Məhkəmə qərarları › İş №2-1(112)-929/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-929/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-929/2021 14.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair arayışın (çıxarış) verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon X8 İcraiyyə Komitəsinin 20.09.1991-ci il tarixli, 195 saylı qərarı ilə onun mərhum əri X2 Maştağa Tərəvəzçilik-südçülük sovxozunda yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinin X2 məxsus olması haqqında arayışın (çıxarış) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Abşeron rayon X8 İcraiyyə Komitəsinin 20.09.1991-ci il tarixli, 195 saylı qərarı ilə onun mərhum əri X3 Maştağa Tərəvəzçiliksüdçülük sovxozu ərazisində yaşayış evnin tikintisi üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır. Onun əri həmin torpaq sahəsini daş hasara almış, dəmir darvaza qoymuş və 1 mərtəbəli kürsülü ev tikmişdir. Hal-hazıradək tikdikləri evdə yaşayır, evə bütün kommunal xidmətlərielektrik enerjisi, içməli suyu, təbii qazı, ev telefonu çəkilmişdir. Əri 16.06.2015-ci il tarixdə ölmüşdür. Ərinin ölümündən sonra torpaq sahəsinə və evə o, sahiblik edir. Hal-hazırda o, torpaq sahəsini özəlləşdirmək istəyir, bununla bağlı vərəsəlik işinin açılması ilə bağlı Bakı şəhəri 17 saylı notariat kontoruna müraciət etmiş və orada vərəsəlik işi açılmışdir. Bundan sonra DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsindən mərhum ərinin adına çıxarışın verilməsini xahiş etmiş, lakin DƏDRX-dən ona bildirilmişdir ki, torpaq sahəsinin yerləşmə sxemi və sovxozun əmri təqdim edilməlidir. Həmin sxem onda yoxdur. Arxivə də müraciət etmiş, orada da həmin sxem yoxdur. Həmin sovxoz da çoxdan ləğv olunmuşdur. Sovxozun arxivi Abşeron rayon İcra hakimyyətində yerləşir. Oradan isə ona bildirilmişdir ki, arxivdə torpaq sahəsinin sxemi yoxdur. Yerləşmə sxeminin verilməsi ilə bağlı o, Bakı şəhər İcra hakimiyyətinə, Sabunçu rayon İcra hakimiyyətinə və Abşeron rayon İcra hakimiyyətinə müraciət etmiş, lakin orada torpaq sahəsinin sxemi aşkar edilməmişdir. Sabunçu və Abşeron rayon İcra hakimiyyəti yenidən həmin sxemi çəkib ona verməkdən imtina etmişlər. Belə olan halda o, məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.10.2019-cu il tarixli qərarı ilə torpaq sahəsinin yerləşmə sxeminin çəkilib verilməsi barədə iddia tələbi təmin edilməmiş və qərarda izah edilmişdir ki İcra hakimyyətlərinin torpağa dair yerləşmə sxeminin çəkib verilməsi səlahiyyətləri yoxdur, bu işə Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş DƏDRX-nin Əsasnaməsinin 2.0.1 və 3.0.11-ci maddəsinə əsasən həmin torpaq sahəsinin ölçü sxeminin çəkib vermək cavabdehin vəzifələrinə aid edilmişdir. Ona görə də hesab edir ki, cavabdehin imtinası tam əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin 19.05 2020-ci il tarixli sərəncamı ilə cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı mülahizəsi (etiraz) məhkəməyə daxil olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı mübahisəli torpaq sahəsinin mərhum ərinə məxsus olması haqqında arayışın (çıxarış) verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə mübahisəli torpaq sahəsinin mərhum ərinə məxsus olması haqqında arayışın (çıxarış) verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı 1949-cu ildə Astara rayonu, Şiyəkəran kəndində doğlumuş, Bakı şəhəri, Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük Sovxozunda qeydiyyatdadır. AЗ seriyalı 111112 saylı evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X11 arasında 01.09.1969-cu ildə nikah bağlanmış, nikahdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Sabunçu rayon Qeydiyyat şöbəsi Maştağa qəsəbə bölməsi tərəfindən 20.06.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 745259 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 17.06.2015-ci ildə Bakı şəhərində ölmüşdür. Asan 4 tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan müəyyən edilir ki, İddiaçı 10.03.2006cı ildən Bakı şəhəri, Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük Sovxozunda qeydiyyatdadır və orada başqa şəxslərin qeydiyyatı yoxdur. Abşeron rayon İcra hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən 09.08.2010cu il tarixli F-587 saylı arayışla təqdim edilmiş Abşeron rayon XDS İcraiyyə Komitəsinin “Maştağa Tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə həyətyanı torpaq sahəsi verilməsi haqqında” 20.09.1991-ci il tarixli 195 saylı qərarından “Çıxarış”dan görünür ki, Maştağa Tərəvəzçilik-südçülük sovxozunun, əmək kollektivi şurası və fəhlə həmkarlar komitəsinin 10.09.1991-ci il tarixli 06 saylı birgə qərarı və həmin sovxozun 12.09.1991-ci il tarixli 66 saylı əmri nəzərə alınmaqla X2 0,12 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmış və ona fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 04.11.2020-ci il tarixli H-176 saylı arayışdan müəyyən edilir ki, Abşeron rayon X8 İcraiyyə Komitəsinin 20.09.1991-ci il tarixli 195 saylı qərarında X1 adı vardır. X9-südçülük sovxozunun həmkarlar komitəsinin və əmək kollektivi şurasının sənədləri saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Maştağa Tərəvəzçilik-südçülük sovxozunun 12.09.1991-ci il tarixli 66 saylı əmrində torpaq haqqında məlumat yoxdur. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş **********66 №li 19 mart 2020-ci il tarixli məktubda göstərilmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi və sovxozun əmri təqdim edilməmişdir. Həmçinin sənəd üzrə torpaq sahəsinin 0.12 ha, lakin faktiki olaraq 0.144 ha təşkil etdiyi müəyyən edilmiş və qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27.05.2021-ci il tarixli 10/2060 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin, Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X13nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X13 ləğv edilərək, arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2-1(112)-4471/2020 nömrəli qərardadı ilə mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması məqsədi ilə mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aşağıdakı kimi cavablandırılır: Bildirilir ki, göstərilən torpaq sahəsi X6 Sovxozunun ərazisidir. Mübahisəli torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün qərardadda qoyulmuş digər sualın cavablandırılması mümkün olmamışdır. İddiaçı iddia etdiyi və naturada göstərdiyi faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 1.434 kv. metr təşkil edir. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindn qiymət verilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına; 95 (doxsan beş) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayon X8 İcraiyyə Komitəsinin 20.09.1991-ci il tarixli, 195 saylı qərarı ilə İddiaçı mərhum əri X2 Maştağa Tərəvəzçilik-südçülük sovxozunda yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə X2 məxsus olması haqqında arayışın (çıxarış) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE**********00********); 95 (doxsan beş) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (VÖEN: ********** Hesab AZ23AİİB********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar