Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9294/2022 18.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayon Sabunçu Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında mülkiyyətində olan fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinin “alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılması haqqında” 26 noyabr 2002-ci il tarixli 149 №-li sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən faktiki sahəsi 589 kv. metr olan torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu Bələdiyyəsinin 26 noyabr 2002-ci il tarixli, 149 saylı “alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılması haqqında” sərəncamına və “Torpaqların alqı-satqısına dair” akta uyğun olaraq Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində (indiki Gültəkin Əsgərova küçəsi) 0,06 ha torpaq sahəsi alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin alqısatqısı üçün Sabunçu Bələdiyyəsinin hesabına 81600000 (səksən bir milyon altı yüz min) manat haqq ödəmişdir. Torpaq sahəsinin yerləşmə sxemi Sabunçu Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Mülkiyyətində olan Sabunçu qəsəbəsi, Gültəkin Əsgərova küçəsi, (keçmiş Anaşkin) 1-ci döngədə yerləşən torpaq sahəsində fərdi yaşayış evinin inşası üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq fərdi yaşayış evinin eskiz layihəsini razılaşdırmaq üçün Sabunçu rayon icra Hakimiyyətinə təqdim etmişdir. Sabunçu rayon icra Hakimiyyətinin 27 noyabr 2020- ci il tarixli, Ə-63-151 saylı məktubu ilə fərdi yaşayış evinin eskiz layihəsi razılaşdırılmışdır. O, fərdi yaşayış evini təsdiq olunmuş layihəyə uyğun olaraq inşa etdirmişdir. Tikinti işləri başa çatdıqdan sonra fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün qanunvericiliyə uyğun olaraq sənədləri xx.xx.2022-ci il tarixdə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmiş, lakin adıçəkilən İdarənin xx.xx.2022-ci il tarixli, **********57 №li məktubu ilə torpaq sahəsinin yerləşmə sxemi ilə faktiki sahə arasında uyğunsuzluq olması və mansard inşa edilməməsi əsas gətirilərək fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina olunmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayon Sabunçu Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, məhkəmənin həmin tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehə və üçüncü şəxsə iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuşdur. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş cavabdeh inzibati orqanın iddia ilə bağlı **********08 №-li xx.xx.2022-ci il tarixli yazılı münasibətində (etiraz) göstərilmişdir ki, iddiaçi İddiaçı müvafiq tələblə ********** daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçi tərəfindən təqdim edilmiş yerləşmə cizgisində qeyd olunan konfiqurasiya və perimetrik ölçülər ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmçinin torpaq sahəsinə dair təqdim edilmiş alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, təqdim etdiyi layihədə nəzərdə tutulmuş mansard inşa edilməmiş, habelə 1-ci mərtəbədə rekonstruksiya işləri aparılmışdır. Təqdim edilmiş sənədlərdə torpaq sahəsi 600.0 kv. metr qeyd olunsa da faktiki 589 kv. metr təşkil edir. Bu səbəbdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli **********57 №li cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında iddianı qəbul etmədiyini bildirərək və məhkəməyə təqdim olunmuş yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur. Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinin “alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2002-ci il tarixli 149 №-li Sərəncamından görünür ki, qeyd olunan sərəncamla Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 1/264 saylı məktubu və bələdiyyənin xx.xx.2002-ci il tarixli 13 saylı iclası nəzərər alınaraq, Bakı şəhəri Sabunçu rayonu, Anaşkin küçəsində 0,06 ha torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Sabunçu rayonu Sabunçu Bələdiyyəsi ilə İddiaçı arasında imzalanmış “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, İddiaçı tərəfindən Sabunçu qəsəbə Bələdiyyəsinə 04 noyabr 2002-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Sabunçu qəsəbəsi Anaşkin küçəsi bələdiyyə ərazisində 0,06 ha torpaq sahəsi satılması barədə 2002-ci il 25 noyabr tarixli 13 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Sabunçu qəsəbə Bələdiyyəsinin bank hesabına 81.600.000 manat haqq ödəmişdir. Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən tərtib olunmuş sxemdən görünür ki, həmin sxem Sabunçu rayonu Sabunçu qəsəbəsi Anaşkin küçəsində vətəndaş İddiaçı mülkiyyətinə verilən torpaq sahəsinə dair tərtib olunmuşdur. “Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında” şəhadətnamədən (surəti) görünür ki, 18091xxxxxxx №-li YVÖK - Nuriyev X5 rayonu Sabunçu Bələdiyyəsi tərəfindən ünvan 2 ünvanında tikinti altı sahəsi (2 + mansart mərtəbəli fərdi yaşayış evi) 520 kv. metr təşkil edən 600 kv. metr torpaq sahəsinə görə xx.xx.2018-ci il tarixdən 45 qeydiyyat nömrəsi ilə vergi ödəyicisi kimi uçota alınmışdır. Sifarişçi İddiaçı sifarişi əsasında “AR” Architect-Designer (Anar Rəsulov) tərəfindən (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən İNİL-1146/2017 saylı, 21 dekabr 2017-ci il tarixli lisenziya ilə X3 tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsinə icazə verilmişdir) tərtib olunmuş Bakı şəhəri, ünvan 3 ünvanında tikilən fərdi yaşayış evinin “Memarlıq planlaşdırılmasının eskiz həlli”ndən görünür ki, həmin layihə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış Ə-63- 151 №-li, xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 3də yerləşən istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı təqdim etdiyi layihəyə Sabunçu Rayon İcra Hakimiyyətində baxılaraq razılaşdırılmışdır. Tikintinin aparılması üçün aşağıdakı şərtlərin vacibliyi qeyd olunmuşdur: - Tikinti işlərinin razılşadırılmış layihəyə uyğun aparılması - Tikinti işləri aparılarkən mövcud normalara uyğun olaraq təhlükəsizlik və sanitar qaydalara riayət edilməsi. İddiaçı hazırkı tələblə bağlı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********57 №li xx.xx.2022-ci il tarixli cavab məktubu ilə müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində qeyd olunan konfiqurasiya və perimetrik ölçülər ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmçinin torpaq sahəsinə dair təqdim edilmiş alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, təqdim etdiyi layihədə nəzərdə tutulmuş mansard inşa edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. - 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən: - 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. - 80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. - 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. - 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. - 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. - 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı faktiki istifadəsində olmuş və sonradan bələdiyyə qərarı ilə ona ayrılmış torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq olaraq, layihəsini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla yeni inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən Qanunun 10.2.1 -ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. İş materiallarından görünür ki, iddiaçı fərdi yaşayış evi üzərində mövcud mülkiyyət hüququnu təsdiq edən sənədləri, o cümlədən bələdiyyə tərəfindən verilmiş sərəncamı və icra hakimiyyəti tərəfindən təsdiq olunmuş eskiz layihəni daşınmaz əmlakın “fərdi yaşayış evi” kimi qeydiyyata alınması məqsədilə cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İddiaçı hazırki işdə daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi qeydiyyatının aparılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər (sərəncam, layihə və s.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək və inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinin “alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılması haqqında” 26 noyabr 2002-ci il tarixli 149 №-li sərəncamı ilə İddiaçı ayrılmış, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində (hazırda Gültəkin Əsgərova küçəsi, 1-ci döngə) yerləşən faktiki sahəsi 589 kv. metr olan torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla iddiaçının adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinin “alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılması haqqında” 26 noyabr 2002-ci il tarixli 149 №-li sərəncamı ilə İddiaçı ayrılmış, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində (hazırda Gültəkin Əsgərova küçəsi, 1-ci döngə) yerləşən faktiki sahəsi 589 kv. metr olan torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla İddiaçı adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-9294/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9294/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver