Məhkəmə qərarları › İş №2-1(112)-9296/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9296/2022

12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9296/2022 12.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçılar İddiaçı və X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X2 iştirakları ilə, iddiaçılar İddiaçı və X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş olunması” vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı və X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən, istifadələrində olan qeyri-yaşayış binasına aid 0,068060 ha torpaq sahəsində inşa edilən əlavə tikililərin mövcud vəziyyətdə adlarına dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar İddiaçı və X5 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (hazırda DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanında (0,068060 ha torpaq sahəsində inşa edilmiş) yerləşən daşınmaz əmlaka (qeyri-yaşayış binası) dair Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı və ½ hissədə X1 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********09-06301) dair aparılmış qeyddə dəyişiklik edilərək, daşınmaz əmlakın (qeyri-yaşayış binası) ümumi sahəsinin 680,9 kv. metr qeyd olunmaqla, buna uyğun xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 (yarımçıq tikili) 0,068060 ha torpaq sahəsində yerləşən 0,0010 kv. metr qeyri-yaşayış binası onların hər birinin ½ hissədə olmaqla paylı mülkiyyətlərindədir. Mülkiyyətlərində olan yarımçıq tikilini inşa edib başa çatdırmışlar və qanuni istifadələrində olan və texniki pasportda göstərilən 0,068060 ha torpaq sahəsində həmin tikiliyə bitişik əlavə qeyri-yaşayış binası tikilmişdir. Hal-hazırda onlar əlavə tikililərə yeni çıxarış almaq istəyirlər. Bununla bağlı cavabdeh İdarəyə ərizə ilə müraciət etmişlər. Lakin cavabdeh əsassız olaraq onlara müraciətlərindən imtina etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Ona görə də onlar məhkəməyə müraciət etməyi qərara almışlar. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 03 iyun 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş **********21 №li xx.xx.2022-ci il tarixli etirazda göstərilmişdir ki, iddia etirazla qarşılanır. Belə ki, İddiaçı müvafiq tələblə ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etsə də, X5 müvafiq tələblə bağlı İdarəyə müraciət etməmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, qeyd olunan tikiliyə bitişik tikinaltı sahəsi 217,5 kv. metr olan əlavə qeyri-yaşayış binası tikilmişdir. Həmçinin torpaq sahəsi üzərində əlavə olaraq tikintialtı sahəsi 118,4 kv. metr olan xidmət binası inşa olumuşdur. Əlavə inşa olumuş sahələrə və yerləşdiyi torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən İdarə tərəfindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli **********51 №li cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın X3 münasibətdə mümkünsüz sayılması, digər hissədə isə təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçılar İddiaçı və X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın hər iki iddiaçıya münasibətdə mümkün hesab olunmaqla, tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın X3 münasibətdə mümkünsüz sayılması, digər hissədə isə təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia hər iki iddiaçıya münasibətdə mümkün hesab olunmaqla, əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən DƏK-nin xx.xx.1998-ci il tarixli 91102 saylı şəhadətnaməsi əsasında 26 oktyabr 1999-cu il tarixdə X4 adına Bakı şəhəri, Rəsulzadə qəsəbəsi ünvanında yerləşən qeyriyaşayış binasına dair tərtib olunmuş texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, tikinti altı sahə 680,6 kv metrdir, bina 1998-ci ildə mişar daşı ilə inşa olunmuş, iki mərtəbəlidir, “A” (kafe, şadlıq evi) və “B” (ofis) tikililərindən ibarət olmaqla ümumi sahəsi 680,6 kv. metr təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 (yarımçıq tikili) ünvanında, 0,068060 ha torpaq sahəsində (torpaq sahəsinin mülkiyyət növü-Dövlət; torpaq sahəsi üzərində hüququn növü – istifadə) yerləşən 0,0010 kv. metrdən ibarət qeyri-yaşayış binası Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı və ½ hissədə X1 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********09-06301) 9 nömrəli reyestr kitabının 831 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçıların (İddiaçı) hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********51 №li xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, öncədən qeydiyyatdan keçmiş qeyriyaşayış binasının (yarımçıq tikili) faktiki olaraq inşası başa çatmışdır və tikiliyə bitişik tikintialtı sahəsi 217,5 kv. metr olan əlavə qeyri-yaşayış binası tikilmişdir. Həmçinin torpaq sahəsi üzərində əlavə olaraq tikinaltı sahəsi 118,4 kv. metr olan xidmət binası inşa olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********94 №li məktubu ilə məhkəməyə təqdim olunmuş: - X7 (satıcı) ilə İddiaçı (alıcı) və X5 (alıcı) arasında xx.xx.2021-ci il tarixdə notarial qaydada bağlanmış müqavilənin surətindən görünür ki, həmin müqavilə ünvan 1 (yarımçıq tikili) ünvanında yerləşən, ümumi sahəsi 1E-05 kv/m. olan qeyri-yaşayış binasının alqısatqısına dair bağlanmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş 397028 №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 (yarımçıq tikili) ünvanında, 0,0681 ha torpaq sahəsində (torpaq sahəsinin mülkiyyət növü-Dövlət; torpaq sahəsi üzərində hüququn növü – istifadə) yerləşən qeyri-yaşayış binası Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı və ½ hissədə X1 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********09-06301) 9 nömrəli reyestr kitabının 831 nömrəli vərəqində qeydiyyata alınmışdır. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, ünvan 1 (yarımçıq tikili) ünvanında müayinə keçirilərkən müəyyən olunmuşdur ki, qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının (yarımçıq tikili) faktiki inşası başa çatmış, tikiliyə bitişik 217,5 kv. metr əlavə sahələr tikilmiş və faktiki şadlıq sarayı kimi istifadə olunur. Arxiv texniki pasportunda “A” və “B” tikililəri qeyd olunmuşdur. Əlavə olaraq 118,4 kv. metr xidmət binası inşa olunmuşdur. Qeyd olunan tikililər qeydiyyatdan keçməmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Göründüyü kimi ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində bütün mülkiyyətçilərin xeyrinə üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən iddiaçılardan İddiaçı digər iddiaçı X5 ilə ümumi mülkiyyətlərində olan mübahisəli daşınmaz əmlakla bağlı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən, onlar birgə iddiaçılar kimi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dairtikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). 11.1 -ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Beləliklə iş materiallarından da göründüyü kimi, iddiaçılar qanuni əsaslarla istifadələrində olan Bakı şəhəri, ünvan 2 ünvanında 0,068060 ha torpaq sahəsində inşa edilmiş və DƏK-nin xx.xx.1998-ci il tarixli 91102 saylı şəhadətnaməsi əsasında 26 oktyabr 1999-cu il tarixdə tərtib olunmuş texniki pasportda əks olunmuş daşınmaz əmlakın (qeyriyaşayış binası) faktiki inşasını başa çatdırdıqdan sonra, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq, həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqları üzrə Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeyddə düzəliş edilməsini tələb edirlər. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçıların müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanında (0,068060 ha torpaq sahəsində inşa edilmiş) yerləşən daşınmaz əmlaka (qeyri-yaşayış binası) dair Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı və ½ hissədə X1 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********09-06301) dair aparılmış qeyddə dəyişiklik edilərək, daşınmaz əmlakın (qeyri-yaşayış binası) ümumi sahəsinin 680,9 kv. metr qeyd olunmaqla, buna uyğun iddiaçıların xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanında (0,068060 ha torpaq sahəsində inşa edilmiş) yerləşən daşınmaz əmlaka (qeyri-yaşayış binası) dair Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı və ½ hissədə X1 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********09-06301) dair aparılmış qeyddə dəyişiklik edilərək, daşınmaz əmlakın (qeyri-yaşayış binası) ümumi sahəsinin 680,9 kv. metr qeyd olunmaqla, buna uyğun iddiaçıların xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar