Məhkəmə qərarları › İş №2-1(112)-9301/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9301/2021

13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9301/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X1, tərcüməçi X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı «qeydiyyatdan çıxarılma» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı «qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Həmin ünvan mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestrdə qeydiyyata alınaraq ona ********** nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin mənzildə hal-hazırda X3 qeydiyyatdadır. Həqiqətən mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması halı «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmamışdır. Lakin həmin Qanunun "Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması" adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Belə ki, qeydiyyata alınmaq üçün vətəndaşa yaşayış sahəsi verməklə yanaşı, həmin vətəndaşın qeydiyyatdan çıxarılmasını tələb etmək mülkiyyətçinin həmin əmlaka dair qanundan irəli gələn sərəncam hüququnun tərkib hissəsidir. Yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılması məsələsinə, həmçinin mütənasiblik prinsipinin tələbləri baxımından da yanaşılmalıdır. Hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yol verilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Bu mənada, ona (iddiaçıya) məxsus yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxsi bu sahədə müvafiq təkmil qanunvericilik tənzimləməsi olmadığına görə qeydiyyatdan çıxara bilməməsi mülkiyyət hüququna edilən müdaxilənin ağlabatan və ədalətli tarazlılıq həddini keçməsinə səbəb olur. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə, İPM-in 2.2.3, 35.1-ci maddələrinə əsaslanaraq, iddiaçıya məxsus mənzildən X1 qeydiyyatdan çıxarılması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə üçüncü şəxs X3 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakıları bildirir: - Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 13 saylı evin 2 otaqlı 4 saylı mənzilini 2004-cü ildə mərhum həyat yoldaşı Həsənov Əzizlə birgə nikah dövründə aldığı Nəsimi rayonu Azadlıq küçəsi 116 saylı evin 2 otaqlı 14 saylı mənzilin satdıqdan sonra əldə etmişlər. Hələ əvvəlki dövrlərdə Moskva şəhəri bağlı olduğundan, Həsənov Əzizlə nikahı ləğv etmiş, bu yolla X5 şəhərinə pasport qeydiyyatına düşmüş və 1 otaqlı mənzili almışdır. 2016-cı ildə kiçik oğlu Rüfətin övladı doğulmuş və ümumi razılıq əsasında o (L.Kudakova), nəvəsinə qulluq etmək üçün Moskvaya getmişdir. Belə ki, oğlu və gəlini işləyirdilər. Qısa zaman daxilində artıq tam fəaliyyət qabiliyyəti olmayan Əziz Həsənov hazırki İddiaçınm təsir dairəsinə düşmüş və özündən 31 yaş böyük olan Həsənov Əzizlə nikahı qeydə alınmış və məqsəd mənzili mənimsəmək olmuşdur. Eyni predmetlə bağlı İddiaçı Xətai Rayon Məhkəməsinə müraciət etmiş, onun (L.Kudakovanın) Bakıda olmadığı vaxtda məlum ünvana istifadə hüququnun itirilməsi ilə bağlı iddia ərizəsi göndərmiş və qiyabi qətnamə əldə etmişdir. Sonradan Xətai Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 2(011)-1046/2018 saylı iş üzrə 24 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı onun istifadə hüququnun itirilməsi barədə tələbi rədd edilmiş, onun məlum ünvana köçürülməsi barədə iddiası tələbi təmin edilmişdir. Bu səbəbdən İddiaçınm eyni tələblə yenidən məhkəməyə müraciət etməsi heç bir məntiqə sığmır. Həmçinin Nərimanov Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi ilə oğlu Həsənov Rüfətin iddia tələbi təmin edilmiş, sonradan məlum qətnamə ləğv edilmiş və yeni açılmış hallarla onun və oğlunun əlavə kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda müzakirə mərhələsindədir. Götərilənlərə və Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsaslanaraq, məhkəmədən İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və üçüncü şəxs gəlmişlər, cavabdeh tərəf (nümayəndəsi) gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdiyini bildirdi. O, bildirdi ki, müvafiq məsələ ilə bağı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Poliş Bölməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 iddianın əsassız olduğunu bildirdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəısinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Məhkəmə qeyd edir ki, İddiaçı qaldırdığı məsələ, yəni “Lyudmila Kudakovanın mənzildən qeydiyyatdan çıxarılması” hazırkı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin səlahiyyətlərində olsa da, iddiaçı bununla bağlı cavabdehə müraciət etmişdir. Onun müraciəti cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə deyil, həmin qurumun tabeliyindəki 35-ci Polis Bölməsinə ünvanlanmşdır, müraciətin məzmununun hazırkı iddia tələbi ilə uzlaşması isə müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbində qaldırılan məsələ ilə bağlı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar