Məhkəmə qərarları › İş №2-1(112)-93/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-93/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-93/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X6, X2, X3) qarşı “çıxarışın verilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bilgəh bağ masvivində 1550 D saylı bağ sahəsi 59 saylı BTK nəzdində qərarla iddiaçıya ayrılmışdır. Bakı İnzibati Məhkəməsinə təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, 59 saylı BTK nəzdində 1550 d saylı bağ sahəsinin qərarla X4 da bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsində bağ evi inşa edilmişdir. Lakin, iddiaçıya mxsus bağ sahəsində bağ evi inşa edilməmişdir. Göründüyü kimi eyni nömrəli bağ sahələri həm iddiaçıya, həm də digər şəxsə verilsə də, bağ sahələri faktiki olaraq ayrı-ayrı bağ sahələridir. Cavabdehə növbəti müraciətdə də cavabdeh fərqli əsasa istinad edərək müraciətin təminindən imtina etmişdir. Qeyd olunur ki, iddiaçının dediyi bağ sahəsi, tamamilə başqa şəxsin adına qeydiyyata alınmışdır və bağ sahəsi Nardaran qəsəbəsində yerləşir. Etiraz onunla əsaslandırılmışdır ki, 59 nömrəli BTK nəzdində 1550 d saylı bağ sahəsi 24 iyul 1991-ci il tarixli qərarla iddiaçının adına ayrılmışdır. Eyni qərar ilə 59 nömrəli BTK nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxsin adına 1550 d saylı bağ sahəsi də ayrılmış və qeydiyyatdan keçmişdir. İddiaçı tərəfindən göstərilən sahə Nardaran qəsəbəsində yerləşir və digər fiziki şəxs X1 adına qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflər fikirləri dinlənilmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: 28 aprel 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, 59 nömrəli BTK nəzdində 1550 d saylı bağ sahəsi 24 iyul 1991-ci il tarixli qərarla iddiaçının adına ayrılmışdır. Eyni qərar ilə 59 nömrəli BTK nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxsin adına 1550 d saylı bağ sahəsi də ayrılmış və qeydiyyatdan keçmişdir. Göstərilən sahə Nardaran qəsəbəsində yerləşir və digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Orderlərdən görünür ki, 1550 D saylı bağ sahəsi iddiaçıya 24 iyul 1991-ci il tarixli qərarla ayrılmışdır. Eləcə də həmin nömrə ilə bağ sahəsi X4 da ayrılmışdır. 24 iyul 1991-c il tarixli qərardan görünür ki, həmin qərarla İddiaçı (2.47) Bilgəhdə 59 saylı BTK nəzdində bağ sahəsi ayrılmışdır. Həmin qərardan görünür ki, X4 da (2.68) Bilgəhdə 59 saylı BTK nəzdində bağ sahəsi ayrılmışdır. 29 iyul 2010-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Nardaran qəsəbəsində torpaq sahəsi B.İsrafilovanın adına dövlət qeydiyyatına alınmışdır. Həmin çıxarışın verilməsinə əsas olmuş sənəd XDS İK-nin 20 dekabr 1991-ci il tarixli qərarı və onun əsasında tərtib edilmiş plan və ölçü sənədi olmuşdur. xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, həmin torpaq sahəsi T.Əliyevin adına alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan keçmişdir. 27 iyul 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan və naturada göstərilən bağ sahəsi digər fiziki şəxs X1 adına qeydiyyata alınmışdır. Sabunçu Rayon İcra Hakimiyyətinin 14 oktyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, koordinat daxilində olan torpaq sahəsi Bilgəh qəsəbəsi ərazisinə aiddir. Ekspert rəyində qeyd edilmişdir ki, iddia olunan və naturada göstərilən bağ sahəsi digər fiziki şəxs X1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın, ünvanın və texniki sənədlərin verilməsidir. Nəzərə alınmalıdır ki, cavabdeh iddia olunan torpaq sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirərək, iddia tələbinin təmin olunmamasını xahış edir. Məhkəmə tərəfindən cavabdehin imtina məktubunda göstərdiyi əsaslar üzrə araşdırma aparılmış, müvafiq olaraq mütəxəssis və ekspert rəyləri əldə olunmuşdur. Rəylərdən görünür ki, ekspertiza tədqiqatı zamanı iddiaçı tərəfindən naturada göstərilən bağ sahəsi ilə T.Əliyevin adına qeydiyyatdan keçmiş bağ sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını arzuladığı torpaq sahəsi üçüncü şəxsinin mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinə başqa şəxsin, o cümlədən iddiaçının adına reyestrdə qeyd aparıla bilməz, eləcə də həmin torpaq sahəsinə dair ünvan və texniki sənədlərin verilə bilməz. Belə ki, üçüncü şəxsin adına aparılmış qeydin qanuna uyğunluğunun mübahisələndirilməsi məsələsi həll edilmədən, eyni torpaq sahəsinə iddiaçının hüququ qeydə alınması, ünvanın və texniki sənədlərin verilməsinə dair iddia mümkünlük şərtlərini ödəmir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bununla bağlı Məhkəmə qeyd edir ki, hazırki məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2086/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında nümayiş olunmuşdur. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsi iddia olunan torpaq sahəsinin digər fiziki şəxsin torpaq sahəsi ilə üst-üstə düşdüyünü nəzərə alaraq, mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsinə dair fiziki şəxsin adına verilən çıxarış mübahisələndirilmədən, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı iddia tələbinə baxılmasını mümkünlük şərtlərinin ödənilməməsi baxımından mümkün olmadığını bildirmişdir. Eyni zamanda, Ali Məhkəmənin 2-1(102)-2711/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsinin 17,33 kv metr hissəsi üçüncü şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən apellyasiya məhkəməsi həmin hissədə iddianı mümkün saymamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Eyni zamanda iddiaçıya naturada göstərdiyi torpaq sahəsinə başqa şəxsin adına aparılmış qeydin qanunauyğun olmamasının müəyyən ediləcəyi halda yenidən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar