Məhkəmə qərarları › İş №2-1(112)-930/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-930/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-930/2021 17.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və həmin qərara əsasən tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxx 2020-ci il tarixli **********133700 nömrəli qərarının ləğv edilərək həmin qərara əsasən tutulmuş 6270,92 manatın iddiaçının hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, "İddiaçı" MMC xaricdən aldığı malların pərakəndə satışı ilə məşğul olur. Malların bir qismi Honq-Konqdan idxal edildiyindən mövcud vergilərdən başqa Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən xarici istehsalçıya ödədiyi məbləğin 10% miqdarında əlavə olaraq onladan vergi tutulur. Belə ki, HonqKonqa və Tailand şirkətlərinə "İddiaçı" MMC-nin ödədiyi cəmi 67706,92 manat məbləğindən xx xxxxxx 2020 il tarixli **********133700 nömrəli Qərara əsasən cavabdeh tərəfindən 10% tutularaq 6270,92 manat hesablarından silinmişdir. Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr-dən ödəmə mənbəyindən 10 faiz miqdarında vergi tutulur. Məcəllənin 13.2.16.14-1 maddəsində müəyyən edilmişdir ki, 10% məbləğində vergi bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən tutulur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Siyahı ilə Honq-Konq (ÇXR) və Tailand güzəştli vergi tutulan ölkələrin sırasına aid edilmişdir. Lakin bununla bərabər iddiaçı hesab edir ki, göstərilən maddədələr tətbiq olunaraq Vergi Məcəlləsinin bəzi müddəaları nəzərə alınmamışdır. İlk növbədə qeyd edilən verginin ödəyicisi xarici partnyorları olmasına baxmayaraq, Honq- Konqun hüquqi şəxsinə qarşı Honq-Konqda Azərbaycan vergi qanunvericiliyini tətbiq etmək heç cür mümkün deyil. Beləliklə, son nəticədə sözügedən 10% miqdarında vergi MMC-dən tutulur. Bu cür halı həm ədalətsiz, həm də qanuna zidd hesab edirlər. Belə ki, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində nəzərdə tutulan verginin ödəyiçisi 13.2.16.14-1 maddəsində müəyyən edilmişdir. Bu, 128-ci maddədə nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərdir. Bizim halda vergini tətbiq edərək vergi organları 128-ci maddəni tam yox, maddənin ancaq güzəştli vergi tutulan ölkələr barədə olan müddəalarını (128.2 və 128.3 bəndlərini) əsas götürüblər, halbuki 128ci maddə üç bənddən (128.1, 128.2 və 128.3) ibarətdir və bəndlərin hər birinin müddəaları nəzərə alınmalı idi. Belə ki, 128-ci maddədə güzəştli vergi tutulan ölkələrlərlə yanaşı, həmçinin şəxslər müəyyən edilmişdir (128.1 mad.). Bunlar 128.1-ci maddəsində müəyyən edilmiş qaydada rezidentlə əlaqədə olan qeyri-rezidentlərdir. Beləliklə, 13.2.16.14-1 və 128-ci maddələrin tələblərinə görə 125.1.9-cu maddəsində göstərilmiş 10% miqdarında verginin tətbiqi üçün iki amilin mövcudluğu vacibdir: birincisi - əməliyyatlar və müvafiq ödənişlərin 128-ci maddədə nəzərdə tutulmuş güzəştli vergi tutulan ölkələrlə aparılması, ikincisi isə - ödənişlərin 128-ci maddədə nəzərdə tutulmuş qeyri-rezidentlərə edilməsidir. Beləliklə, qanunvericiliyinin müddəaları düzgün tətbiq olunduqda Vergi Məcəlləsinin 125.1.9-cu mədəsində müəyyən edilən vergi apardığımız ödənişlərdən tutula bilməz. Çünki iddiaçının apardığı əməliyyatlar nəticəsində Honq-Konqda gəlir əldə etməmişlər, qeyri-rezidentlə şərikləri yoxdur və vergi qanunvericiliyinə uyğun digər vergilər MMC tərəfindən tam ödənilmişdir. 2005-ci il martın 17-də Pekin şəhərində imzalanmış və xx xxxx 2005-ci il tarixli 932-İİQ №-li Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Sazişə də ziddir. Həmin Sazişin 3-cü maddəsinin 1-ci bədinə əsasən Sazişin "işlənməsinə münasibətdə suveren hüquqlara malik olduğu ərazi də daxil olmaqla, Çin Xalq Respublikasının bütün ərazisi" hesab olunur (o cümlədən HonqKonq). Sazişin 7-ci maddəsinin 1-ci bəndinə görə "Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti, əgər həmin müəssisə Razılığa gələn digər Dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti göstərmirsə, yalnız adı birinci çəkilən Dövlətdə vergiyə cəlb olunur. Əgər müəssisə sahibkarlıq fəaliyyətini yuxarıda göstərilən tərzdə həyata keçirirsə, bu halda onun mənfəəti yalnız həmin daimi nümayəndəliyə aid edilən hissədə digər Dövlətdə vergiyə cəlb edilə bilər" və ancaq müəssisələrin qarşılıqlı əlaqəsi olduğu halda qeyri-rezident bilavasitə digər ölkədə vergiyə cəlb oluna bilər (Sazişin 9-cu maddəsi). Göründüyü kimi bu beynəlxalq Sazişin tələblərinə görə də əgər Honq-Konqun şirkətinin Azəbaycan nümayəndəliyi vasitəsi ilə fəaliyyət göstərmirsə və ya Azərbaycan rezidenti ilə (yəni onların şirkəti ilə) qarşılı əlaqəsi olmadığı hallarda o, heç cür Honq-Konqdakı fəaliyyətinə və əldə etdiyi mənfəətə görə Azərbaycanda vergiyə cəlb oluna bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında bildirdi ki, aparılan araşdırma zamanı kommersiya banklarından əldə olunmuş məlumatlara əsasən, 2019-cu ilin 4-cü rübü ərzində vergi ödəyicisi tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə 62.706,92 manat ödəniş edildiyi halda, müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətrində hər hansı məlumatın əks etdirilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********222700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahatı, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar barədə məlumatı, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2019-cu ilin 4-cü rübü üzrə 6270,69 manat ödəmə mənbəyində tutulan vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********133700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məlum olduğu kimi, 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə görə, Məcəllənin 125.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsi üzrə həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur. Eyni zamanda, həmin Məcəllənin 128.3-cü maddəsinin tətbiqi ilə əlaqədar olaraq, 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq edilmişdir. Həmin fərmanda, həmçinin “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanına dəyişiklik edilməsi barədə xx xxxx 2019-cu il tarixli 724 nömrəli Fərmanda iddiaçı tərəfindən ödənişlər həyata keçirilmiş Honq-Konq (Çin) və Tailand güzəştli vergi tutulan ərazilər və ölkələr siyahısına daxil edilmişdir. Göründüyü kimi, mübahisələndirilən qərar əsasında vergilərin hesablanmasına əsas iddiaçının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi öhdəliyini yerinə yetirməməsi olmuşdur. İddiaçı onun tərəfindən adı çəkilən ölkə və ərazilərə 67.706,92 manat məbləğində ödənişin həyata keçirildiyini təsdiq etsə də, həmin ödənişdən 10 faiz həcmində ödəmə mənbəyində verginin tutulmasını ədalətsiz hesab edir. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd etimişdir ki, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində müəyyən edilmiş vergi aparılmış ödənişlərdən tutula bilməz. İddiaçı fikrini onunla əsaslandırmağa çalışmışdır ki, o, aparılmış əməliyyatlar nəticəsində Honq-Konqda gəlir əldə etməmişdir, qeyri-rezidentlə şərikliyi yoxdur. Bununla əlaqədar bildirir ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş güzəştli vergi tutulan ölkələrdə gəlirin əldə edilibedilməməsi və ya qarşılıqlı əməliyyat apardığı qeyri-rezidentlərlə şərikliyinin olubolmaması Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinin tətbiqi baxımından əhəmiyyətsizdir. Belə ki, Məcəllənin 13.2.16.14-1-ci maddəsi bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən 10 faiz dərəcə ilə ödəmə mənbəyində verginin tutulmasını müəyyən etmişdir ki, həmin maddənin tələbində iddiaçının qeyd etdiyi istisnalar nəzərdə tutulmamışdır. Yəni, vergi ödəyicisi tərəfindən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə edilmiş ödəmələr istisnasız olaraq ödəmə mənbəyində vergiyə cəlb edilir. İddiaçı həmçinin iddia ərizəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişə istinad edərək qeyd etmişdir ki, Sazişin tələblərinə görə əgər Honq-Konqun şirkətinin Azərbaycandakı nümayəndəliyi vasitəsilə fəaliyyət göstərmirsə və ya Azərbaycan rezidenti ilə (iddiaçı ilə) qarşılıqlı əlaqəsi olmadığı hallarda o, heç cür Honq-Konqdakı fəaliyyətinə və əldə etdiyi mənfəətə görə Azərbaycanda vergiyə cəlb oluna bilməz. İddiaçının istinad etdiyi müddəalar Azərbaycanın rezidentinin Çin Xalq Respublikasında və ya əksinə Çin Xalq Respublikasının rezidentinin Azərbaycan Respublikası ərazisində əldə etdiyi mənfəətinə görə bir ölkədə verginin tutulduğu halda həmin Sazişi imzalayan digər ölkədə yenidən həmin mənfəətin vergiyə cəlb olunmasının istisna olunmasını özündə əks etdirir. Hazırkı vəziyyətdə iddiaçının Çin Xalq Respublikasında əldə etdiyi mənfəətə görə həmin ölkədə vergini ödədiyi halda, təkrarən həmin mənfəətə görə Azərbaycan Respublikasında vergi tutulması kimi hal mövcud deyil. Əlavə olaraq qeyd edir ki, iddiaçıya hesablanmış verginin ona münasibətdə ümumiyyətlə əldə edilmiş mənfəətlə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin adı çəkilən Sazişin 22-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər Azərbaycanın rezidenti, bu Sazişin müddəalarına müvafiq olaraq Çində vergiyə cəlb edilə bilən gəlir əldə edirsə, həmin şəxsin bu gəlirə görə Çində ödədiyi vergi, həmin şəxsdən həmin gəlirlə bağlı Azərbaycanda tutulan verginin məbləğindən çıxılmalıdır. Qeyd edilənlərdən bir daha aydın olur ki, iddiaçının tələbi o halda haqlı hesab edilə bilərdi ki, iddiaçı Çin Xalq Respublikasında göstərdiyi sahibkarlıq fəaliyyətinə görə mənfəət əldə etsin, həmin mənfəətə görə vergini o ölkədə ödəsin, buna baxmayaraq, iddiaçının həmin sahibkarlıq fəaliyyəti ilə əlaqədar Sazişin tərəfi olan digər ölkədə əldə etdiyi mənfəətə görə Azərbaycan Respublikasında təkrarən ona vergi hesablansın və tutulsun. Lakin iddiaçıya hesablanmış vergi onun Çin Xalq Respublikasında əldə etdiyi mənfəət üzrə deyil, qanunvericiliyin tələbi baxımıdan onun tərəfindən güzəştli vergi tutulan ərazi və ölkəyə etdiyi ödənişin ödəmə mənbəyində vergiyə cəlb edilməsi ilə əlaqədar olmuşdur. Göründüyü kimi, qanunun müvafiq maddəsinin icrası qaydasında vergi öhdəliklərinin yerinə yetirilməsi iddiaçının şəxsi mülahizəsindən asılı olmayaraq məcburidir. İddiaçı qanunun müvafiq maddəsinin tətbiqi ilə razılaşmayaraq, 10 faiz ödəmə mənbəyində verginin tutulmasını qeyri-qanuni hesab etsə də, cəmiyyətin adı çəkilən vergi öhdəliyindən azad edilməsinə əsas verən hər hansı sübutu nə vergi orqanına, nə də məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən, vergi orqanı tərəfindən əlavə vergi məbləği vergi qanunvericiliyinin tələblərinə uyğun hesablandığından iddiaçının hazırkı iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********133700 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, bəyənnamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən İddiaçı MMC-yə 6.270,69 manat vergi hesablanmışdır (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 4-cü rüb 2019). İş materiallarında olan İddiaçı MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, hesablanmışdır 348.438,27 manat, ödənilmişdir 115.476,50 manat, azaldılmışdır 555.774,21 manat, əhatə etdiyi dövrün son tarixinə saldo və çap tarixinə saldo 322.778,39 manat, sosial üzrə bölüşdürülməmiş ödənişlər isə 3.450,00 manat təşkil edir. İş materiallarında olan 2019-cu ilin 4-cü rübü üzrə güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkə və ərazilərdə bank hesabları olan subyektlərə alınmış mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə aparılmış ödənişlər barədə məlumatdan görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixdə İNDRA CERAMİC CO. LTD-yə (Tailand) 19325,38 manat, xx.xx.2019-cu il tarixdə ARGO İNTERNATİONAL İNDUSTRY LİMİTED-ə Honq-Konq (ÇXR) 12.076,53 manat, xx.xx.2019-cu il tarixdə FİDES AND SPES İNC-yə Honq-Konq (ÇXR) 15.461,06 manat və xx.xx.2019-cu il tarixdə PERFECT SKİLL LİMİTED TA PERFECT-ə Honq-Konq (ÇXR) 15.843,95 manat məbləğində pul ödənilmişdir (cəmi 62706,92 manat). İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, kommersiya banklarından əldə olunmuş məlumatlara əsasən 2019-cu ilin 4-cü rübü ərzində tərəfinizdən güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə (siyahı məktuba əlavə olunur) 62706,92 manat ödəniş edildiyi halda müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətrində hər hansı məlumatlar əks etdirilməmiş, bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 iş günü ərzində sənədlərin vergi orqanına təqdim edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqlarından biri də bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirməkdir; 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar; 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər; 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir; 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur; 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir; 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir; 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.9. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr - 10 faiz (13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir); 128.2-ci maddəsinə əsasən güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür; 128.3-cü maddəsinə əsasən hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı»nda Honq-Konq (ÇXR) (sıra 14) və Tailand (sıra 32) nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən 2019-cu ilin 4-cü rübü ərzində güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə (Tailand, Honq-Konq (ÇXR) qeydiyyatdan keçmiş subyektlərə cəmi 62.706,92 manat məbləğində pul ödənilmişdir. Həmin subyektlərin qeydiyyatdan keçdiyi ölkələr (ərazilər) - Tailand və Honq-Konq (ÇXR) Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı»nda nəzərdə tutulmuşdur. Lakin həmin dövr üzrə (2019-cu ilin 4-cü rübü) iddiaçı tərəfindən ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətrində hər hansı məlumat əks etdirilməmişdir. Qeyd edilənlər iddiaçı tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar iddiaçıya cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin iddiaçı məktubda qeyd olunan müddət ərzində tələb olunan müvafiq sənədləri təqdim etməmişdir və bununla əlaqədar olaraq cavabdeh tərəfindən kameral vergi yoxlaması ilə 2019-cu ilin 4-cü rübü üzrə 6270,69 manat ödəmə mənbəyində tutulan vergi məbləği hesablanmış, bu barədə xx.xx.2020-ci il tarixli **********133700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən kameral vergi yoxlaması Vergi Məcəlləsinin tələblərinə uyğun keçirilmişdir və bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və həmin qərara əsasən tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar