Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9290/2025 26.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Yeryeviçin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Yeryeviç cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında balanmış xx.xx.1999-cu il tarixli, 22216 saylı “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən istifadəsinə verilmiş Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6596 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 6596 saylı bağ sahəsi Bakı şəhəri, İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 09 mart 1999-cu il tarixli 22216 saylı «bağın icarəyə verilməsi haqqında» müqaviləyə əsasən iddiaçının istifadəsinə verilmiş və həmin bağ sahəsi həmin tarixdən iddiaçının qanuni istifadəsində olmuşdur. Həmin bağ sahəsi ona müharibə veteranı olduğuna görə verilmişdir. Bağ sahəsində iddiaçı ev tikməsə də, iddiaçının istifadəsinə verildiyi andan bu vaxta qədər bağdan istifadə etmiş, lakin həmin bağ sahəsini xüsusi mülkiyyət hüququ ilə qeydə aldırmamışdır. İddiaçı qeyd edilmiş bağ sahəsinin dövlət reyestrində qeydə aldırmaq üçün Dövlət Reyestrindən Çıxarışın verilməsinə dair ərizə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh ona ünvanlanmış məktubla müraciətindən imtina etmiş, imtinanın əsası kimi idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı şərti göstərilən ümumi ərazinin icarə müqaviləsi əsasında digər hüquqi şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı və istifadəsində olmadığının məlum olduğunu göstərmişdir. Qeyd edilən bağ sahəsi iddiaçı ilə Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış 09 mart 1999-cu il tarixli 22216 saylı «bağın icarəyə verilməsi haqqında» müqaviləyə əsasən iddiaçının istifadəsinə verildikdən sonra, həmin bağ sahəsi iddiaçının istifadəsində olmuş, həmin bağ sahəsinə dair əvvəllər icarə haqqı mütəmadi ödənilmiş, sonradan Bağlar Təsərrüfatı İdarəsi ləğv edildikdən sonra isə topraq vergisi ödənilmiş, bu vaxta qədər bağ sahəsinin kiminsə mülkiyyətinə verilməsi barədə ona məlumat verilməmişdir. Yəni iddiaçı qeyd edilmiş bağ sahəsindən qanuni surətdə istifadə etmiş, həmin bağ sahəsini xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə aldırmaq hüququ yaranmışdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı şərti göstərilən ümumi ərazi icarə müqaviləsi əsasında digər hüquqi şəxsin (Nardaran İnvest MMC) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı və iddiaçının istifadəsində olmadığı məlum olmuşdur. Bundan başqa, idarənin arxiv qovluğunda şərti göstərilən torpaq sahəsinə dair cizgi aşkar olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək mahiyyəti üzrə baxılmasını və təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan Bağın İcarəyə verilməsi haqqında 22216 nömrəli, xx.xx.1999-cu il tarixli müqavilədən görünür ki, Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Bakı şəhər İcra hakimiyyətini bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1999-cu il tarixli 122 nömrəli sərəncamı əsasında Ləhiş qəsəbəsində 0.12 hektarlıq sahəsi olan 6596 saylı bağ sahəsini icarə üçün “icarədar” olan X2 vermiş və “icarədar” həmin bağ sahəsini təhvil almışdır. İddiaçı hazırda bu müqaviləyə istinad edərək, 6596 saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Lakin işdə olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, yerli baxış zamanı vətəndaş ona aid 6596 saylı bağ sahəsinin Sea Breeze MMC-nin ərazisində yerləşdiyini bildirmiş və həmin sahəyə daxil ola bilməyəcəyini dedi. X4 MMC tərəfindən tikinti işləri aparılır. (Sahədə vətəndaş tərəfindən mərzçəkmə, hasarlanma işləri aparılmamışdır. Sahəni dəqiq göstərə bilməmişdir). Vətəndaş tərəfindən ümumi ərazisinin çölündən uzaqdan bildirilən sahənin mərkəz koordinatı X 411295 Y 4493191. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********76 nömrəli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı şərti göstərilən ümumi ərazi icarə müqaviləsi əsasında digər hüquqi şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı və istifadəsində olmadığı məlum olmuşdur. Bundan başqa, idarənin arxiv qovluğunda şərti göstərilən torpaq sahəsinə dair yerləşmə cizgisi aşkar olunmamışdır. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-19063/2025 nömrəli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi **********06 reyestr nömrəsi ilə "Nardaran İnvest” MMC-nin istifadəsində olan sahə daxilində yerləşir. Bundan əlavə, İdarənin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçı sahənin dəqiq yerini göstərə bilmədiyi üçün sahənin koordinatlarını təyin edilməsi və ölçü işlərinin aparılması mümkün olmamışdır. Şərti olaraq göstərilən sahə vahid elektron kadastr baza məlumatlarına əsasən **********30 reyestr ilə Nardaran İnvest MMC-nin mülkiyyətindədir. İşdə olan hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 8879 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Bundan sonra “İcarəyəverən” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir tərəfdən və bundan sonra “icarəçi” adlandırılacaq "xxxx" MMC, digər tərəfdən müqavilə bağlamışlar ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 128 nömrəli sərəncamı əsasında icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi ünvanında yerləşən 1198086.5 kv.m torpaq sahəsin icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, 8879 nömrəli xx.xx.2024-cü il tarixli Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, şimal hissəsi ünvanında yerləşən **********06 qeyestr nömrəli torpaq sahəsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququ qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Qeyd olunan maddi hüququ normalarını və işin sadalanan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, işdən müəyyən olunur ki, iddiaçının naturda göstərdiyi və ona ayrılmış 6596 saylı bağ sahəsi olduğunu iddia etdiyi torpaq sahəsi icarə hüququ əsasında artıq digər şəxsin adına qeydə alınmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının çatmaq istədiyi məqsədə nail olması üçün düzgün hüquqi müdafiə vasitəsi hazırkı iddia deyil, "xxxx" MMC-nin mübahisəli torpaq sahəsinə icarə hüququna dair aparılmış qeydin aparılmasına əsas olan hüquqmüəyyənedici sənədin mübahisələndirilməsidir. İddiaçı yalnız bundan sonra həmin sənədə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılan qeydin ləğvi ilə bağlı qeydi aparmış orqana müraciət edə, imtina cavabı aldıqda isə həmin imtinanı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Həmin qeydin ləğvinə nail olduqdan sonra isə hazırkı iddianı qaldırmaq hüququ mövcuddur. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələblərə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-9290/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9290/2025
26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver