Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9321/2025 25.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “yaşayış sahəsi ilə təmin edilmə və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) onun yaşayış sahəsi və avtomobil ilə təmin edilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (bundan sonra-cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək ona ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-3/2-N-9745/2025 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamına əsasən, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş gözdən əlilliyi müəyyən edilmiş şəsxlərin mənzil növbəliliyi siyahıda mərhum qardaşı Allahqulu Nəcəfqulu oğlunun adı qeyd edilməmişdir. X1 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmadığından iddiaçının sosial-məişət şəraitinin Nazirlik tərəfindən yaxşılaşdırılması mövcud qanunvericiliyə uyğun deyildir. Nazirlik tərəfindən imtiyazlı şəxslərin avtomobillə təminatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən həyata keçirilir və sözügedən sənəddə yalnız tibbi göstərişlə minik avtomobili ilə təmin edilməsi üçün əsas yaradan diaqnozu müəyyən edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çemobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin avtomobillə təmin edilməsi nəzərdə tutulmuşdur. Allahqulu Nəcəfqulu oğlu yuxarıda qeyd olunan Qayda ilə müəyyənləşdirilmiş imtiyazlı şəxslər kateqoriyasına aid edilmədiyindən Nazirlik tərəfindən avtomobillə təmin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanunda nəzərdə tutulmuş formada sosial xidmətlər çərçivəsində ya avtomobil, ya motorlu araba və ya yaşayış yeri verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona qanunda nəzərdə tutulmuş formada sosial xidmətlər çərçivəsində həm avtomobil, həm də mənzil verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, qəyyumu olduğu Allahqulu Nəcəfqulu oğlu, yəni qardaşı xx.xx.2021-cı il tarixdə vəfa etmişdir. Allahqulu Nəcəfqulu oğlu əlil olmuş fəaliyyət qabiliyyəti olmadığına görə iddiaçı ona qəyyum təyin olunmuşdur. Bununla yanaşı dəfələrlə müxtəlif dövlət qurumlarından avtomobil və ev verilməsi ilə bağlı xahişlər etsə də, hər dəfəsində müxtəlif bəhanələrlə bu istəyini gerçəkləşdirməmişlər. Hələ qardaşı həyatda olan zaman onun bütün çətinliklərini iddiaçı qarşılamış, qulluğunda durmuşdur və həyatda qalması üçün əlindən gələn hər şeyi etmişdir. Əgər vaxtında cavabdeh təşkilat iddiaçının müraciətinə - ərizəsinə lazımi qaydada diqqət yetirib ona ya avtomobil və ya motorlu araba ilə təmin olunmaq, ya da yaşayış sahəsini yaxşılaşdırmaq barədə köməklik göstərsə idi, onun həyatda qalma şansı bir az da artmış olardı. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etirazda göstərilmişdir ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamına əsasən mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırırıq ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş gözdən əlilliyi müəyyən edilmiş şəsxlərin mənzil növbəliliyi siyahıda iddiaçının mərhum qardaşı Allahqulu Nəcəfqulu oğlunun adı qeyd edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.3- cü və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onunla birlikdə mənzil növbəliliyinə götürülmüş ailə üzvləri üçün yerli icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Belə olan halda isə X1 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmadığından iddiaçının sosial-məişət şəraitinin Agentlik tərəfindən yaxşılaşdırılması mövcud qanunvericiliyə uyğun deyildir. Əlavə olaraq bildiririk ki, Agentlik tərəfindən imtiyazlı şəxslərin avtomobil təminatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən həyata keçirilir və sözügedən sənəddə yalnız tibbi göstərişlə minik avtomobili ilə təmin edilməsi üçün əsas yaradan diaqnozu müəyyən edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin avtomobillə təmin edilməsi nəzərdə tutulmuşdur. Beləliklə də iddiaçının qardaşı Allahqulu Nəcəfqulu oğlu yuxarıda qeyd olunan Qayda ilə müəyyənləşdirilmiş imtiyazlı şəxslər kateqoriyasına aid edilmədiyindən tərəfimizdən avtomobillə təmin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı hazırda onun mənzillə təmin olunmasını xahiş edir, hansı ki, belə bir iddia məcburetmə haqqında iddiaya aiddir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-cü maddəsi). Bu iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququ mövcuddur. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh quruma müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26 saylı Birləşmiş şəhər xəstəxanasının xx.xx.2019-cu il tarixli, 1470 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında yaşayan xx.xx.1957-ci il təvəllüdlü Allahqulu Nəcəfqulu oğlunun "11B" bəndi üzrə diaqnozunun açıqlanması "Qan və qanyaradıcı orqanların xəstəlikləri, immunçatışmamazlığı halları: B Qanın tərkibinin mühüm dəyişiklikləri, və periodik kəskinləşmələrlə tədricən proqressivləşən” qeyd olunmuşdur. 077468 nömrəli, xx.xx.2016-cı il verilmə tarixli əlillik vəsiqəsindən görünür ki, Allahqulu Nəcəfqulu oğlu xx.xx.2017-ci ilədədk İ (birinci) qrup ümumi səbəbdən əlil hesab edilmişdir. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 877 nömrəli sərəncamından görünür ki, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanda yaşayan İddiaçı RİH-ə ərizə ilə müraciət edərək bildirmişdir ki, onun qardaşı X6 rayon məhkəməsinin qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Allahqulu Nəcəfqulu oğlu ruhi xəstədir, ona İİ qrup əlillik ömürlük təyin edilmişdir. Allahqulu Nəcəfqulu oğlu fəaliyyət qabiliyyəti olmadığı üçün onun üzərində kənar şəxsin daim diqqət və ciddi nəzarətinə ehtiyac duyulur. Məhz bununla əlaqədar olaraq Nəcəfova X2 Nəcəfqulu oğlunun üzərində qəyyum təyin olunmaq istəmişdir. Yuxarıda qeyd olunanları nəzərə alıb Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 28.8, 33.4-cü maddəsini, Xəzər RİH-nin qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2014-cü il tarixli qərarını rəhbər tutaraq: İddiaçı qardaşı Allahqulu Nəcəfqulu oğlunun üzərində qəyyum təyin olunmuşdur. Bir qəyyum kimi İddiaçı qardaşı Allahqulu Nəcəfqulu oğlunun şəxsi, əmlak, hüquq və mənafelərini qorumaq tapşırılmışdır. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin 16 may 2025-ci il tarixli, 5-21/2- 2189/2025 nömrəli məktubundan görünür ki, 1959-cu il təvəllüdlü X5nun əlilliyi olan şəxs kimi mənzil uçotuna alınması, habelə mənzillə təmin edilib-edilməməsi ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətində hər hansı bir məlumat aşkar edilmədiyindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İdiaçı hazırda qəyyumu olduğu mərhum qardaşı Allahqulu Nəcəfqulu oğlunun əlilliyi müəyyən edilən şəxs olmasına istinad edərək, onun qəyyumu kimi minik avtomobili və yaşayış sahəsi ilə təmin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, aşağıdakılara görə iddia təmin edilə bilməz. Minik avtomobilinə münasibətdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cü maddəsinə əsasən: 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş yuxarıda istinad olunan “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən: -bənd 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. -bənd 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. - bənd 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X3 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X7 tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -bənd 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X3 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. -bənd 2.4. Şəxs reabilitasiya vasitələri ilə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş sayda, həmçinin tibbi göstərişlər, əks göstərişlər nəzərə alınmaqla hazırlanma, dəyişdirilmə və ya təmir müddətləri çərçivəsində təmin edilir. -bənd 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. -bənd 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X4 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. İstinad olunan normalardan görünür ki, əliliyi müəyyən edilmiş şəxsin minik avtomobili ilə təmin edilməsi üçün:
1. Əliliyi müəyyən edilmiş şəxs həyatda olmalı;
2. Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalarının qərarı olmalı;
3. Növbəlilikdə onun sırası çatmalıdır. İşdən görünür ki, Allahqulu Nəcəfqulu oğlu hazırda vəfat etmişdir, həmçinin onun minik avtomobili ilə təmin edilməsi üçün Agentliyinin tibbi-sosial ekspert komissiyasının qərarı yoxdur. Məhkəmə qeyd edir ki, minik avtomobili reabilitasiya vasitəsi olmaqla, əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəlmiş vasitədir və əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpası məqsədi güdür. Məhz buna görədir ki, həmin vasitə yalnız əlilliyi olan şəxsə verilə bilər, əgər həmin şəxs vəfat etmişsə, qanunverici onun ailə üzvünə həmin vasitənin verilməsini nəzərdə tutmamış, belə bir vasitə üçün növbədə olan şəxsin növbəsinin ləğv edilməsini müəyyən etmişdir. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, vəfat etmiş Allahqulu Nəcəfqulu oğlunun qəyyumu olmuş iddiaçının minik avtomobili ilə təmin edilməsi barədə hazırkı tələbi təmin edilə bilməz. Yaşayış sahəsinin verilməsinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirilməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Həmin Fərmanının 2-ci hissəsinə əsasən yerli icra hakimiyyəti orqanlarının: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etmələri və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermələri qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s saylı sərəncamından görünür ki, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, hazırkı qanunvericilik aşağıdakı kateqoriyadan olan şəxslərin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilməsini nəzərdə tutmuşdur:
1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
2. şəhid ailələri;
3. Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
4. xx.xx.2021-ci il tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslər;
5. xx.xx.2021-ci il tarixədək uçotda olan uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları. İstinad olunan normalardan görünür ki, həmin kateqoriyaya aid olan uçota alınmış şəxslər barədə məlumatı yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Nazirliyin Sosial Xidmətlər Agentliyi də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”na əsasən: -bənd 1.2. Bu Qaydada istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. əlilliyi olan şəxsin uçotunun saxlanılması - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin (bundan sonra - əlilliyi olan şəxs) yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması; 1.2.2. əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər; 1.2.3. uçota alınmanı həyata keçirən orqan - əlilliyi olan şəxsin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə orqanı. -bənd 2.1. Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. Qanunvericiliyin sadalanan normalarından görünür ki, əlilliyi olan şəxsin ailə üzvlərinin mənzillə təmini o zaman mümkündür ki:
1. əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınsın;
2. şəxs, əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınsın. İş materiallarından isə görünür ki, əlilliyi olan şəxs kimi Allahqulu Nəcəfqulu oğlu yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmamış, onun növbəliliyi olmamışdır. Belə olan halda isə aydındır ki, iddiaçı onun ailə üzvü kimi mənzillə təmin edilməsini tələb edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ünvanlanmış imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova