Məhkəmə qərarları › İş №2-1(112)-9322/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9322/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9322/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə (hüquqşünas, Bakı şəhəri, Xətai rayonu, 1145-ci məhəllə, Nəcəfqulu Rəfiyev küçəsi, ev 28A, mənzil 20), Cavabdehin nümayəndəsi X10 (hüquqşünas, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 37A, mənzil 21) iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzilə dair kirayə müqaviləsinin bağlanılması tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, 5 saylı evin sıxlaşdırılmış 24 saylı mənzilin yaşayış sahəsi 17,9 kv.metrdən ibarət olan otağına dair kirayə müqaviləsinin iddiaçının adına bağlanılması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəs, 5 saylı evin 24 saylı mənzili yaşayış sahəsi 52,9 kv.metr olmaqla üç otaqdan ibarətdir. Kirov rayon XDS icraiyyə komitəsinin xx.xx.1960-cı il tarixli, 02774 saylı orderinə əsasən Bakı şəhəri, ünvan 1 evin 24 saylı sıxlaşdırılmış mənzilinin, yaşayış sahəsi 35,0 kv.metr olan 2 otağının kirayəçisi olmuş iddiaçının atası X5 ölümü ilə əlaqədar xx.xx.1990-cı il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli, 61/4 saylı sərəncamı ilə Bakı şəhəri, ünvan 1 evin 24 saylı mənzilinin, yaşayış sahəsi 35,0 kv.metr olan 2 otağına dair kirayə müqaviləsi 4 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı və oğlu) adına (İddiaçı) dəyişdirilmiş və qeyd edilən mənzilin 2 otağının kirayəçisi hesab edilmişdir. Həmin 3 otaqlı mənzillin digər yaşayış sahəsi 17,9 kv.metr olan bir otağında isə əvvəllər X9 və X18 yaşamış və 1968-cı ildən onlara verilmiş Bakı şəhəri, Biləcəri qəsəbəsi, Azəf Zeynallı küçəsi, 31 saylı evin, 10 saylı mənzilinə köçməklə qeydiyyatdan çıxmışlar. Göstərilən vaxtdan binanın əvvəllər balanssaxlayan təşkilatı olmuş Azərbaycan Dəmir Yolu İdarəsi tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə həmin üç otaqlı 24 saylı mənzilin, yaşayış sahəsi 17,9 kv.metr olan boşalmış bir otağı da ailənin istifadəsinə vermiş, lakin müvafiq sənədləşmə işləri aparılmamışdır. Belə ki, 52 ildir qeyd olunan yaşayış sahəsi 52,9 kv.metr 3 otaqlı 24 saylı mənzil istifadəsindədir və kommunal xərcləri ödəməklə yanaşı, (müvafiq xidmətlərə görə qoyulmuş sayğaclar yalnız ona məxsusdur) yaşayış şəraitinə uyğun olaraq orada lazımi təmir bərpa islərini öz vəsaiti hesabına aparmışdır. 2002-ci ilidən yaşayış binası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Yaşadığı sıxlaşdırılmış 24 saylı mənzilin əlavə bir otağına adına kirayə müqaviləsinin bağlanılması barədə müraciətinə Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2021-ci il tarixli, H-44 saylı cavab məktubu ilə imtina edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə bildirilir ki, əvvəllər Azərbaycan Dövlət Dəmir Yoluna məxsus olmuş yaşayış binaları, o cümlədən ünvan 1 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 193 saylı sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə əvəzsiz olaraq Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bakı şəhəri, ünvan 1 evin 24 saylı mənzili, yaşayış sahəsi 52,9 kv.metr 3 otaqdan ibarətdir. -Keçmiş Kirov rayon XDS icraiyyə komitəsinin mənzil idarəsi tərəfindən xx.xx.1960-cı il tarixli 02774 saylı orderə əsasən Bakı şəhəri, Natəvan küçəsi, 5 saylı evin sıxlaşdırılmış 24 saylı mənzilinin, yaşayış sahəsi 35,0 kv. metr olan 2 otağı iddiaçının atası X5 istifadəsinə verilmişdir. -Həmin mənzilin yaşayış sahəsi 17,9 kv. metr olan digər 1 otağında isə X6 ailə üzvləri ilə birlikdə yaşamışdır. 1964-cü ildə onların mənzil şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar olaraq- X3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 31 saylı evin 2 otaqdan ibarət 10 saylı mənzili istifadələrinə verilmiş və Natəvan küçəsi, 5 saylı evin sıxlaşdırılmış 24 saylı mənzilinin yaşayış sahəsi 17,9 kv.metr olan otağından isə köçərək otağı boşaltmışdır. Həmin vaxtdan boşalmış otaq X5 və onunla yaşayan ailəsinin istifadəsində qalmışdır. Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 31 saylı evin 2 otaqdan ibarət 10 saylı mənzilində xx.xx.1966-cı ildən pasport qeydiyyatında olan X6 başqa yerə köşməsi ilə əlaqədar xx.xx.1990-cı lı tarixdən qeydiyyatdan çıxarılmışdır. Hal-hazırda Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 31 saylı evin 10 saylı mənzilində E.Q.Xarçenkonun oğlu X12 xx.xx.1965-ci il tarixdən qeydiyyatda olmaqla orada yaşayır. Göstərilən 10 saylı mənzil 1994-cü ildən onun mülkiyyətindədir. Əlavə olaraq bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli, 61/4 saylı sərəncamı ilə Bakı şəhəri, ünvan 1 evin 24 saylı mənzilinin, yaşayış sahəsi 35,0 kv.metr olan 2 otağına dair kirayə müqaviləsi 4 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı və oğlu) mənzilin əsas kirayəçisi X2 Elman Mehman oğlunun adına dəyişdirilmiş və o, qeyd edilən mənzilin 2 otağının kirayəçisi hesab edilmişdir. Lakin iddiaçı Hüseynov X1, 5 saylı evin sıxlaşdırılmış 24 saylı mənzilinin yaşayış sahəsi 17,9 kv.metr istifadəsində olan 1 otağının adına sənədləşdirilməsinə dair vaxtında binanın əvvəllər məxsus olduğu Azərbaycan Dövlət Dəmir Yoluna müraciət etmədiyindən yaşayış sahəsinə kirayə müqaviləsi bağlanılması barədə xahişi təmin edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçı Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, 5 saylı evin sıxlaşdırılmış 24 saylı mənzilin yaşayış sahəsi 17,9 kv.metrdən ibarət olan otağına dair kirayə müqaviləsinin iddiaçının adına bağlanılması barədə sərəncam verilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İmtina məktubunda bildirilmişdir: “Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, 5 saylı evin sıxlaşdırılmış 24 saylı mənzilin, yaşayış sahəsi 17,9 kv.metrdən ibarət olan otağına kirayə müqaviləsinin bağlanılması üçün hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən xahişinizi təmin etmək mümkün olmamışdır. Yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Ona görə də, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnuzdan istifadə edə bilərsiniz.” Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsasszıdır və iddiaçının hüquqlarını pozur. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti məhkəmənin sorğusuna cavab olaraq 719 nömrəli xx.xx.2021-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli 61/4 saylı Sərəncamın və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin surətini məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, 02774 nömrəli Orderə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, 5 saylı evin yaşayış sahəsi 35,0 kv.metr olan 2 otaqlı 24 saylı mənzil X8 ayrılmışdır. İş materiallarında olan ünvan üzrə qeydiyyat kartoçkalarından, həmçinin 113 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 505 nömrəli xx.xx.2021-ci il tarixli Arayışından görünür ki, həmin mənzilin yaşayış sahəsi 17,9 kv. metr olan digər 1 otağında X7 və X18 ailə üzvləri ilə birlikdə yaşamış, daha sonra X4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 31 saylı evin 2 otaqdan ibarət 10 saylı mənzili istifadələrinə verilmiş və onlar Natavan küçəsi, 5 saylı evin sıxlaşdırılmış 24 saylı mənzilinin yaşayış sahəsi 17,9 kv.metr olan otağından qeydiyyatdan çıxarılmışlar. Həmçinin, cavabdeh inzibati orqanın idiaya dair yazılı etirazından da göründüyü kimi, cavabdeh inzibati orqan həmin mənzilin yaşayış sahəsinin 17,9 kv. metr olan digər 1 otağında X7 ailə üzvləri ilə birlikdə yaşamasını, 1964-cü ildə onların mənzil şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar olaraq- X4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 31 saylı evin 2 otaqdan ibarət 10 saylı mənzilin istifadələrinə verildiyindən onların Natəvan küçəsi, 5 saylı evin sıxlaşdırılmış 24 saylı mənzilinin yaşayış sahəsi 17,9 kv.metr olan otağından köçərək otağı boşaltmalarını, həmin vaxtdan boşalmış otağın X5 və onunla yaşayan ailəsinin istifadəsində qalmasını mübahisələndirmir. İş materiallarından görünür ki, 284589 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X13 xx.xx.1990-cı il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, Azərbaycan Dövlət Dəmir Yoluna balansında olan yaşayış binaları, o cümlədən ünvan 1 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 193 saylı sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İş materiallarından görünür ki, 113 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 43 nömrəli xx.xx.2017-ci il tarixli Arayışından görünür ki, Hüseynov X11 rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, 5 saylı evin 24 nömrəli mənzilində ailə üzvləri ilə birlikdə yaşayır və İddiaçı 1987-ci ildən, ailə üzvləri olan arvadı, qızı və oğlu 1999-cu ildən qeydiyyatdadırlar. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli 61/4 saylı Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, 5 saylı evin yaşayış sahəsi 35,0 kv.metr olan 2 otaqlı 24 saylı mənzilinin kirayə müqaviləsi 4 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı və oğlu) İddiaçı adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 612223 nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 36.7 kv.metr olan 24 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, arvadı X14, övladları – X15, X16 Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, 5 saylı evin sıxlaşdırılmış 24 saylı mənzilin yaşayış sahəsi 17,9 kv.metrdən ibarət olan otağına kirayə müqaviləsinin İddiaçı adına bağlanmasına etiraz etmədiklərinə dair notarial qaydada razılıq ərizələri vermişdirlər. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından, mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan mənzil Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olduğundan, həmin mənzilin 36.70 kv.m sahəsi iddiaçının xüsusi mülkiyyətində olduğundan, həmçinin iddiaçı mənzildə yaşayan digər şəxslərin razılığı ilə həmin mənzilin 17,9 kv.metrdən ibarət olan otağına balans saxlayıcısı olan orqan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentindən onun (İddiaçı) adına kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPMin 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, 5 saylı evin sıxlaşdırılmış 24 saylı mənzilin yaşayış sahəsi 17,9 kv.metrdən ibarət olan otağına dair kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı ilə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, 5 saylı evin sıxlaşdırılmış 24 saylı mənzilin yaşayış sahəsi 17,9 kv.metrdən ibarət olan otağına dair kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar