamını qısa müddət ərzində icra etməli olsa da həmin sərəncam birneçə ildən sonra icra edilmişdir. Lakin qeyd olunan, yəni Xətai Rayon İcra Hakimiyyətinin sərəncamın icrasını gec yerinə yetirməsi iddiaçının təməl konstitusion hüquqlarından biri kimi mülkiyyət hüququnu pozmamalıdır. İş materiallarında olan Xətai Rayon İcra Hakimiyyətinə zavodun müraciəti də məhkəmə hesab edir ki, iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, həmin müraciətdən də görünür ki, zavod rəhbərliyi Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək 16 nəfər şəxsin işçilərin zavodun işləməməsi ilə əlaqədar sənədləri toplaya bilmədiyinə istinad etmişdir. Lakin, məhkəmə 1999-cu il tarixli sərəncamı təhlil etdikdə müəyyən edir ki, sərəncamın icrası ilə bağlı göstəriş konkretdir və heç bir haldan asılı edilməmişdir. Başqa sözlə sərəncamın qəbulundan sonra Xətai Rayon İcra Hakimiyyəti bilavasitə həmin sənədləşmə işlərini həll etməli, lazımı sənədləri toplamalı və torpaq ayırmanı həyata keçirməli idi. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. İndiki halda isə cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin sərəncamının gec icra etməsini iddiaçının ziyanına şərh edir. Məhkəmə hesab edir ki, bu zaman sərəncamın 2001-ci il yanvar ayının 1-dən sonra qəbul edilməsi iddiaçının ziyanına şərh edilməməli, Xətai Rayon İcra Hakimiyyətinin 2004cü il sərəncamının əsasında duran Bakı Şəhər İcra Hakimiyyətinin, yəni torpaq ayırma səlahiyyəti olan orqanın sərəncamı əsas götürülməlidir. Məhkəmə, eyni zamanda, yerli icra hakimiyyəti orqanın sərəncamının 2001-ci il yanvar ayının 1-dən sonra qəbu edilib-edilməməsinin inzibati aktın hüquqmüəyyənediciliyinə münasibətdə də aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından göründüyü kimi cavabdehin 2001-ci il yanvar 1-dən sonrakı və əvvəlki tarixdə sərəncamın qəbulunun fərqli hüquqi nəticə yaratması ilə bağlı mövqeyi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə bağlıdır. Halbuki, həmin Qanunda 2001-ci il yanvar ayının 1-dən sonra yerli icra hakimiyyəti orqanların inzibati aktlarının əhəmiyyətini azaltmır. Cavabehin istinad etdiyi torpaq sahələrinin torpaq hərracları, müsabiqələri və ya satılması ilə bağlı qaydalar, eyni zamanda Həmin Qanunun 25-ci maddəsində qeyd edilmiş səlahiyətlərin 2001-ci ilin yanvar ayının 1-dən etibarən bələdiyyələrə olması ilə bağlı isə məhkəmə qeyd edir ki, bələdiyyə torpaqlarına münasibətdə tətbiq edilir ki, hal-hazırda iddiaçının istifadəsində olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması istisna edilir. Belə ki, 1999-cu il tarixli Sərəncamından da göründüyü kimi həmin torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Çünki həmin dövrdə ümumiyyətlə bələdiyyə mülkiyyətində hər hansı torpaq sahəsi olmamış, torpaq sahələri yuxarıda adıçəkilən Qanun nəzərə alınmaqla dövlət tərəfindən bələdiyyələrə ayrılmışdır. Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş müddəa, yəni “2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir.” Müddəası hal hazırda tətbiq edilə bilməz. Belə ki, maddənin məzmunundan da göründüyü kimi 2001-ci il yanvarın 1-dən əvvəlki və ya sonrakı tarixlərdə yerli icra hakimiyyəti tərəfindən torpaq ayrılması ilə bağlı şərt bələdiyyə torpaqları ilə bağlı olmuşdur. Maddənin mahiyyəti onunla bağlıdır ki, əgər dövlət tərəfindən bələdiyyəyə torpaq sahəsi ayrılıbsa, ancaq həmin torpaq sahəsi 2001-ci il yanvarın 1-dən artıq yerli icra hakimiyyəti tərəfindən kiminsə xüsusi mülkiyyətinə verilibsə, həmin torpaqlar geri qaytarılmır və şəxsin mülkiyyətində qalır. Yox əgər, bələdiyyəyə ayrılmış torpaqlar 2001-ci il yanvar ayının 1-dən sonra yerli icra hakimiyyəti tərəfindən ayrılmışdırsa həmin hərəkətlər qanunsuzdur. Göründüyü kimi həmin müddəanın tətbiqi üçün 2 şərtin yerinə yetirilməsi halı mövcud olmalıdır. 1.Torpaq bələdiyyə mülkiyyətində olmalı
2. Torpaq 2001-ci il yanvarın 1-dən sonra başqa şəxsə ayrılmalıdır. Lakin, indiki iş üzrə həmin hallar mövcud deyil. Belə ki, torpaq bələdiyyə mülkiyyətində olmamış, dövlət mülkiyyətində olmuş və torpağın ayrılmasının əsası 1999cu il tarixli sərəncamla öz təsdini tapmışdır. Xətai Rayon İcra Hakimiyyətinin sərəncamı gec qəbul etməsi də bu halda vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, bir inzibati orqanın inzibati aktın qəbuluna münasibətdə öz səlahiyyətini gec icra etməsi, digər inzibati orqanın imtinasını haqlı hesab etməməlidir. Beləliklə, torpaq sahəsi ilə bağlı iddiaçının hüquqmüəyyənedici sənədi mövcudddur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-cı, 8.0.1-ci maddələrinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqmüəyyən edici sənəd hesab edilir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan iddiaçının cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin qarşı iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Kəmalə Abiyeva) qərarından da görünür ki, 1999-cu il tarixli sərəncam əsasında bir çox zavod işçilərinə torpaq sahələrinin ayrılması Xətai Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilsə də, iddiaçı da daxil olmaqla bir sıra zavod işçilərinə isə torpağın ayrılması barədə sənəd təqdim edilməmişdir. Yalnız bundan sonra 2004-cü il tarixli sərəncam qəbul edilmişdir. Halbuki, həmin torpaq sahəsini əldə etmək hüququ 1983-ü il tarixdən zavod işçisi kimi iddiaçının 1999-cü il tarixli sərəncamdan yaranmış, yalnız müraciətdən sonra 2004-cü il tarixdə 1999-cu il tarixli sərəncam icra edilmişdir. Qərardan da göründüyü kimi cavabdeh sərəncamın 2001-ci il yanvar ayının 1-dən sonra verilməsinə istinad etmiş, məhkəmə həmin sərəncamın kökündə duran səlahiyyətli orqanın 1999-cu il tarixli sərəncamının mötəbərliyinə isinad etmiş və qüvvədə olan sərəncam əsasında torpaq sahəsinə iddiaçının adına plan və ölçü verilmişdir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, adıçəkilən torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi üzərində də mülkiyyət hüququ tanınmalıdır. Bu zaman Belə ki, iş materiallarında mövcud olan yerli icra hakimiyyəti orqanının 29.06.2004cü il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, 05.11.2010-cu il tarixli sərəncamından da görünür ki, tikilmiş fərdi yaşayış evi istismara qəbul edilmişdir. İş materiallarında olan fərdi yaşayış evinin layihəsindən də görünür ki, yerli icra hakimiyyəti orqanı tərəfindən layihə təsdiq edilmişdir. Eyni zamanda, cavabdehin 01.12.2021-ci il tarixli məhkəmə icraatı gedişində tərtib etdiyi müayinə aktından da görünür ki, torpaq sahəsi yerləşmə cizgisinə uyğundur, fərdi yaşayış evi layihəyə uyğun tikilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçıya fərdi yaşayış evi üzərində də hüquqlarının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmuşdur. Həmin Qanunun: 8.0-cı, 8.0.9-cu maddələrindən də görünür ki, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı fərdi yaşayış evi üzərində hüququn qeydə alınması üçün əsasdır. Təsdiq edilmiş layihədən də görünür ki, evin hündürlüyü 12 metrdən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu Bakı Avtomobil Zavodunun şimal şərqində yerləşən fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin 127 nömrəli 29.06.2004-cü il tarixli sərəncamı əsasında zavod işçisi kimi İddiaçı ayrılmış 0,03 ha torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov