Məhkəmə qərarları › İş №2-1(112)-9316/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9316/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9316/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 nümayəndəsi X4, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1, Cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinə qarşı “işsizlik müavinəti ödənilməsi, sosial yardımın göstərilməsi və s.” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - İşsizlik müavinəti almaq hüququnun təsdiqlənməsini və ona işsizlik müavinəti ödənilməsi; - İş tapana qədər ona sosial yardımın verilməsi; - Cavabdeh qurumların onun ixtisasın üzrə təqdim etdiyi işlə təmin olunma müraciətinə cavab verməməsi (va ya əsassız rədd etməsi) qanunsuz hesab edilsin və hüquqlarının pozulduğu tanınması xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı, uzun illər müəllim kimi fəaliyyət göstərmişdir. 2006-cı ildə göz sağlamlığı ilə bağlı problemin yaranması səbəbindən müalicə almalı olmuşdur. Müalicə dövründə iş yerində məni müvəqqəti olaraq həmkarları əvəz etmiş və mən işdən çıxmaq məcburiyyətində qalmışdır. Sağlamlığı bərpa olunduqdan sonra yenidən işə qayıtmaq üçün müraciət etsə də, fərqli bəhanələrlə ona iş verilmədi. Daha sonra işsizlik müavinəti və sosial yardım almaq üçün müvafiq qurumlara müraciət etmişdir. Lakin bütün müraciətləri əsassız olaraq rədd edildi. İşsiz şəxs kimi qeydiyyata alınmaq və işsizlik müavinətindən istifadə etmək hüququna baxmayaraq, aidiyyəti qurumlar ona bu hüququ tanımayıb. Həmçinin, sosial yardım üçün müraciət etdikdə ona bildirilmişdir ki, işim olmalıdır, lakin iş tapmaq üçün etdiyi bütün cəhdlər uğursuz olub.

3. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş vəsatətdə qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində işsizlik müavinəti və sosial yardım almaq üçün aidiyyəti qurumlar tərəfindən qanunsuz olaraq rədd edildiyini bildirmişdir. Məlumat üçün qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018- ci il tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş "DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na ünvanlı dövlət sosial yardımının təyin edilməsi və işsizlikdən sığorta ödənişinin təyin edilməsi xidmətləri daxil edilsə də, sözügedən sahələrdə müvafiq tənzimləmələrin həyata keçirilməsi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin və "DOST” mərkəzlərinin fəaliyyət istiqamətlərinə aid deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci yarımbəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Dövlət Sosial Müdafiə Fondu tərəfindən icra edilir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X2 Nizamnaməsinin 3.1.8 -ci və 3.1.17-ci yarımbəndlərinə əsasən "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib iş seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil etmək, sığorta ödənişlərinin verilməsini və "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsini təmin etmək X6 tərəfindən icra edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci madddəsinə uyğun olaraq, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı cavabdeh DOST Agentliyinə qarşı "işsizlik müavinətinin ödənilməsi” tələbi ilə bağlı 2-1 (112)- 9316/2025 nömrəli inzibati iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair qərardad qəbul edilməsini xahiş edilmişdir.

4. X6 tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 -ci maddəsinə əsasən sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər-tələblərinə əsasən aşağıdakı hallarda sığorta ödənişi almaq hüququ yaranır: 13.1.1 dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 3.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1 -ci və ya 2ci hissəsinə əsasən; 13.1.4. müəssisənin mülkiyyətçisi dəyişdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən; 13.1.5. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1 -ci hissəsinin b) bəndinə əsasən; 13.1.6. əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1 -ci hissəsinin ə) bəndinə əsasən. 13.1-1. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanununun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: Həmin Qanunun 13.2.1 -ci maddəsinə əsasən bu Qanunun 13.1.1 -ci, 13.1.2-ci və 13.1.4- 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik əmək qabiliyyətli şəxslərə - bu Qanunun 14.1 -ci maddəsində müəyyən olunmuş qaydada; Həmin Qanunun 13.2.2-ci maddəsinə əsasən bu Qanunun 13.1.1 -ci, 13.1.2-ci və 13.1.4-13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində. Qanunun müvafiq maddələrindən də göründüyü kimi işsizlikdən sığorta ödənişinin almaq hüququnun yaranması üçün iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsas şərtlərdən biridir. Lakin iddiaçının Nazirliyin Mərkəzləşdirilmiş elektron sisteminin (MEİS) “Əmək və məşğulluq” altsistemində xitam verilmiş əmək müqaviləsi aşkar edilməmişdir. Habelə Nazirliyin MElS-in “Sığorta” altsistemində iddiaçının ümumilikdə 3 ay sığorta stajı mövcuddur. Belə olan halda sığorta hadisəsinin baş verdiyini müəyyən edən əmək müqaviləsinin xitamının və qanununun 13.2.2-ci maddəsinə əsasən sığorta stajının olmaması səbəbindən İddiaçı işsizlikdən sığorta ödənişinin təyin edilməsindən imtina edilmişdir. Agentlik tərəfindən iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsindən imtina edilməsi qanunvericilik baxımından hüquqi və əsaslı xarakter daşıyır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdeh Agentliyə qarşı işsizlikdən sığorta ödənişinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı qərar qəbul edilməsini Sizdən xahiş edilmişdir.

5. Sığorta olunanın hesabında çıxarışda qeyd edilmişdir ki: Dövr: 2011 Yanvar – 2012 Yanvar Cəmi gəlir: 1057,94 Cəmi hesablanmış: 264,49 Cəmi ödənilmiş: 264,49 Pensiya kapitalı: 477,18 Sığortaedən: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası İl Ay Gəlir Hesablanmış Ödənilmiş Ödəniş ili 2011 Yanvar 351,52 87,88 87,88 2011 2011 Dekabr 354,9 88,73 88,73 2011 2012 Yanvar 351,52 87,88 87,88 2012 Cəmi 1057,94 264,49 264,49

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş edərək bildirmişdir ki, 10 il ərzində edilən müraciətlərinə cavab verilməməsi nəticəsində hüquqlarının pozulması tanınmasını, ünvanlı sosial yardım, işsizlikdən sığorta ödənişi ödənilməsini və X6 tərəfindən işlə təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi bildirmişdir ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi tələbi ilə iddiaçı “Ünvanlı yardım” (VEMTAS) altsistemi vasitəsi ilə müraciət etməli idi. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsi ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün vasitəçilik göstərmək funksiyası yoxdur.

8. Məhkəmə iclasında iştirak edən “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi bildirmişdir ki, Agentlik sadəcə vasitəçilik funksiyası yerinə yetirir. Sözügedən sahələrdə müvafiq tənzimləmələrin həyata keçirilməsi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin və "DOST” mərkəzlərinin fəaliyyət istiqamətlərinə aid deyildir.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 nümayəndəsi bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsas şərtlərdən biridir. Lakin iddiaçının Nazirliyin Mərkəzləşdirilmiş elektron sisteminin (MEİS) “Əmək və məşğulluq” altsistemində xitam verilmiş əmək müqaviləsi aşkar edilməmişdir. Habelə Nazirliyin MElS-in “Sığorta” altsistemində iddiaçının ümumilikdə 3 ay sığorta stajı mövcuddur. Həmçinin qeyd etmişdir ki, Agentlik iddiaçının işlə təmin edilməsi üçün göndəriş verilmiş və iddiaçı tərəfindən təsdiq edilmişdir. Lakin işəgötürən tərəfindən iddiaçı işlə təmin edilməmişdir. Agentlik işlə təmin edilməsi zamanı sadəcə işəgötürənlə işaxtaranı əlaqələndirir.

II. İddianın mümkünlüyü

10. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi 3 hissədən ibarətdir.

11. Məhkəmə iddia tələbinin “ünvanlı sosial yardımın təyin edilməsi və X6 tərəfindən işlə təmin edilməsi” hissəsinə münasibət bildirir:

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları: 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir.

14. Məhkəmə ilk növbədə ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı qeyd edir ki, İddiaçı cavabdeh orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə lazimi qaydada müraciəti yoxdur. Belə ki, iddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemindən müraciət etməlidir. 15.Həmçinin qeyd edilməlidir ki, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsi inzibati orqanlarla vətəndaşlar arasında əlaqələndirici qurum kimi fəaliyyət göstərir.

16. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X2 Nizamnaməsi: 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. müvafiq sahənin inkişafını təmin etmək; 2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 2.1.4. işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etmək; 2.1.5. işsizlikdən sığorta vəsaitini idarə etmək, həmin vəsaitdən təyinatı üzrə istifadəni, o cümlədən aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsini və sığorta ödənişlərinin verilməsini təmin etmək; 2.1.6. işəgötürənlərin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları əsasında vakansiya bankı yaratmaq və ondan istifadə etmək; 2.1.7. qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması, o cümlədən qeyriformal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak etmək; 2.1.8. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş kvotaya uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək; 2.1.9. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək;

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi” Qaydasına əsasən həmin Qayda "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydasını müəyyən edir. 1.3. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyasına aşağıdakılar aid edilirlər: 20 yaşadək gənclər; 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyə edən valideynlər; pensiya yaşına 2 ildən az qalmış şəxslər; əlilliyi olan şəxslər; cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər; məcburi köçkünlər; müharibə veteranları; şəhid ailəsinin üzvləri.

18. İddiaçı qeyd edilən kateqoriyaya aid deyil.

19. Odur ki, məhkəmə iddia tələbinin “X6 tərəfindən işlə təmin edilməsi” hissəsinə münasibətdə bildirir ki, cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq vakansiya göndərişləri təqdim edilmişdir. Faktiki olaraq, cavabdeh öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Yəni iddiaçı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyasına aid olan şəxs deyil və X2 işəgötürən tərəfindən müvafiq şəxslə əmək müqaviləsinin bağlanmasına nəzarət səlahiyyəti və ya buna məcbur edilməsi hüququ yoxdur.

20. Məhkəmə müəyyən edir ki, cavabdehlər tərəfindən iddiaçının müraciətlərinə cavab verilmiş, X6 iddiaçını işsiz kimi qeydiyyata almış və iddiaçıya müvafiq vakansiya göndərişləri təqdim edilmişdir. Digər cavabdehlərə münasibətdə isə məhkəmə təkrar olaraq qeyd edir ki, iddiaçı ünvanlı sosial yardım üçün birbaşa VEMTAS altsistemindən müraciət etməmiş, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsi isə inzibati orqanlarla vətəndaşlar arasında əlaqələndirici qurumdur. Odur ki, cavabdehlər tərəfindən iddiaçının qanunla qorunan hüquqlarına hər hansı müdaxiləyə yol verilməmişdir.

21. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.

22. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.

23. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir.

24. Odur ki, iddia tələbi “ünvanlı sosial yardımın təyin edilməsi və X6 tərəfindən işlə təmin edilməsi, cavabdeh qurumların onun ixtisasın üzrə təqdim etdiyi işlə təmin olunma müraciətinə cavab verməməsinin (va ya əsassız rədd etməsi) qanunsuz hesab edilməsi və hüquqlarının pozulduğunun tanınması” hissəsində mümkün sayılmamalıdır.

25. Məhkəmə qeyd edir ki, iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, iddiaçı hüquqi maraqlarına uyğun olaraq lazımi qaydada qaldırılmış iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.

26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

27. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi “ünvanlı sosial yardımın təyin edilməsi və X6 tərəfindən işlə təmin edilməsi, cavabdeh qurumların onun ixtisasın üzrə təqdim etdiyi işlə təmin olunma müraciətinə cavab verməməsinin (va ya əsassız rədd etməsi) qanunsuz hesab edilməsi və hüquqlarının pozulduğu tanınması” hissəsində mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar