Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-929/2023 23.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “Nağıl Kooperativinin dövlət qeydiyyatına alınması, çıxarışın, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nağıl Kooperativinin dövlət qeydiyyatına alınması, çıxarışın, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X6 1987-ci ildə “Nağıl” Kooperativi yaradaraq onu qanuna müvafiq qaydada dövlət qeydiyyatdan keçirərək, 26 Bakı Komissarları adına Rayon İcra Hakimiyyəti tərəfindən kooperativin Nizamnaməsi 12/948 nömrəli, xx.xx.1987-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuşdur. Kooperativ o dövrdən fəaliyyətə başlamış və hətta Nizamnaməsinə dəyişiklik qəbul olunaraq dövlət qeydiyyatına alınmışdır. Daha sonra Respublikamız 1991-ci ildə müstəqillik qazandıqdan sonra da Kooperativ fəaliyyət göstərmişdir. Lakin indilərdə məlum olub ki, müvafiq icra hakimiyyəti orqanı sovet dövrü ərzində qeydə alınmış “Nağıl” Kooperativinin təsis sənədlərini AR Ədliyyə Nazirliyinə təhvil verməmişdir. Məhz bu səbəbdən də, kommersiya hüquqi şəxslərin sonrakı dövlət qeydiyyatı AR Vergilər Nazirliyində aparılmamışdır. Lakin qeyd etmək istəyirəm ki, Kooperativ o dövrdə fəaliyyət göstərib, hətta fəaliyyət göstərdiyi daşınmaz obyekt üzrə müvafiq icarə müqaviləsi Dövlət Əmlak Komitəsi ilə bağlamış və daha sonra AR Prezidentinin Sərəncamı sasında 1998-ci ildə həmin daşınmaz əmlak qanuna müvafiq qaydada özəlləşdirilmişdir. Bu günə qədər də, həmin əmlak, yəni Bakı şəhəri, Səbail rayonu, Yaqubov küçəsi, 8 saylı, 1 mərtəbəli binada yerləşən 73 kv.m ibarət olan qeyri-yaşayış sahəsi “Nağıl” Kooperativinin mülkiyyətindədir. Ancaq buna baxmayaraq, Kooperativ qanuna müvafiq qaydada bu günə qədər dövlət qeydiyyatına alınmayıb. İddiaçı qeyd edir ki, atası - X6 1995-ci ildə vəfat etmişdir. Vəfat etdikdən sonra anası direktor səlahiyyətlərini icra edərək Kooperativi idarə etmişdir. Məhz faktiki fəaliyyət nəticəsində də, istifadəsində olan daşınmaz əmlak qanuna müvafıq qaydada özəlləşdirilmişdir. Atasının vəfatı ilə vərəsəlik işi Bakı şəhəri 2 saylı Notariat Kontorunda açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra 2020-ci ildə anası X2 vəfat etmişdir. Bununla əlaqədar olaraq iddiaçı Bakı şəhəri 46 saylı Notariat Ofisinə vərəsəlik işinin açılması ilə əlaqədar müraciət etmişdir. Nəticədə, anasının adında olan əmlak üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin Kooperativlə bağlı hüquqlar keçməmiş, buna səbəb isə onun hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatının olmaması kimi göstərilmişdir. Bununla əlaqədar olaraq iddiaçı mümkün olaraq bütün dövlət orqanlarına müraciət etmişdir. Lakin məlum oldu ki, 1991-ci ildən sonra hüquqi şəxslərin təkrar qeydiyyatı aparıldıqda, həmin Kooperativ buna cavabdehlik daşıyan müvafiq icra hakimiyyəti orqanları tərəfindən siyahıya alınmamış və nəticədə, bu günə qədər də onun dövlət qeydiyyatı yoxdur. Bu səbəbdən də onun vərəsəlik hüququ pozulur. Bu da yolverilməzdir. Yaranmış vəzityyətlə əlaqədar iddiaçının nümayəndəsi və vəkili “Nağıl” Kooperativin dövlət qeydiyyatına alınması ilə əlaqədar ilk dəfə 2021-ci ilin oktyabr ayında ərizə ilə müraciət etmişdir. Ərizədə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” AR Qanununun müvafiq maddələrini rəhbər tutaraq xahiş etmişdir ki, “Nağıl” Kooperativin qanuna müvafiq qaydada təkrar dövlət qeydiyyatına alınsın. Lakin xx.xx.2021-ci il tarixli **********495900 nömrəli cavab məktubu ilə Kooperativin dövlət qeydiyyatına alınması üçün Nizamnamə, hüquqi şəxsin təsis edilməsi, idarəetmə orqanlarının formalaşdırılması barədə təsisçinin qərarı, nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd və sairə sənədlərin təqdim edilməsi tələb edilmişdir. Cavab məktubundan narazı qaldığına görə, Kooperativin o dövrdəki qeydiyyatla bağlı olan sənədləri, əvvəlki vərəsəlik işinin və Bakı şəhəri 46 saylı Notariat Ofisinin cavab məktubunu tərkar ərizə əlavə edərək yenidən cavabdehə müraciət etmişdir. Təkrar müraciətdə təqdim etdiyi sənədləri, göstərilənləri nəzərə alaraq və “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” AR Qanununun müvafiq maddələrini rəhbər tutaraq “Nağıl” Kooperativin qanuna müvafiq qaydada təkrar dövlət qeydiyyatına alınmasını cavabdehdən xahiş etmişdir. Lakin həmin müraciət ümumiyyətlə cavabsız qalmışdır. Bu ərəfədə cavabdehin əməkdaşları ilə əlaqə saxlamıç və şifahi olaraq ona tövsiyyə görülmüşdür ki, dövlət qeydiyyatı üçün tələb olunan blank ərizəni dolduraraq və onda olan bütün sənədlərin əsli, rus dilində olan sənədlərin isə tərcümə və notariat qaydada təsdiq etdirərək (və ya notariat qaydada təsdiq olunmuş sənədlərin surəti ilə) onlarla birgə təkrar müraciət etməsi tövsiyyə görülmüşdür. O da bu tövsiyyəni qəbul edərək, belə də etdi. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********28000 nömrəli cavab məktubu ilə faktiki olaraq imtina etmişdir. Buna əsas kimi, isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 20-ci maddəsinə (20.3. «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» 1996-cı il 6 fevral tarixli. 17-İO saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər) əsas kimi gətirilmişdir. Daha sonra həmin Qanunun 20.4-cü maddəsinə (Bu Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər) istinad olunmuşdur. Həmçinin Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə istinad olunaraq, vergi ödəyəcisinin VÖEN almaq vəzifəsi vardır məktubda bildirilmişdir. Yekunda isə bildirilmişdir ki, “yuxarıda qeyd olunan tarixdən əvvəl dövlət qeydiyyatına alman "Nağıl” Kooperativi vergi ödəyəcisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməlidir”. İddiaçı hesab edir ki, cavabdeh ona atasından miras qalmış və vaxtılə dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınmasında köməklik etməkdən əvəzinə, ona əsassız olaraq imtina vermişdir. Əgər, cavabdehin dediyi kimi, SSRİ dövründə qeydə alınmış və xx.xx.1991-ci ildən sonra da yəni Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra da fəaliyyətini davam etdirən “Nağıl” Kooperativi ümumi əsaslarla təsis etdirsə, onda o zaman, həm atasından, anasından ona çatası olan miras kimi qəbul olunmayacaq və Kooperativin mülkiyyətində olan əmlak da ona vərəsəliklə çatmayacaqdır. Faktiki olan və hazırda dövlət qeydiyyatında olmayan hüquqi şəxs dövlət qeydiyyatına alınmalı və Respublikamızın digər kommersiya hüquqi şəxsləri kimi müvafiq reyestrdə öz yerini almalıdır. Hesab edir ki, iddia tələbi qanunidir və ona görə də Məhkəmə tərəfindən təmin olunmalıdır.
3. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavabdeh orqan tərəfindən bildirilmişdir ki, ərizəyə "26 Bakı komissarları rayonun icra komitəsinin 12/948 saylı, xx.xx.1987-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Nağıl" Kooperativinin nizamnaməsi, müəssisənin nizamnaməsinə edilmiş əlavələrin qeydə alınması barədə "26 Bakı komissarları adına rayon şurasının icra komitəsi”nin xx.xx.1989-cu il tarixli qərarının tərcümə təsdiq olunmuş surəti, həmçinin, Kooperativin üzvü olmaları iddia edilən X4 və X1 ölüm haqqında şəhadətnamələri və vərəsəlik işi, eləcə də İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnaməsi əlavə olunmuşdur. Lakin Kooperativinin nizamnaməsində onun üzvləri barədə məlumat əks etdirilməmişdir. Belə ki, şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20-ci maddəsinə əsasən, "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Bundan başqa Qanunun 14-cü maddəsinə əsasən, qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar, həmçinin qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. Bildirilir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10- cu maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. 1 yanvar 2001-ci il tarixindən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən, vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicısınə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Yuxarıda qeyd olunan tarixdən əvvəl dövlət qeydiyyatına alınan "Nağıl" Kooperativi vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməlidir.
4. İddiaçının “Nağıl” Kooperativinin dövlət qeydiyyatına alınması barədə xx.xx.2021-ci il tarixli təkrar daxil olmuş müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən bildirilmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qanunun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən Kommersiya qurumları üçün qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Göstərilənləri nəzərə alaraq bildirilir ki, Kooperativin dövlət qeydiyyatına alınması üçün Nizamnamə (1 nüsxə), hüquqi şəxsin təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərar (təsis sənədləri bütün təsisçilər (və ya onla səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır), təsisçi fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədin surəti, rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti, nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd İdarəyə təqdim olunmalıdır.
5. İddiaçının “Nağıl” Kooperativinin dövlət qeydiyyatına alınması barədə xx.xx.2021-ci il tarixli daxil olmuş müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədi ilə yaradılır. Həmçinin Məcəllənin 109-1.1 maddəsinə əsasən kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır. Məcəllənin 109.2 -ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ olan fiziki və (və ya) hüquqi şəxsdir. Eyni zamanda bildirilir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) uyğun olaraq həyata keçirilir. Bundan başqa Qanunun 20.3-cü maddəsinə əsasən "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidi. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Qanunun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanınına ərizə ilə müraciət edilməlidir. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən Kommersiya qurumları uçun qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasın müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Göstərilənləri nəzərə alaraq bildirilir ki, Kooperativin dövlət qeydiyyatına alınması üçün Nizamnamə (1 nüsxə), hüquqi şəxsin təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərar (təsis sənədləri bütün təsisçilər (və onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır), təsisçi fiziki şəxslər şəxsiyyətini təsdiq edən sənədin surəti, rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti və nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd idarəyə təqdim olunmalıdır.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi bildirdi ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından “Nağıl” kooperativinə aid protokolları və qərarları əldə etmişdir və həmin sənədlərdə iddiaçının atası kooperativin təsisçisi kimi göstərilmişdir. İddiaçının nümayəndəsi və vəkili həmin sənədləri əlavə etməklə inzibati orqana təkrar müraciət etməsi üçün əlavə vaxt verilməsini xahiş etdi. Növbəti məhkəmə iclaslarında iddiaçı (nümayəndəsi və vəkili) iştirak etmir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verdi.
II. İddianın mümkünlüyü
8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
11. Məhkəmə qeyd edir ki, hüquqi müdafiə vasitəsi hər halda məhkəmə müdafiəsi deyildir. Aidiyyəti inzibati orqana lazımi qaydada təqdim edilmiş müraciət şəxsin hüququn təmin edilməsinə xidmət etdiyi təqdirdə səmərəli hüquq müdafiə vasitəsi hesab edilə bilər.
12. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən inzibati orqana “Nağıl” Kooperativinin üzvü olmaları iddia edilən X4 və X1 “Nağıl” Kooperativinin təsisçiliyini təsdiq edən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından əldə etdiyi sənədlərin (protokolların, qərarların) əsllərini Azərbaycan dilinə tərcümə olunmaqla təqdim etməmişdir. İş məhkəmənin icraatında olduğu müddətdə iddiaçıya həmin sənədləri cavabdeh quruma təqdim etmək üçün şərait yaradılmasına və bu məqsədlə məhkəmə iclasının bir neçə dəfə təxirə salınmasına baxmayaraq cavabdeh quruma bununla bağlı müraciət olunmamışdır.
13. Odur ki məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağına uyğun olan səmərəli hüquqi müdafiə vasitəsi “Nağıl” kooperativinə dair Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından əldə etdiyi sənədlərin (protokolların, qərarların) inzibati orqana təqdim edilməsidir.
14. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva