Məhkəmə qərarları › İş №2-1(112)-932/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-932/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-932/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin əssasız hesab edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin əssasız hesab edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı cavabdehin xx.xx.2023-cü il tarixli 049 nömrəli əmrinin əsassız hesab edilməsi və iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün qərar qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1976-cı il tarixdə anadan olmuşdur. O, 1998-ci ildən Azərbaycan Ordusunda xidmət edir. Sonuncu xidmət yeri X16 Hərbi İnstitutunda Silsilə rəisi vəzifəsi olmuşdur. 2021-ci ilin noyabr ayında həmin vəzifə ştatların ixtisarı ilə əlaqədar olaraq ixtisar olunmuşdur. 2022-ci ilin fevral ayında Hərbi Hava Qüvvələri İdarəsində onunla söhbətləşmə aparılmış və ona həmin İdarədə baş zabit vəzifəsində xidmətini davam etdirmək təklif edilmişdir. O, təklifi qəbul etmiş və söhbətləşmə vərəqəsinə razılıq barədə imza atmışdır. Lakin, sonradan onun bilmədiyi səbəblərdən həmin vəzifəyə təyin olunmamışdır. Növbəti dəfə 2022-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri İdarəsində onunla təkrar söhbətləşmə aparılmış və ona Kürdəmir rayonunda Hərbi Hava Qüvvələrinin Tədris Mərkəzində vəzifə maaşı aşağı olan vəzifə təklif edilmişdir. Övladının sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar olaraq həmin vəzifədən imtina edərək komandanlıqdan ştatların ixtisarı ilə tərxis olunmasını söhbətləşmə vərəqəsinə yazılmasını xahiş etmişdir. Bundan sonra 02 dekabr 2022-ci il tarixdə 8069 qeydiyyat nömrəli raportla “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması barədə X16 Hərbi İnstitutun rektoruna müraciət etmişdir. X16 Hərbi İnstitutun rektorunun xx.xx.2022-ci il tarixli 1108 nömrəli göndərişi ilə 09 yanvar 2023-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Tərxis olunmaq istəyinin əsas səbəbi övladının sağlamlıq imkanlarının məhdud olması, diğər övladının pullu (illik təhsil haqqı 1800 manat) təhsil alması və ona təklif olunan vəzifələrin vəzifə maaşının aşağı olması olmuşdur. Bildirir ki, 47 yaşı var. Üç övlad atasıdır. Aldığı əmək haqqı övladlarının təhsil haqqına, müalicəsinə, geyim və qidalanmasına çətinliklə çatır. Lakin, tərxis raportunun əksinə olaraq razılığı olmadan onun Müdafiə Nazirinin xx.xx.2023-cü il tarixli 049 nömrəli əmrinə əsasən Kürdəmir rayonunda Hərbi Hava Qüvvələrinin Tədris Mərkəzində yerdəyişmə barədə əmri gəlmişdir. O, cavabdehin hərəkətlərini qanusuz və ədalətsiz hesab edir, düşünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalıdır.

3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək onun “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman vəzifə maaşının X16 Hərbi İnstitutunda Silsilə rəisi vəzifəsinin maaşı ilə hesablanmasının və 25 aprel 2023-cü il tarixdən ordu sıralarından tərxis olunan tarixədək maaş fərqində ona dəymiş ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam göndərilmiş, sərəncama əsasən Azərbaycan Rspublikası Müdafiə Nazirliyi X16 Hərbi İnstitut tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15-ci maddəsinə əsasən “Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: ştatların ixtisarına görə - ştatların ixtisarı və ya təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda”. Eyni Əsasnamənin 81 -ci maddəsinə əsasən “Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; Ştatların ixtisarına, səhhətinə, yaşa və ailə vəziyyətinə görə hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilməsi, əgər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvafiq qoşun, silahlı qüvvələr, xidmət növlərində bərabər vəzifələr yoxdursa, onlara verilmiş hüquqlar dairəsində vəzifələrə təyin etmək birbaşa rəislər tərəfindən edilir. Ştatların ixtisarı ilə əlaqədar aşağı vəzifələrə keçirilmiş və əvvəlki vəzifələrə bərabər vəzifələrin tutulması üçün zəruri olan tələblərə cavab verən hərbi qulluqçular, xidmət üzrə irəli çəkilmək üçün üstün hüquqa malikdirlər”. Yuxarıda qeyd olunanlardan görünür ki, ştat ixtisarı baş verdiyi halda komandanlıq hərbi qulluqçu barədə iki qərar qəbul edə bilər: ya onu ehtiyata və ya istefaya buraxa bilər, ya da hərbi xidmətdə saxlayaraq onu bərabər və hətta aşağı vəzifəyə təyin edə bilər. Lakin polkovnik-leytenant İddiaçı istifadəsi mümkün olduğundan o, hərbi xidmətdə saxlanılmış və xidmət yeri digər hərbi hissəyə dəyişdirilərkən aşağı vəzifəyə yox, bərabər vəzifəyə təyin olunmuşdur.

5. Cavabdehin etirazına əsasən iddiaçı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, X16 Hərbi İnstitut rektorunun hüquq işləri üzrə köməkçisi-baş müəllim Nümayəndə1 məhkəməyə ünvanladığı 03 iyun 2023-cü il tarixli 1318 nömrəli etirazında bildirir ki, İddiaçı iddia ərizəsi qanuna müvafiq deyildir və rədd edilməlidir. X16 Hərbi İnstitut rektorunun 07 iyun 2022-ci il tarixli 26 nömrəli əmrindən çıxarışda göstərilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 4 may 2022-ci il tarixli 050 nömrəli əmrinə əsasən X16 Azərbaycan Ali Hərbi Məktəbinin ləğv edilməsi və X16 Hərbi İnstitutun ştatının qüvvəyə minməsi ilə əlaqədar olaraq ştatdankənar hərbi qulluqçu polkovnikleytenant İddiaçı Hərbi Hava Qüvvələri fakültəsi rəisinin tabeçiliyinə verilsin. Bu əmrdən çıxarışdan belə məlum olur ki, o, 07 iyun 2022-ci il tarixdən sərəncamdadır. Əslində isə onun vəzifəsi (X11 fakültəsinin Zenit-Raket Qoşunları və X6 Müdafiəsi kafedrasının zenitraket qoşunları silsiləsinin rəisi) 2021-ci ilin noyabr ayından ştatların ixtisarı ilə əlaqədar olaraq ixtisar olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli 049 nömrəli əmrinə qədər o, 1 ildən artıq müddətdə sərəncamda olmuşdur. Bu hal isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 38.2 maddəsinin (hərbi qulluqçulrın sərəncamda olma müddətləri) 38.2.2. (ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar vəzifədən kənar edildikdə - 4 aydan artıq olmamaq şərti ilə) yarımbəndinin pozulması deməkdir. Nümayəndə1 etirazında bildirmişdir ki, ştat ixtisarı baş verdiyi halda komandanlıq hərbi qulluqçu barədə iki qərar qəbul edə bilər: ya onu ehtiyyata və ya istefaya buraxa bilər, ya da hərbi xidmətdə saxlayaraq onu bərabər və hətta aşağı vəzifəyə təyin edə bilər. Lakin, polkovnik- leytenant İddiaçı istifadəsi mümkün olduğundan o, hərbi xidmətdə saxlanılmış və xidmət yeri digər hərbi hissəyə dəyişdirilərkən aşağı vəzifəyə yox, bərabər vəzifəyə təyin olunmuşdur. Bildirir ki, onu 810 AZN vəzifə maaşından 770 AZN vəzifə maaşına göndərmişlər və əmək haqqından 63 manat itirmişdir. Ayda 4 dəfə hər həftənin şənbə-bazar günləri Kürdəmir rayonuna gedib gəlmək üçün xərclədiyi yol pulu 120 AZN və yorğunluğu nəzərə almır. Mənzilin müvəqqəti kirayəsi üçün 450 AZN xərci də, üzərinə gəlsə, ümumilikdə hər ay 633 AZN ailə büdcəsindən itirmiş olur. Nəzərə alınsa ki, himayəsində sağlamlıq imkanları məhdud uşağı, şəkər xəstəsi olan anası, yaşlı atası və universitet tələbəsi (1800 manat illik təhsil haqqı) olan qızı var. Bütövlükdə onun ailə düzənini pozmuşlar. Ona maddi və mənəvi ziyan vurmuşlar. Nümayəndə1 yazdığının əksinə olaraq vəzifə maaşı fərqindən görürlər ki, onu bərabər vəzifəyə yox aşağı vəzifəyə təyin ediblər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 337-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında əsasnamənin" 81-ci maddəsinin (hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri) a bəndinə əsasən (ştatlar ixtisar olunduqda) ştatların ixtisarına, səhhətinə, yaşa və ailə vəziyyətinə görə hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilməsi, əgər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvafiq qoşun, silahlı qüvvələr, xidmət növlərində bərabər vəzifələr yoxdursa, onlara verilmiş hüquqlar dairəsində vəzifələrə təyin etmək birbaşa rəislər tərəfindən edilir. Halbuki, sərəncamda olduğu bir ildən artıq müddətdə həm X16 Hərbi İnstitutda (Hərbi Hava Qüvvələri fakültəsində X11 kafedra rəisi vəzifəsi, yaxud kafedra rəisinin müavini vəzifəsi boşalmış) həm də, Hərbi Hava Qüvvələri İdarəsində (2022-ci ilin fevral ayında onunla aparılmış söhbətləşməyə əsasən vəzifə maaşı yuxarı olan vəzifəyə təyin olunmalı idi) bərabər maaşlı vəzifəyə təyin edə bilərdilər. Buradan belə nəticə çıxarır ki, onun və ailəsinin taleyi vəzifəli şəxsləri maraqlandırmır. Lakin, polkovnik-leytenant Nümayəndə1 özünün imza atdığı etiraz məktubuna əlavə etdiyi qoşmada onun X16 Hərbi İnstitut rektoruna 02 dekabr 2022-ci il tarixdə 8069 qeydiyyat nömrəli raportla "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "q" bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması barədə yazdığı raporta göz gəzdirməyib. Belə ki, raportunun sol yuxarı küncünə X16 Hərbi İnstitut rektoru cənab general-mayor Fizuli Salahovun ZGKBR (zabit və gizirlərlə komplektləşdirmə bölmə rəisinə) icraya əmri vermişdir. Yəni Hərbi İnstitut rektoru onun hərbi xidmətdə istifadə olunmasını məqsədəuyğun saymamışdır. Lakin, X16 Hərbi İnstitutun Şəxsi Heyət Şöbəsinin zabit və gizirlərlə komplektləşdirmə bölməsinin rəisi polkovnik- leytenant X3 rektorun əmrini X16 Hərbi İnstitutun Şəxsi Heyət Şöbəsinin rəisi polkovnik X1 şifahi göstərişinə əsasən icra etməmişdir. Hansı ki, V. Səmədov hüquqşünas kimi rektorun tərxis raportunun icra olunması barədə verdiyi əmri icra etmədikləri üçün polkovnik Abubəkirov və polkovnikleytenant Ağakişi barəsində araşdırma aparmaq əvəzinə onun qanuni tələbinə kölgə salmaq istəyir. Yuxarıda qeyd olunan halları nəzərə alaraq məhkəmədən cavabdehin etirazı (İddiaçı ərizəsinə dair) heç bir hüquqi və insani qanunlara əsaslanmadığı üçün verilmiş tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsinə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. X16 Hərbi İnstitut Rektorunun xx.xx.2022-ci il tarixli 26 nömrəli əmrinən çıxarışın 1-ci bəndinə əsasən aşağıda adları qeyd olunan hərbi qulluqçular institut rektorunun müavini, kurslar, fakültə, şöbə rəislərinin və tabor komandirlərinin müvəqqəti tabeçiliyinə verilmişlər. Əmrin 1.7-ci bəndinə əsasən X16 Hərbi İnstitutun Hərbi Hava Qüvvələri fakültəsi rəisinin: 1.7.3. polkovnik-leytenant İddiaçı, X11 fakültəsinin Zenit- Raket Qoşunları və X8 Müdafiəsi kafedrasının zenit-raket qoşunları silsiləsinin rəisi; Əmrin 2-ci bəndinə əsasən əmrin icrasına nəzarət X16 Hərbi İnstitut rektorunun ümumi işlər üzər müavininə tapşırılmışdır.

9. X16 Hərbi İnstitut Rektorunun 115 nömrəli 25 aprel 2023-cü il tarixli əmrindən çıxarışa əsasən - X16 Azərbaycan Ali Hərbi Məktəbinin X11 fakültəsinin zenit-raket qoşunları və X6 müdafiəsi kafedrasının zenit-raket qoşunları silsiləsinin rəisi polkovnikleytenant İddiaçı, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq N nömrəli hərbi hissənin Hava X2 kurslarının zenit-raket X4 - kurslar rəisinin müavini vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin 25 aprel 2023-cü il tarixdən Məktəbin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsin. Polkovnik-leytenant İddiaçı, 2023-cü il yanvar-mart aylarındakı xidmətinə görə Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"yə müvafiq olaraq birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Polkovnik-leytenant İddiaçı 2023-cü il üçün nəzərdə tutulmuş birdəfəlik maddi yardım ödənilmişdir. 2023-cü ilin növbəti məzuniyyətindən 45 (qırx beş) gün istifadə edib, məzuniyyətə görə əlavə pul təminatı ödənilib. Əsas: X9 müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli 049 nömrəli əmrindən çıxarış (daxil olma №71).

10. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 15 oktyabr 2021-ci il tarixli 0245 nömrəli əmrinə əsasən X16 Azərbaycan Ali Hərbi Məktəbində yeni ştatın qüvəyə minməsinə və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 78-ci maddəsinə müvafiq olaraq digər hərbi hissədə müvafiq vəzifəyə təyin olunması barədə təqdimat iş materiallarına əlavə olunmuşdur.

11. İddiaçı Hərbi Hava Qüvvələri fakültəsinin rəisinə ünvanlanmış “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması barədə raport iş materiallarına əlavə edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən xx.xx.2023-cü il tarixli 8408 nömrəli məktubla İddiaçı ilə 31 avqust 2022-ci il tarixdə aparılmış söhbətləşmə vərəqəsi məhkəməyə təqdim edilmişdir. Həmin söhbətləşmə vərəqəsinə əsasən İddiaçı ona təklif olunan Kürdəmir rayonunda yaradılan X7 polkovnik-leytenant vəzifəsinə övladının sağlamlıq imkanlarının məhdudluğu səbəbindən razılıq verməmişdir. Vəzifəsinin ixtisara düşməsi ilə əlaqədar olaraq ştatların ixtisarı ilə Azərbaycan Ordusundan tərxis olunmasını xahiş etmişdir.

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəmənin elektron poçt ünvanına xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubla bildirilmişdir ki, İddiaçı ilə 2022-ci il avqust ayından başqa 2022-ci il ərzində söhbətləşmə aparılması barədə hər hansı bir sənəd qeydiyyata alınmamışdır.

14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universteti tərəfindən xx.xx.2024-cü il tarixli 1043 nömrəli məktubla X9 Müavini - Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin 049 nömrəli 17 fevral 2023-cü il tarixli əmrindən iddiaçıya məxsus hissədə çıxarış məhkəməyə təqdim edilmişdir. Həmin əmrə əsasən X5 tutduğu vəzifədən azad edilmiş və Hərbi Hava Qüvvələrinin Təlim və X15 X2 X13 X4 – Kurslar Rəisinin müavini təyin olunmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

20. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir.

21. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə işdə iştirak edən iddiaçının vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

23. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

25. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; Həmin Qanunun 34.1-ci maddəsinə əsasən bu Qanunun 34.5-ci maddəsində göstərilən hallardan başqa hərbi qulluqçular ştat vəzifələrində həqiqi hərbi xidmət keçirlər. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri və bu vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, idarələrin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin) ştatlarında nəzərdə tutulur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən hərbi qulluqçular müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət orqanlarına, təşkilatlara ezam oluna bilərlər. Zabitlər xidmətlərini davam etdirmək üçün müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən beynəlxalq təşkilatlara ezam oluna bilərlər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən hərbi qulluqçuların xidmətdə bir hərbi vəzifədən başqa hərbi vəzifəyə keçirilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 34.5-ci maddəsinə əsasən hərbi qulluqçular ali zabitlər tərəfindən tutulmalı olan hərbi vəzifələrə, qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunurlar. Həmin Qanunun 41.0-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);

26. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunun ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. Həmin Əsasnamənin 15-ci bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: xidmət müddəti başa çatdıqda (hərbi təhsil müəssisələrinin kursantlarından və kadr zabitlərindən başqa); xəstəliyə görə — hərbihəkim komissiyasının rəyinə əsasən; ştatların ixtisarına görə — ştatların ixtisarı və ya təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); Həmin Əsasnamənin 81-ci bəndinə əsasən hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda;.. Ştatların ixtisarı ilə əlaqədar aşağı vəzifələrə keçirilmiş və əvvəlki vəzifələrə bərabər vəzifələrin tutulması üçün zəruri olan tələblərə cavab verən hərbi qulluqçular, xidmət üzrə irəli çəkilmək üçün üstün hüquqa malikdirlər. Həmin Əsasnamənin 156-cı bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

27. Hazırki işin faktiki hallarından göründüyü kimi, iddiaçının xidmət etdiyi ştat ixtisar olunsa da, o, ixtisasına uyğun başqa vəzifəyə keçirilmiş, iddiaçı həmin vəzifəyə keçirilməsinə etiraz etdiyini bildirirərək ştatların ixtisarı ilə əlaqədar tərxis olunmasını xahiş etsə də, xidmətdə ondan istifadə etmək mümkün olmuşdur. Belə olan halda onun ixtisarla ehtiyata buraxılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas yaranmamışdır və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı İsayıl oğlunun qanunvericilikdə nəzərdə tutulmuş hüquqları pozulmamışdır.

28. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

29. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

31. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar