Məhkəmə qərarları › İş №2-1(112)-932/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-932/2022

17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-932/2022 17.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq 1 bağ massivində yerləşən 1369b saylı bağ sahəsinə dair hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2018-ci il tarixli məktubunda bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3860/2018 saylı, 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri XDS İK-nın arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 4/143 saylı qərarında "X5" kimi göstərilmiş şəxsin, xx xxxxxx 1950-ci ildə Abşeron rayonunda doğulmuş İddiaçı ilə eyni şəxs olması faktının müəyyən edilməsi qət edilmiş, qeyd olunan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə və icra sənədi rəsmi qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə yenidən 1369b saylı bağ sahəsinə dair hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla sözügedən ünvanda yerləşən bağ sahəsinin qeydiyyata alınması ilə bağlı **********22 nömrəli xx.xx.2018-ci il tarixli məktubla cavab veridiyini və həmin cavab məktubunda qeyd olunan iradların aradan qaldırılmadığını bildirməklə iddiaçının tələbini təmin etməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq 1 bağ massivində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş və Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq 1 bağ massivində yerləşən 0,12 ha sahəsi olan 1369b saylı bağ sahəsi (naturada 1369v saylı bağ sahəsinin ərazisinə uyğun gələn) üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Alunit zavodunda işlədiyi üçün əmək veteranı olaraq Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq 1 bağ massivində yerləşən 1369b saylı istifadəsində olan bağ sahəsi xx.xx.1990-cı ildə Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və istismarı birlyinin 19 nömrəli orderinə əsasən onun istifadəsinə verilmişdir. Uzun illərdir, qeyd olunan bağ sahəsi onun istifadəsindədir. Bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdehə rəsmi ərizə ilə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə tələbi təmin etməkdən imtina etmişdir. Cavabdehin hərəkətləri qanunsuz və ədalətsizdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, təqdim olunmuş sənədlərdə bağ sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki olaraq ümumi sahəsi 1750,0 kv.m təşkil edir. Bundan əlavə, göstərilən sahə “1369v” saylı bağın ərazisinə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********42 saylı və **********22 saylı imtina məktublarında izahat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki: - Bakı Şəhəri XDS İK-nin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarı ilə 195 saylı bağtikinti kooperativinin şəxsi heyətinin tərkibi təsdiq edilmiş və onlara müəyyən edilmiş qaydada bağ sahəsinin ayrılması qərara alınmış, qərara 16 nömrəli əlavədə 195 nömrəli “Vişnyovka-1” bağ tikinti kooperativlərinin üzvlərinin siyahısından X1 adı 18-ci sırada göstərilmişdir. - Sabunçu Rayon Məhkəməsinin 2(008)-3860/2018 saylı, 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri XDS İK-nın arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 4/143 saylı qərarında "X5" kimi göstərilmiş şəxsin, xx xxxxxx 1950-ci ildə Abşeron rayonunda doğulmuş İddiaçı ilə eyni şəxs olması faktı müəyyən edilmişdir. - “Alunit” zavodu tərəfindən Bakı şəhəri XDS İK-nə və X8 və İstismarı birliyinə xx.xx.1990-cı il tarixdə ünvanlanmış 26 iyun 1990-cı il tarixli arayışda göstərilmişdir ki, iddiaçı həqiqətən “Alunit” zavodunda işləyir və bağ sahəsi almaq üçün növbədə dayanmamışdır. -İşdə olan Bakı şəhər icraiyyə komitəsinin X3 və istismarı birliyinin “Vişnyovka-1” bağlar sahəsindəki 195 nömrəli kooperativ tərəfindən verilmiş 19 nömrəli xx.xx.1990-cı il tarixli orderdən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərarına əsasən İddiaçı “Vişnyovka-1” bağlar sahəsində 195 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1369b nömrəli bağ ayrılmışdır. Orderdəki qeydə əsasən order xx.xx.1990-cı ildə qəbul edilmişdir. İddiaçı hazırda bu sənədlərə əsasən ona verilmiş 1369b saylı bağ sahəsinə dair hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağçılıq tikinti kooperativinə üzv qəbul edilməsi barədə qərarı və ona bağ sahəsinin ayrılması barədə orderi təqdim edir. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2022-ci tarixli məktubda da göstərilmişdir ki, Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-ci il tarixli 1990-cı il tarixli 4/143 nömrəli qərarı ilə 195 nömrəli BTK nəzdində Vişnyovka-1 bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 1369b nömrəli bağ sahəsinin ayrılmasına dair İddiaçı adına verilmiş 19 nömrəli order idarənin arxivində mövcuddur. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, iddiaçının ona ayrılmış torpaq sahəsi ilə bağlı müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. İşdən müəyyən olunur ki, cavabdehin iddiaçıya imtina cavabı verməsinin əsasını eyni nömrəli bağ sahəsinin digər bir şəxsin adına qeydə alınması və iddiaçının naturada istifadə etdiyi bağ sahəsinin sənədlərə əsasən ona verilən 1369b saylı deyil, “1369v” saylı bağın ərazisinə uyğun gəlməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli məktubda göstərmişdir ki, Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 9/333 nömrəli qərarı ilə 79 nömrəli BTK nəzdində Vişnyovka-1 (Albalılıq) bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 1396b nömrəli bağ sahəsi 14 nömrəli order əsasında X10 ayrılmışdır. Bundan sonra X12 14 nömrəli orderin müqavilə ilə əvəz edilməsi ilə bağlı xx.xx.2006-cı il tarixli ərizə ilə X7 müraciət etmişdir. Həmin razılıq ərizəsi və Birliyin xx.xx.2006-cı il tarixli, 13 saylı protokolu əsasında X12 ilə xx.xx.2006-cı il tarixli 38449 nömrəli müqavilə bağlanmışdır. xx.xx.2009-cu il tarixdə isə 1369b saylı bağ evi onun adına ilkin qeydiyyata alınmışdır, daha sonra daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bu hallar işdə olan sənədlərlə də öz təsdiqini tapmışdır. Belə ki, işdə olan Bakı şəhər icraiyyə komitəsinin X3 və istismarı birliyinin 14 nömrəli xx.xx.1989-cu il tarixli orderindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 9/333 nömrəli qərarına əsasən X10 “Vişnyovka-1” bağlar sahəsində 79 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1369b nömrəli bağ ayrılmışdır. Həmin bağın cizgisindən görünür ki, bağ iki tərəfdən yol, bir tərəfdən 1369s, digər tərəfdən 1369 d saylı bağ sahəsi ilə əhatə olunmuşdur. İşdə olan xx.xx.2006-cı il tarixli Vişnyovka ərazisindəki 1369b saylı bağın istifadəyə verilməsi haqqında 38449 saylı müqavilədən görünür ki, Sabunçu rayonu, Vişnyovka ərzisində 0,12 ha torpaq sahəsi olan 1369b saylı bağ 26.9 kv.metr sahəsi olan 2 yaşayış otağı ilə birlikdə X9 istifadəsinə verilmişdir. Həmin bağ sahəsinə Ş.Quliyevin mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu barədə ona MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Hazırda 1369b saylı bağın 0.065 ha hissəsi X6, 0.055 ha hissəsi isə X2 mülkiyyətindədir. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının istifadəsində olan bağ sahəsi ilə Ş.Quliyevə ayrılmış 1369b saylı bağ sahəsi qonşu bağlardır. Beləliklə müəyyən olunur ki, həm iddiaçıya, həm də Ş.Quliyevə eyni nömrəli, 1369b saylı bağ sahəsi ayrılsa da, naturada həmin şəxslərə fərqli (qonşu) bağ sahləri verilmiş, həmin şəxslər 30 il ərzində bu bağ sahələrindən fasiləsiz istifadə etmişlər. İddiaçı hazırda Ş.Quliyevə ayrılmış bağ sahəsinə deyil, istifadəsində olan bağ sahəsinə çıxarış verilməsini xahiş edir, hansı ki, həmin bağ sahəsi naturada 1369v saylı bağa uyğun gəlir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mübahisəli əraziyə baxış keçirilmiş və araşdırma aparılmışdır. Mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu bağ massivində yerləşən İddiaçı istifadəsində olan mübahisəli torpaq sahəsinin iddiaçının iştirakı ilə koordinatları müəyyən edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xidməti məlumatlarına əsasən, iddiaçının göstərdiyi torpaq sahəsinin koordinatları daxilindəki sahə keçmiş X3 və İstismarı Birliyi tərəfindən yardımçı vasitə kimi istifadə edilən, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1369v saylı bağın yerinə uyğundur. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, mövcud bazaya əsasən Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-1, 1369v saylı bağ sahəsinə dair məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda isə göstərilmişdir ki, Vişnyovka-1 (Albalılıq) ərazisində yerləşən 1369v saylı bağ sahəsinə dair sənəd aşkar olunmadığı üçün hansı BTK tərkibində olmasını müəyyən etmək mümkün olmamışdır. İdarənin arxivində mövcud olan sənədlərə əsasən müxtəlif BTK nəzdində eyni bağ nömrələrinin təkrarlanmasına rast gəlinir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya sənəd əsasında bağ sahəsinin ayrılması işin mübhisəsiz halıdır. Həmin bağ sahəsinin nömrəsi digər şəxsə ayrılmış bağ sahəsinin nömrəsi ilə təkrarlansa da, faktiki olaraq fərqli torpaq sahələrindən istifadə olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçıya bağ sahəsi ayrılarkən qüvvədə olan (1971-ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, torpaqayırmanın əsas mərhələsi torpaq sahəsinin naturada mərzləşdirilməklə təhvil verilməsidir ki, bu hal olmadan torpaqayırmanın yekunlaşdırılmsı mümkünsüzdür. İşin istinad olunan hallarına əsasən müəyyən olunur ki, iddiaçıya naturada sənəddə göstərilən 1369b saylı bağ deyil, 1369v saylı bağ sahəsi təhvil verilmiş, iddiaçı bağ sahəsindən həmin tarixdən etibarən fasiləsiz istifadə etmişdir. Bu zaman onun istifadə etdiyi bağ sahəsinin 1369b saylı deyil, 1369v saylı bağ olması iddiaçının bilməli olduğu hal olmamış və ona torpaq ayıran müvafiq səlahiyyətli qurumun məsuliyyətində olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilməli və ona verilmiş hüquqmüəyyənedici sənədlərə əsasən istifadə etdiyi və 1369v saylı bağ ərzisinə uyğun gələn 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq 1 bağ massivində yerləşən 0,12 ha sahəsi olan 1369b saylı bağ sahəsi (naturada 1369v saylı bağ sahəsinin ərazisinə uyğun gələn) üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar