Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-930/2023 19.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikasından kənara çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək iddiaçının Azərbaycan Respublikasından kənara çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi və iddiaçının mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məktub göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizələr icraata qəbul edilmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək iddia tələbinin mülkiyyətində olan əmlaka qoyulmuş məhdudiyyətin götürülməsi hissəsində geri götürülməsini, iddianın o hissədə azaldılmasını xahiş etmişdir, məhkəmə iddianın dəyişdirilməsi qəbul edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdeh qismində iştirakına xitam verilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə "xxxx" Firması arasında xx.xx.1998-ci il tarixdə 54/98 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ödənilməmiş 21470.39 manat məbləğində borc qalmışdır. “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-yə məxsus problemli aktivləri üzrə tələb hüququ xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli müqavilələr əsasında ’’Aqrar Kredit" ASC Bank olmayan kredit təşkilatına keçmişdir. Borc olduğu üçün iddiaçının ölkədən giriş-çıxışına cavabdeh tərəfindən məhdudiyyət qoyulmuşdur. “Aqrar Kredit" ASC Bank Olmayan kredit təşkilatı "xxxx" Firmasına və İddiaçı qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldıraraq ’’Azərbaycan Beynəlxalq Bankı" ASC ilə "xxxx" Firması arasında xx.xx.1998-ci il tarixdə 54/98 nömrəli kredit müqaviləsi ilə 21470.39 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-1445/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən "xxxx" ASC Bank Olmayan kredit təşkilatı apellyasiya şikayəti vermiş, şikayət təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 804/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul olunmuşdur. Həmin qətnamədən ’’Aqrar Kredit” ASC Bank Olmayan kredit təşkilatı kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(102)-522/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, iddiaçının ölkədən giriş-çıxışına cavabdeh tərəfindən məhdudiyyətin götürülməsini xahiş etmişdir. Ərizənin göndərilməsindən 35 gün keçməsinə baxmayaraq, ərizəyə cavab verilməmiş, məhdudiyyət götürülməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddiaya yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işin hallarında görünür ki, İddiaçı cavabdehin onun ölkədən getmək hüququnu məhdudlaşdırmasına istinad edərək qoyulmuş bu məhdudiyyətin götürülməsi üçün 01 fevral 2022-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh isə hərəkətsizlik göstərərək ona hər hansı bir cavab verməmişdir. İddiaçı bundan sonra məhkəməyə müraciət etmişdir və hazırda bu məhdudiyyətin götürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının bu tələbi üzrə araşdırılmalı hal cavabdehin iddiaçı barəsində tətbiq etdiyi bu məhdudiyyətin “qanuna uyğun” olub-olmadığı, qanunvericiliklə müəyyən edilən qanuni məqsədlərdən birinə və ya bir neçəsinə xidmət edib-etmədiyi, eləcə də bu məqsədin həyata keçirilməsi üçün bu məhdudiyyətin “demokratik cəmiyyətdə zəruri” olub-olmadığıdır (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mürsəliyev və başqaları Azərbaycana qarşı” işi üzrə 13 dekabr 2018-ci il tarixli qərarı). Məhdudiyyətin “qanuna uyğun” olub-olmaması: Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən “hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.” Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9-cu maddəsinə əsasən: 9.1. Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. 9.2. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək; 9.3.2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək; 9.3.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; 9.3.4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək; 9.3.4-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək; 9.3.5. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; 9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.7. beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək. İddiaçı barəsində yuxarıda istinad olunan hallardan hər hansı birinin mövcud olması və məhdudiyyətin qoyulmasının əsası barədə məlumat əldə edilməsi məqsədilə məhkəmə tərəfindən 01 aprel 2022-ci il, 07 iyun 2022-ci il, 10 aprel 2023-cü il tarixlərdə cavabdehə sorğular ünvanlansa da, həmin sorğular cavablandırılmamışdır. Məsələ ilə bağlı cavabdehin tabe olduğu yuxarı orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə də 10 aprel 2023-cü il tarixdə müvafiq sorğu göndərilmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Beləliklə, işin sadalanan halları ilə cavabdeh tərəfindən iddiaçının ölkədən çıxışına məhdudiyyət qoyulması müəyyən olunsa da, iddiaçının hər hansı cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkumluğu, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ya ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilmir. Çünki cavabdeh orqan da bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan göründüyü kimi qanunverici şəxsin ölkədən getmək hüququnun məhdulaşdırılmasının müvəqqəti olaraq və bunun üçün konkret əsaslar olduğu halda tətbiq edilməsini müəyyən etmiş, həmin hallar aradan qalxdıqda (cəzasının qalan hissəsini çəkib qurtardıqda, cəzadan azad edildikdə və sair) isə məhdudiyyətin götürülməsi təsbit olunmuşdur. Cavabdeh iddiaçının ölkədən getmək hüququnu məhdudlaşdırsa da, bu halın müvəqqəti olması, hansı əsasla məhdudlaşdırılması və məhdudiyyətin nə zaman, hansı şərtin ödənildiyi təqdirdə aradan qaldırılacağı barədə nəinki iddiaçıya, heç məhkəməyə də məlumat təqdim etməmişdir. İddiaçının ərizəsində göstərilənlərə əsasən cavabdeh tərəfindən bu məhdudiyyətin iddiaçının qanuni təmsilçisi olduğu "xxxx" firmasının "xxxx" ASC-yə (sonradan tələb hüququnun keçməsi ilə bağlı "xxxx" QSC-yə) olan kredit borcu ilə bağlı olduğu güman edilsə belə, birincisi, iddiaçı həmin borcla əlaqdər başlanmış cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmədiyindən, məhkəmənin bununla bağlı iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qanuni qüvvəyə minmiş qərarı olmadığından, ikincisi isə, iddia müddətinin keçməsi ilə bağlı borcun "xxxx" firmasından tutulması barədə "xxxx" ASC-nin iddia tələbinin təmin olunmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarları olduğundan bu hal iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Belə ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(102)-522/2021 saylı qərarından görünür ki, "xxxx" QSC "xxxx" firmasına və İddiaçı qarşı məhkəməyə 2020-ci il 8 dekabr tarixdə iddia ərizəsi ilə müraciət edərək 14.218,80 manat əsas borc, 7.251,59 manat faiz borcu olmaqla ümumilikdə 21.470,39 manat məbləğində vəsaitin və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən və İddiaçı tutularaq QSC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 may tarixli, 2-2(113)- 1445/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.2- ci bəndinə uyğun olaraq müqavilənin qüvvədə olma müddəti 1998-ci il 3 noyabr tarixdən 1999-cu il 3 noyabr tarixədək qəbul edilməlidir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizə əsaslı olmuş, iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-804/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, işin apellyasiya məhkəməsində müəyyən edilmiş hallları və sübutları əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin istinad edilən xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-804/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçı barəsində tətbiq etdiyi məhdudiyyət, iddiaçının hüququna müdaxilə qanuna uyğun olmamışdır. Belə bir qənaət isə müdaxilənin qanuni məqsədə xidmət edib-etmədiyini, demokratik cəmiyyətdə zəruri olub-olmadığını müəyyən etmək zərurətini aradan qaldırır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh öz hərəkətini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia əsaslı sayılmalı və təmin edilməlidir. İPM-in 52-ci madəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-930/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-930/2023
19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver