Məhkəmə qərarları › İş №2-1(112)-9294/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9294/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9294/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə “nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 09 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən XTA **********1357 ban nömrəli, “VAZ 21124” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı, ******* mühərrik nömrəli, qrafitivıy rəngli, 2007-ci il buraxılışlı nəqliyyat vasitəsi (bundan sonra – nəqliyyat vasitəsi) xx.xx.2018-ci il tarixli Şəhadətnaməyə əsasən İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir. İddiaçı nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtina məktubunda bildirmişdir ki, “...Qeyd olunan nəqliyyat vasitəsi Rusiya Federasiyasının Moskva şəhərində oğurlandığı üçün “İNTERPOL” tərəfindən axtarışda olması müəyyən edilməsi və ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X1 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər”. İddia tələbi, iddianın əsaslandırılması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması və təkrar qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Turbo.az saytında gördüyü avtomobili Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində yeni dövlət qeydiyyat nişanı almaqla öz adına qeydiyyata aldırmışdır. Sonra avtomobili satmaq qərarına gəlmiş, xx.xx.2020-ci ildə avtomobili təkrar qeydiyyat üçün baxışa təqdim etmişdir. Orada avtomobilə baxış keçirilən zamanı avtomobilin ban nömrəsinin kustar üsulla vurulması, yəni döymə olması müəyyən edilməsi deyilib və həmin günü avtomobili duracağa yerləşdirərək Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırılması üçün müraciət etmişdir. Araşdırma zamanı avtomobil dövlətlərarası axtarışda olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İNTERPOL-un Milli Mərkəzi Bürosunun 18 iyun 2020-ci il tarixli 021-7526-1220 nömrəli məktubunda nəqliyyat vasitəsinin xx.xx.2009-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində oğurlanması və xx.xx.2009-cu il tarixdə “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınması göstərilmişdir. Avtomobil ilk dəfə 21 dekabr 2009-cu il tarixdə BDYP tərəfindən 330457 ANGİ gömrük vəsiqəsi əsasında qeydiyyata alınaraq **-GZ-*** dövlət qeydiyyat nişanları təhkim olunmuş və AB №344276 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Bundan sonra xx.xx.2010-cu il tarixdə aqreqat hissələri ilə bağlı olaraq təkrar qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixdə təkrar qeydiyyata alınmış və avtomobilə **-BK-*** dövlət qeydiyyat nişanı təhkim olunmaqla AB № 868280 nömrəli qeydiyyat şəhadətnamə verilmişdir. xx.xx.2016-cı il tarixdə təkrar qeydiyyata alınmış və avtomobilə **-BS-*** dövlət qeydiyyat nişanları təhkim olunmaqla AC №754928 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. xx.xx.2018-ci il tarixdə təkrar qeydiyyata alınmış və avtomobilə **-MP-*** dövlət qeydiyyat nişanları təhkim olunmaqla AD №143419 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobilin qeydiyyatlarının aparılması zamanı ban nömrəsində rəqəmlərin dəyişdirilməsi halı müəyyən edilməmişdir. Ona görə də, cavabdehin imtinası əsassızdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi iddiaçının inzibati orqana müraciəti, cavabdehin imtinasına uyğun olduğundan məhkəmənin 9.06.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya münasibət məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırkı mübahisə İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən avtomobil üzərində müvafiq qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı avtomobili özgəninkiləşdirmək üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, nəqliyyat vasitəsi Rusiya Federasiyasının Moskva şəhərində oğurlandığı üçün “İNTERPOL” tərəfindən axtarışda olması müəyyən edilməsi və ban nömrəsinin qeyrizavod üsulu ilə vurulması səbəbindən həmin nəqliyyat vasitəsinə dair DİN Baş X1 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin “Cinayət işinin başlanmasının rədd dilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarından müəyyən edilir ki, İddiaçı əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, nəqliyyat vasitəsi mülkiyyətiçisi olan İddiaçı qaytarılması və avtomobilin ölkədən çıxarılması, həmçinin qeydiyyat hərəkətlərinin aparılması üçün mülki qaydada məhkəmə orqanına müraciət etmək hüququ izah edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “İNTERPOL”un Milli Mərkəzi Bürosundan daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən avtomobilin beynəlxalq axtarışda olması barədə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin: İ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. 1.5-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin XİV hissəsinə əsasən, təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Baxılan işdən müəyyən edilir ki, mübahisəli nəqliyyat vasitəsi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin avtomobillə bağlı qeydiyyat hərəkətlərini aparılması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə həmin nəqliyyat vasitəsinin Rusiya Federasiyasında oğlurlanmasını əsas gətirərək qeydiyyat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Lakin məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş məktubdan nəqliyyat vasitəsinin beynəlxalq axtarışda olması barədə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat olmadığı göstərilmişdir. Bundan başqa cavabdehin göstərdiyi digər imtina əsası, yəni ban nömrəsinin qeyrizavod üsulu ilə vurulması da, öz təsdiqini tapmır. Belə ki, yuxaırda qeyd edilən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda bu məsələyə də qiymət verilərək göstərilmişdir ki, avtomobilin qeydiyyatı zamanı (avtomobillə bağlı bir neçə dəfə qeydiyyat orqanında qeydiyyat hərəkətləri aparılmışdır) ban nömrəsinin rəqəmlərinin dəyişdirilməsi müəyyən edilmir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının adına qeydə alınmış nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasına əsassız olaraq məhdudiyyət qoyulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi hal, yəni avtomobilin oğurlanması faktı cinayət əməli olmaqla yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilə bilər. Lakin işə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin “Cinayət işinin başlanmasının rədd dilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilir ki, qeyd edilən edilən fakt üzrə iddiaçının əməlində hər hansı cinayət tərkibinin olması təsdiq edilməmiş və cinayət işinin başlanmasından imtina edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı nəqliyyat vasitəsinin beynəlxalq axtarışda olması faktı da öz təsdiqini tapmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. “VAZ-21124” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı, Hetçbek tipli, ******* nühərrik nömrəli, XTA **********1357 ban nömrəli, qrafitivıy rəngli, 2007-ci il buraxılışlı nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar