Məhkəmə qərarları › İş №2-1(112)-9308/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9308/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9308/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X19 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Nərimanov Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində göstərilməklə “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi), Nərimanov Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən sahəsi 21.1 kv.m. olan mənzilə dair hüquqlarının dövlət qeydiyyatına alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazında göstərmişdir ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı İddiaçı **********94 nömrəli 21.11.2019-cu il tarixli məktub ünvanlanmışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyəti iddiaya dair etirazında göstərmişdir ki, mübahisə predmeti barədə yekun məhkəmə aktı ilə (AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-807/9 №-li iş üzrə 13.02.2019-cu il tarixli Qərarı) İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 46 №-li evin 8 №-li mənzilinə dair hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququnun olmaması müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar iddianın mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda mübahisə predmeti olan mənzil sökülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 1 saylı Bakı Ərazi İdarəsinin 15.09.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 46, 8 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.03.2018-ci il tarixli, 2(005)- 657/2018 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, X6, X3, X4, X10, X7, X8 və Nərimanov Rayon İcra Hakimiyyətinə, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "çıxarışın etibarsız hesab edilməsi' tələbinə dair iddia ərizəsi təmin edilməmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 11.07.2018-ci il tarixli, 2(103)-6357/2018 nömrəli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-657/2018 saylı 09 mart 2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13.02.2019-cu il tarixli, 2(102)-807/2019 nömrəli qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 11 iyul 2018-cı ıl tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilmişdir ki, iddiaçı 8 saylı trestdə mənzil növbəsində olmaqla Bakı şəhəri, Ə.Naxçıvani küçəsi ev 44, mənzil 102-ni əldə etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 13.05.1988-ci il tarixdən 1993-cü ilin noyabr ayının axırına kimi 4 nəfər ailə üzvü ilə birlikdə Qarabağ küçəsində yerləşən 46 saylı evin 8 saylı mənzilində yaşamışdır. Lakin iddiaçı bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 8 saylı mənzildə 1993-cü ildən Füzuli şəhərindən məcburi köçkün olan X9 beş nəfər ailə üzvü ilə birlikdə yaşamışdır. Sonradan Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamları əsasında Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 9 saylı mənzili X2 adına rəsmiləşdirilmişdir. Hazırda da həmin mənzil onun mülkiyyətindədir. Qeyd olunan ərazidə aparılan tikinti yenidənqurma işləri ilə bağlı həmin mənzildə daxil olmaqla bina sökülmüş və binanın bütün sakinlərinə, eləcə də mübahisələndirilən mənzilə mülkiyyət hüququ olan M.Ç.Xanlarova ilə müqavilə bağlanılaraq ona mənzil verilməsi öhdəliyi ‘Ailə Park" MMC tərəfindən üzərinə götürülmüşdür. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 8 saylı mənzilinə hər hansı hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş, İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi idarəsinə qarşı, Nərimanov Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla “reyestrdən çıxarışın verilməsi" tələbi barədə 2-1(112)-5206/2021 nömrəli iş üzrə 14.07.2021-ci il tarixli qərardadla, İddiaçı ərizəsi təmin edilərək, iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. Məhkəmə 2-1(112)-5206/2021 nömrəli iş üzrə əldə olunmuş sənədlərinin surətinin hazırkı iş materiallarına əlavə edilməsini “prosessual qənaət” prinsipinə uyğun hesab edir. Belə ki, həmin iş üzrə məhkəmənin sorğusuna cavab olaraq, 1 saylı Bakı Ərazi İdarəsinin 10.06.2021-ci il tarixli məktubu ilə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 46, 9 saylı mənzilə dair X2 adına verilmiş 19.12.2009-cu il tarixli, ********** nömrəli çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin surəti təqdim edilmişdir. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Baklı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 46, 9 saylı mənzil X2 xüsusi mülkiyyətindədir; - Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 18.03.2008-ci il tarixli, 115 nömrəli sərəncamının surətindən görünür ki, Qarabağ küçəsindəki 46 №-li evin 3 otaqlı, yaşayış sahəsi 44,0 kv.m. olan 4-cü mənzilinin yaşayış sahəsinin bölünməsi, Nərimanov RİH-in 14.07.2004-cü il tarixli, 435 saylı sərəncamı ilə Qarabağ küçəsindəki 46 №-li evin 4-cü mənzilinə birləşdirilmiş olan 1 otaqlı, yaşayış sahəsi 17,5 kv.m. olan 9-cu mənzilinə ailə tərkibi 3 nəfər olmaqla vət. X11 ilə ayrıca mənzil icarə müqaviləsi bağlanması qərara alınmışdır; - Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 20.05.2008-ci il tarixli, 220 nömrəli sərəncamının surətindən görünür ki, Qarabağ küçəsindəki 46 №-li evin boşalmış 1 otaqlı yaşayış sahəsi 21,1 kv.m. olan 8-ci mənzilinin yaşayış sahəsinin həmin mənzilə bitişik və vət. X5 icarədarı olduğu qonşu 1 otaqlı yaşayış sahəsi 17,5 kv.m. olan 9-cu mənzilin yaşayış sahəsinə birləşdirilməsi, Qarabağ küçəsindəki 46 №-li evin 9-cu mənzili yaşayış sahəsi 38,6 kv.m. olmaqla 2 otaqlı hesab edilməsi qərara alınmışdır; - Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 18.08.2008-ci il tarixli, 405 nömrəli sərəncamının surətindən görünür ki, Qarabağ küçəsindəki 46 №-li evin 2 otaqlı, yaşayış sahəsi 38,6 kv.m. (17,5 kv.m. + 21,1 kv.m.) olan 9-cu mənzilinin yaşayış sahəsinin bölünməsi, sahəsi 21,1 kv.m. olan qismən şəraitli yaşayış otağının X1 istifadəsinə verilməsi, sahəsi 17,5 kv.m. olan qismən şəraitli yaşayış otağının X5 (özü, oğlu, qızı) istifadəsində saxlanılması qərara alınmışdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər – tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, işin faktiki hallarından görünür ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 20.05.2008-ci il tarixli, 220 nömrəli sərəncamına əsasən, Qarabağ küçəsindəki 46 №-li evin boşalmış 1 otaqlı yaşayış sahəsi 21,1 kv.m. olan 8-ci mənzilinin yaşayış sahəsi həmin mənzilə bitişik və vət. X5 icarədarı olduğu qonşu 1 otaqlı yaşayış sahəsi 17,5 kv.m. olan 9-cu mənzilin yaşayış sahəsinə birləşdirilmiş, daha sonra 18.08.2008-ci il tarixli, 405 nömrəli sərəncama əsasən, Qarabağ küçəsindəki 46 №-li evin 2 otaqlı, yaşayış sahəsi 38,6 kv.m. olan 9-cu mənzilinin yaşayış sahəsi bölünmüş, sahəsi 21,1 kv.m. olan qismən şəraitli yaşayış otağı X1 istifadəsinə verilmiş, sahəsi 17,5 kv.m. olan qismən şəraitli yaşayış otağı X5 istifadəsində saxlanılmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 46, 9 saylı mənzil X2 adına qeydiyyatdan keçmişdir. İddiaçı (hazırkı iş üzrə iddiaçı) tərəfindən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 20.05.2008-ci il tarixli 220 saylı və 18.08.2008-ci il tarixli 405 saylı sərəncamları və həmin sərəncamlar əsasında Qarabağ küçəsi, ev 46, mənzil 9-un X2 adına qeydiyyatdan keçirilməklə mülkiyyətinə verilməsinə dair dövlət reyestrindən çıxarış mübahisələndirilsə də, yuxarıda qeyd olunan məhkəmə aktlarından göründüyü kimi, iddiası təmin edilməmişdir. Belə olan halda, nə qədər ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 20.05.2008-ci il tarixli 220 saylı və 18.08.2008-ci il tarixli 405 saylı sərəncamları və həmin sərəncamlar əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd qüvvədədir, iddiaçının sözügedən mənzilə hər hansı hüququ ilə bağlı ilə bağlı qüvvədə olan hər hansı sənəd mövcud deyil. Bu kontekstdə iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, həm hüquqi, həm də faktiki cəhətdən mövcud olmayan mənzil üzərində hüququların dövlət qeydiyyatının aparılması mümkün olmadığından, bu vəzifənin cavabdehin üzərinə qoyulması barədə tələbə mahiyyəti üzrə baxıla bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Nərimanov Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində göstərilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar