Məhkəmə qərarları › İş №2-1(112)-9289/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9289/2021

19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9289/2021 19.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “daşınmaz əmlak üzərində hüquqların dövlət qediyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “daşınmaz əmlak üzərində hüquqların dövlət qediyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 2-ci mərtəbəsində 10 saylı qeyri-yaşayış sahəsinin və X7 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 6-cı mərtəbəsində 83, 85, 86, 87 və 91 saylı qeyri-yaşayış sahələrinin üzərindən ipoteka yüklülüyünün götürülməsi və eyni zamanda həmin əmlaklar üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyat apararaq Azərbaycan Respublikası Mərkəzi Bankının adına rəsmiləşdirilməsi, habelə mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.03.2018-ci il tarixli, 2(007)-88/2018 saylı qətnaməsinə görə "xxxx" ASC-nin Mərkəzi Bank qarşısında cəmi 5.611.482,22 manat borcun ödənilməsi üçün X2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 2-ci mərtəbəsində 10 saylı qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın satılması və satışdan əldə olunacaq pul vəsaitləri hesabına borcun Mərkəzi Banka ödənilməsi qərara alınmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.08.2019-cu il tarixli, 2(001)- 116/2019 saylı qətnaməsinə əsasən “Atrabank" ASC-nin Mərkəzi Bank qarşısında 16.12.2009-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 2.310.583,51 manat borcun ödənilməsi üçün tutmanın ipoteka predmetləri olan X7 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 6-cı mərtəbəsində 83, 85, 86, 87 və 91 saylı qeyri-yaşayış sahələrinə yönəldilməsi, həmin daşınmaz əmlakların Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracda satılması və satışdan əldə olunacaq pul vəsaitləri hesabına borcun Mərkəzi Banka ödənilməsi qərara alınmışdır. Qeyd edilən əmlaklar müvafiq olaraq Xətai rayon icra və probasiya şöbəsinin sifarişi əsasında "xxxx" MMC, Binəqədi rayon icra və probasiya şöbəsinin sifarişi üzrə isə "xxxx" MMC tərəfindən keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından Mərkəzi Banka təklif olunmuş və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən Mərkəzi Bank tərəfindən əldə edilmişdir. İpoteka predmetlərinin ipoteka saxlayanın mülkiyyətinə verilməsi hərracın yekunları barədə 29.07.2019-cu və 18.03.2020-ci il tarixli protokollarla təsdiq olunmuşdur. Mərkəzi Bank tərəfindən X3 və X7 məxsus əmlaklar üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyat apararaq həmin əmlakların Mərkəzi Bankın adına rəsmiləşdirilməsi və mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) 13.07.2021-ci il tarixli məktubu ilə Mərkəzi Bankın qeyd edilən müraciətindən imtina etmiş və bununla bağlı bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq məktubu ilə sözügedən əmlakların üzərinə müvəqqəti məhdudiyyət qoyulmuşdur. Belə ki, Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 18.11.2019-cu il tarixli məktubuna əsasən X6, 16.03.2020-ci il tarixli məktubuna əsasən isə X1 mülkiyyətində olan qeyri-yaşayış sahələrinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi məqsədəmüvafiq hesab olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 13 və 48-ci maddələrinə əsasən məhkəmə tərəfindən iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankıa hüquqi yardım göstərilərək, iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştiark edən iddiaçının nümayəndəsi iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ərazi idarələrinin yaradılmasında məqsəd bu vəzifələrin Xidmətdən idarələrə ötürülməsi ilə bağlı deyil, bütün ölkə əhalisinə xidmət göstərən quruma müraciətin əlçatanlılığını təmin etmək, regionlarda yaşayan vətəndaşların mütləq şəkildə Bakıda fəaliyyət göstərən Xidmətə deyil, regional ərazi idarələrinə də müraciət etmək imkanın yaradılması ilə bağlı olmuşdur. Müraciətçi kimi Mərkəzi Bankın müvafiq çıxarışların verilməsi üçün hər iki quruma müraciət etmək hüququ vardır və indiki halda Xidmətə müraciət olunmuşdur. Mərkəzi Bank tərəfindən oxşar məsələlərlə bağlı əvvəllər də Xidmətə müraciət edilmiş və müvafiq çıxarışlar alınmışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən, Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda nəzərdə tutulmuşdur (31.1.4-cü bənd). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 2012ci il 07 dekabr tarixli, 08 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”: 1.1. Elektron xidmətin adı: Daşınmaz əmlaka dair çıxarışların tərtib edilməsi üçün müraciətin və sənədlərin qəbulu; 1.2. Elektron xidmətin məzmunu: bu xidmət qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış müəssisələr tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, daşınmaz əmlak barəsində notariat qaydada bağlanılmış əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciətlərin və sənədlərin qəbul edilməsi, elektron xidmət istifadəçisinə müraciətin qəbulu, işin icra mərhələləri barədə bildirişlərin verilməsi, çıxarışların verilməsindən imtina edildiyi hallarda bu barədə elektron xidmət istifadəçisinin məlumatlandırılması ilə bağlı qaydaları müəyyən edir; 1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri; 1.5. Elektron xidmətin digər icraçıları: yoxdur. Göründüyü kimi, iddiaçı Bakı ərazisində yerləşən daşınmaz əmlak üzərində hüquqların dövlət qediyyatına alınması və çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət etməli olduğu halda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı məhkəməyə müraciət etməklə cavabdeh seçimində səhvə yol vermişdir. Həmçinin qeyd edilməlidir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçının müraciətinin cavablandırılması hazırkı iddia üzrə cavabdeh qismində iştirakına əsas vermir. Bununla belə, məhkəmə izah edir ki, iddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə (hazırkı iş üzrə 1 saylı Bakı Ərazi İdarəsinə) müraciət etməklə, müraciəti təmin olunmadığı halda isə həmin inzibati orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia verilməklə pozulmasını ehtimal etdiyi hüquqlarının müdafiəsini həyata keçirmək hüququ vardır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “daşınmaz əmlak üzərində hüquqların dövlət qediyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar