Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9320/2022 22.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı «icra sənədinin icra edilməməsi ilə bağlı istintaq orqanına təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı «icra sənədinin icra edilməməsi ilə bağlı istintaq orqanına təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2561/2013 saylı iş üzrə 14 avqust 2013-cü il tarixli icra sənədi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icraatındadır. Həmin icra sənədinə əsasən X1 Bakı şəhəri 43 saylı Notariat Kontorunda təsdiq edilmiş 14 iyun 2012-ci il tarixli kredit müqaviləsi üzrə 260.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmamlıdır. İcra vərəqəsinin verilməsindən 8 ildən artıq müddət keçsə də, həmin sənəd icra edilməmişdir. İcra sənədinin icrası istiqamətində borclu tərəfindən heç bir addım atılmamış, heç bir məbləğ iddiaçıya ödənilməmişdir. İcra vərəqəsinin icrasının vəziyyəti barədə məlumat əldə etmək, həmçinin icra vərəqəsinin məcburi icra edilməsinin təmin edilməsi, əks halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tətbiqi üzrə müvafiq addımların atılması barədə Yasamal rayon İcra şöbəsinə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, şöbə tərəfindən hərəkətsizlik göstərilməsi davam edir. Bu barədə Ədliyyə Nazirliyinin İcra baş idarəsinə də müraciət ünvanlanmışdır. Lakin bu günəıdək İdarədən hər hansı cavab verilməmişdir. İcra vərəqəsinin, yekunda məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət işinin başlanması tələbi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət edilmiş və həmin müraciətə cavab məktubunda bildirilmişdir ki, müvafiq icra məmurundan bununla bağlı təqdimat daxil olmamışdır, təqdimat daxil olduğu təqdirdə məsələyə baxılacaqdır. İddiaçı hesab edir ki, şöbənin icra məmurunun hərəkətsizliyi qanunsuzdur və borclunun icra vərəqəsi üzrə borclunun mümkün qədər ödəniş etməməsinə və məhkəmə qərarının icrasız qalmasına səbəb olur. Belə ki, borclu üzün müddət öz icra vərəqəsi üzrə öhdəliyini icra etməkdən yayınmış və qətnaməni özü icra etməmişdir. Yasamal rayon İcra şöbəsi də borclunu müvafiq addımlar atmağa məcbur etməkdə hərəkətsizlik göstərməkdədir. Görülmüş icra tədbirləri Yasamal Rayon Məhkəməsinin 3(004)-1473/2021 saylı iş üzrə 25 avqust 2021-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və Yasamal Rayon Məhkəməsinin həmin saylı iş üzrə 22 iyun 2021-ci il tarixli qərarı ilə borclunun 8 gün müddətində inzibati həbs edilməsi icra vərəqəsinin icrası istiqamətində hər hansı müsbət nəticə verməmişdir. Göstərilən icra tədbirlərinin sonuncusunun tətbiqindən bu günədək bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Yasamal rayon İcra şöbəsi tərəfindən digər hər hansı əməli tədbir görülməmişdir. Belə olan halda, İcra şəbəsinin icra məmurunun hərəkətsizliyi, müvafiq təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət etməməsinin səbəbi tamamailə naməlum qalır. Borclu öz öhdəliklərini qərəzli olaraq icra etməmişdir və buna görə məhz məhkəmə qərarı bu günədək uzun müddətdir ki, icra edilmədən qalmaqdadır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8, 12, 26, 82.3-cü maddələrinə və digər normalara əsaslanaraq, Yasamal Rayon Məhkəməsinin 2(004)-2561/2013 saylı iş üzrə 14 avqust 2013-cü il tarixli icra sənədinin icra edilməsindən qərəzli şəkildə yayındığına görə borclunun Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqında müvafiq istintaq orqanına təqdimatla müraciət edilməsi öhdəliyinin cavabdeh Yasamal rayon İcra şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdilədiyini və işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirdi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 82.3-cü maddəsinə görə icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müəssisə, təşkilat, idarə və vətəndaşlara İcra məmurları tərəfindən vurulmuş ziyan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir. Məhkəmələrin mülki, inzibati və iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra qanunvericiliyinin yuxarıda qeyd olunan müddəaları belə qənaət yaradır ki, mülki məhkəmə icraatı qaydasında baxılmış mübahisələrlə bağlı verilmiş icra sənədlərinin icrası üzrə icra işində iştirak edən tərəflərin icra məmurunun qərarlarından, eləcə də hərəkət və hərəkətsizliklərindən şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, bu şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Lakin hazırkı iş üzrə İddiaçı inzibati məhkəmə icraatı qaydasında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq mülki iş üzrə verdiyi icra sənədinin icrası istiqamətində hərəkətsizliyini icra işi üzrə tələbkar kimi mübahisələndirir və həmin iş üzrə borclunun cinayət məsuliyyətinə cəlb olunması haqqında aidiyyəti orqana təqdimat verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin üzərinə qoyilmasını tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, İPM-in 2.1-ci maddəsinin tələblərinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz. Odur ki, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-9320/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9320/2022
22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver