Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9327/2022 01.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “restrukturizasiyanın tətbiq edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına aid olunan restrukturizasiyanın tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1778/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadından sonra Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanın tətbiq edilməməsi tələbinə dair inzibati işə baxılması ilə bağlı məhkəməyə müraciət edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci hissəsinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni zamanda Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi). İş materiallarından görünür ki, iddiaçı onunla cavabdeh “Unibank" X1 Səhmdar Cəmiyyəti arasında bağlanmış krediti müqaviləsinin restruktizasiya edilməsini xahiş edir. İddiaçının bu tələbi onunla cavabdeh arasında bağlanmış mülki hüquqi əqddən, kredit müqaviləsinindən törəyən münasibət olmaqla inzibati xarakter daşımır. Eyni zamanda iddiaçının cavabdeh qismində göstərdiyi “Unibank" X1 Səhmdar Cəmiyyəti inzibati orqan deyil, adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanlarının Təsnifatı”nda inzibati orqan kimi qeyd olunmamışdır və qanuna əsasən həmin hüquqi şəxsə inzibati akt qəbul etmək səlahiyyətinin verilməsi müəyyən edilməmişdir. Beləliklə, istinad edilən normaların tələbləri və iddiaçının tələbinin əsasları nəzərə alındıqda, müəyyən olunur ki, iddiaçı hazırkı tələbini inzibati deyil, mülki məhkəmə icraatı qaydasında irəli sürə bilər. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3). İstinad olunanlara əsasən və iddiaçının hüquqi marağı nəzərə alınaraq məhkəmə iddiaçıya izah edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra -Fərman) 1-ci hissəsinə əsasən Fərmanda göstərilən tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi müvafiq qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi müəyyən edilmişdir. Fərmanın 3.2-ci bəndinə əsasən həmin Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi, 7.1-ci bəndinə əsasən isə banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və həmin Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğinin və borcluların siyahısının müəyyən edilərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə olunmuşdur (Qeyd: “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 noyabr 2019-cu il tarixli 1616 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir). Fərmanın 6.1-ci hissəsinə əsasən həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasının təklif edilməsi banklara tövsiyə edilmişdir. Göründüyü kimi, Fərmana əsasən vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanması üçün ilk növbədə Mərkəzi Bank tərəfindən həmin fiziki şəxslərin vaxtı keçmiş və Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısının müəyyən edilməsi zəruridir. Buna görə də iddiaçı ilk növbədə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının tələblərinə əsasən onunla “Unibank" X1 Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsinə əsasən kompensasiya hesablanması, adının kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etməlidir (imtina cavabı alarsa, cavabdeh qismində Mərkəzi Bank göstərilməklə müvafiq tələblə inzibati məhkəməyə müraciət edə bilər). Yalnız iddiaçının bu müraciətindən və onun kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra o, əsas kredit borcunun qalıq məbləği barədə restruktizasiya məqsədi ilə yeni güzəştli kredit müqaviləsi bağlanması üçün banka müraciət edə, imtina cavabı verildiyi təqdirdə isə mülki qaydada iddia qaldıra bilər. Bu zaman o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli 27 mart 2019-cu il qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9327/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9327/2022
01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver