Məhkəmə qərarları › İş №2-1(112)-9305/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9305/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9305/2025 13.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ötən dövr üzrə ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək olan dövr ərzində ödənilməyən prezident təqaüdünü bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu xx.xx.2006-cı il təvəllüdlü X3 uşaqlıqdan əlilliyi olan şəxs kimi ilk dəfə xx.xx.2009-cu ildə, ikinci dəfə xx.xx.2011-ci ildə 18 yaşına qədər əlilliyi təsdiq edilmiş şəxs kimi müavinət alıb. Bununla yanaşı həmin tarixlərdə iddiaçı da övladına qulluq edən şəxs kimi prezident təqaüdü almışdır. xx.xx.2024-cü il tarixdə oğlunun 18 yaşı tamam olduğu üçün həkim komissiyasından keçərək qəyyumluq üçün Xəzər Rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə xx.xx.2024-cü il tarixdə oğlunu “fəaliyət qabiliyyəti olmayan şəxs” kimi tanıdı və iddiaçının qəyyum təyin olunmağı barədə müsbət qərar qəbul edildi. Sonra qəyyumluğunun təsdiq edilməsi üçün Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq şöbəsinə yönlədirdi. xx.xx.2025-ci il tarixdə Xəzər rayon İH Qəyyumluq şöbəsi iddiaçını X5 ölunun qəsmi qəyyumu təyin etdi. Qeyd etdiyi dövr ərzində, yəni xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək oğlunun müavinəti dondurulduğu halda iddiaçının övladına qulluq etdiyinə görə aldığı təqaüd ləğv edilib və yalnız xx.xx.2025-ci ildən etibarən yenidən təyin olnub. Halbuki həmin dövr ərzində də qulluq etmişdir. Bu müddət tam bir ili əhatə edir və hər ay 100 manat olmaqla, ümumilikdə 1200 manat təşkil edir. Tək ana olduğunu, ailənin aşağı gəlirli oldğunu və həmin məbləği oğlunun sağlamlığı üçün xərcləmək niyyətini nəzərə alaraq sözügedən dövrə aid ödənişlərin bərpa olunmasına yardım göstərilməsini xahiş edir. Bununla əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə cavabdehə yazılı müraciət etmiş və xx.xx.2025-ci il tarixində qəbul üçün dəvət olunmuşdur. Qəbul zamanı ona bidlirildi ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər və həmin məbləği tələb etmək hüquq var. Həmçinin bu barədə yazılı cavab verilmişdir.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən xx.xx.2019-cu il tarixindən 50 manat məbləğində “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Sözügedən təqaüdün məbləği xx.xx.2023-cü il tarixindən 100 manata çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Eyni zamanda şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna və ya “DOST” mərkəzlərinə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən X2 xx.xx.2024-cü il tarixindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Həmçinin İddiaçı Bakı şəhəri Xəzər rayon icra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan Nicat Şükürov üzərində qəyyum təyin edildiyindən ona xx.xx.2025-ci il tarixdən 100 manat məbləğində olmaqla Prezident təqaüdü təyin edilmişdir. Beləliklə, N.Şükürov üzərində xx.xx.2025-ci il tarixli sərəncam əsasında İddiaçı qəyyum təyin edildiyindən ona iddia tələbində qeyd etdiyi kimi ödənilməyən əvvəlki dövr üzrə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi mümkün olmamışdır. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.

4. Xəzər Rayon Məhkəməsinin 2(003)-3116/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmişdir.

5. Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 13 nömrəli xx.xx.2025-ci il tarixli sərəncamı ilə İddiaçı Xəzər Rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.2006-cı ii təvəllüdlü X2 üzərində qəyyumluğu təyin edilmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə onun təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

9. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

III. Məhkəmənin mövqeyi

12. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanununun: - 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. - 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

13. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2018-ci ilədək qüvvədə olan): - 38. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər) verilməsi, davadərman, texniki və başqa vasitələr, o cümlədən avtomobillər ilə, kreslo-arabalar, protezortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar ilə təminat, habelə tibbi, sosial, əmək və peşə reabilitasiyası sahəsində xidmətlər göstərilməsi, məişət və ticarət xidməti göstərilməsi yolu ilə həyata keçirilir.

14. Sosial müavinətlərlə əlaqədar olan münasibətlərin hüquqi tənzimi həm qanun əsasında («Sosial müavinətlər haqqında» 7 dekabr 2006-cı il tarixli qanun), həm də qanunqüvvəli aktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasmm Konstitusiyasının 38-ci maddəsində hər kəsin sosial təminat hüququ ilə yanaşı sosial müavinətlərin ən mühüm növlərinin təqdim edilmə əsasları da (məs., xəstəlik, əmək qabiliyyətini müvəqqəti itirmə, işsizlik) təsbit edilmişdir. Həmin maddənin İİİ hissəsində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV hissəsinə əsasən təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

15. Pensiya kimi sosial müavinətlər də sosial təminatın bir növü kimi qanunla nəzərdə tutulmuş qaydada vətəndaşlara təyin olunan pul ödənişləridir. Lakin müavinətə anlayış verərkən ilk növbədə onu məhz pensiyalardan fərqləndirən aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır: - Müavinət almaq hüququ vətəndaşın əmək fəaliyyəti ilə bağlı ola da bilər (məsələn, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuşa görə müavinətlər) və ya belə fəaliyyətdən asılı olmaya da bilər (işsizlik müavinəti, əlilliyə görə müavinət, yaşa görə müavinət və s.). Pensiya isə hər bir halda şəxsin əmək fəaliyyəti ilə əlaqədar olaraq təqdim edilir. - Təyin olunma məqsədinə görə müavinətlər bəzi hallarda itirilmiş əmək haqqını bərpa etmək məqsədi daşıyır və onun məbləği əmək haqqı əsasında müəyyən edilir, digər hallarda isə müavinət əlavə maddi yardım rolu oynayır və qəti məbləğlə müəyyən olunur (məsələn, uşağın doğulması ilə əlaqədar ödənilən müavinətlər). Pensiyanın məqsədi isə pensiya almaq hüququ olan vətəndaşların yaşayışına təminat verən yeganə mənbə rolunu oynamaqdır. - Subyektlərinə görə pensiya bir qayda olaraq işləməyən vətəndaşlar üçün nəzərdə tutulur, müavinətlər isə hamıya, həm işləyənlərə, həm işləməyənlərə ödənilir.

16. «Sosial müavinətlər haqqında» qanunda ilk dəfə olaraq sosial müavinətə leqal anlayış verilmişdir. Belə ki, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

17. Həmin Qanunun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: - 4.0.1.3. əlilliyə görə müavinət; - 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən əlilliyi olan uşağa görə müavinət; 6.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir; 7.0-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; 9.1, 9.1.2-ci maddələrinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir - əlilliyə görə müavinət - əlillik müddətinə.

18. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il Fərmanının 2.1-ci bəndinə əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.6-cı, 7.0.7-ci, 7.0.8-ci (hər iki halda), 8-ci, 9.1.5-ci, 9.1.6-cı, 9.1.7ci, 11.1.5-ci, və 11.1.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

19. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçının övladı uşaqlıqdan əlilliyi olan şəxs kimi xx.xx.2009-cu ildən, xx.xx.2011-ci ildən isə 18 yaşına qədər əlilliyi təsdiq edilmiş şəxs kimi müavinət alıb. Bunula yanaşı həmin tarixlərdə iddiaçı da övladına qulluq edən şəxs kimi prezident təqaüdü almışdır. xx.xx.2024-cü il tarixdə övladının 18 yaşı tamam olması ilə əlaqədar iddiaçıya ödənilən təqaüd dayandırılmış, yalnız məhkəmənin qətnaməsi ilə övladı fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edildikdən sonra yerli icra hakimiyyətinin sərəncamı ilə onun qəyyumu hesab edildiyi vaxtdan, xx.xx.2025-ci ildən həmin təqaüdün ödənilməsinə başlanılmışdır.

20. Hazırda iddiaçının tələbi əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs kimi Prezidentinin təqaüdünün ötən dövrlər üzrə ödənilməsidir.

21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən xx.xx.2019-cu il tarixindən 50 manat məbləğində “Orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Sözügedən təqaüdün məbləği xx.xx.2023-cü il tarixindən 100 manata çatdırılmışdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri; 2.2.3-cü yarımbəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti təqdim olunmalıdır.

23. İş materiallarından göründüyü kimi, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasən xx.xx.2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmiş, ona Tibbi-Sosial Ekspert Komissiyasının qərarına əsasən xx.xx.2024-cü il tarixindən orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə əlillik müəyyən edilmişdir. Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli sərəncamı ilə isə İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.2006-cı il təvəllüdlü X2 üzərində qəyyum təyin edilmişdir.

24. Məhkəmə qeyd edir ki, iddiaçıya qəyyumluq statusunun verildiyi xx.xx.2025-ci il tarixdən həmin dövrdə qüvvədə olan “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Pespublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və ödənilir. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarında həmin ödənişin təyin edilməsi, ödənilməsi müddətləri və qaydası konkret olaraq müəyyən edilmişdir və təqaüdün onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi nəzərdə tutulmamışdır.

25. Beləliklə, fəaliyyət qabiliyyətli olmayan sayılmış 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxslərə münasibətdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir və bu təqaüd onu almaq hüququ yaranan gündən, yəni əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsindən etibarən ödənilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar