Məhkəmə qərarları › İş №2-1(112)-9328/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9328/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9328/2021 09.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı üçüncü şəxslər X7 olmaqla “mənzildən qeydiyyatdan çıxarılması barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı BOKT ASC cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 3 saylı evin 27 nömrəli mənzildən qeydiyyat çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-9328/2021 saylı qərardadı ilə X7 üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-2135/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh X5 İddiaçı BOKT ASC-nin xeyrinə cəmi 46,731.15 ABŞ dolları və 31 manat dövlət rüsumu tutulmalıdır. Tələb ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 3 saylı evin 27 nömrəli mənzilinə yönəldilməli, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 3 saylı evin 27 nömrəli mənzilin ilkin satış qiyməti 70 000 manat müəyyən edilməklə hərracdan satılmalıdır. Mənzil satıldıqdan sonra cavabdehlər ən geci bir ay ərzində yaşayış sahəsindən çıxarılmalıdır. Cavabdeh X1 rayon Məhkəməsinin 2(006)-2135/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1396/2018 saylı, 21 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən, X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 3 saylı evin 27 nömrəli mənzilin ilkin satış qiyməti dəyişdirilərək 78 000 manat müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq qətnamə icra olunması üçün Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 3 saylı evin 27 nömrəli mənzili satılması üçün açıq hərraca çıxarılmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, xx.xx.2019-cu il tarixli, 01 saylı protokola əsasən İddiaçı BOKT ASC tərəfindən əldə edilmişdir. xx.xx.2019-cu il tarixli, 01 saylı protokola əsasən İddiaçı BOKT ASC, sözü gedən mənzilə dövlət reyestrindən çıxarış almışdır. Hal-hazırda sözü gedən mənzil İddiaçı BOKT ASC-nin mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 3 saylı evin 27 nömrəli mənzili 23 avqust 2019-cu il tarixdə Nəsimi rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən boşaldılmış, mülkiyyətçi İddiaçı BOKT ASC-yə təhvil verilmiş və buna dair akt tərtib olunmuşdur. X7 vaxtilə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 3 saylı evin 27 nömrəli mənzilində yaşasa da, hal-hazırda həmin mənzildə yaşamır. Buna baxmayaraq o, indiyədək həmin mənzildə qeydiyyatda qalmışdır. Onun həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. X6 qeydiyyatdan çıxarılmasını tələb etmək mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin həmin əmlaka dair qanundan irəli gələn sərəncam hüququnun tərkib hissəsidir. X6 iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması mənzil barəsində sərbəst şəkildə sərəncam vermək hüququnu pozur. Bu səbəbdən də, X6 Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 3 saylı evin 27 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün xx.xx.2021-ci il tarixində Bakı şəhər Cavabdehnə ərizə ilə müraciət etmişdir. Müraciətinə indiyədək cavab verilməmişdir. Başqa sözlə desək, yaşayış yeri üzrə qeydiyyat təbiətinə görə texniki xarakter daşımaqla öz-özlüyündə qeydiyyatda olan şəxsə qeydiyyatda olduğu evə dair hər hansı əmlak hüququ vermir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Lakin, cavabdehin etiraz (mülahizəsi) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehin məhkəməyə daxil olmuş məktublarında işə nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş üzrə toplanmış sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli 8006-0621 saylı ərizəsindən görünür ki, iddiaçı üçüncü şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 3 saylı evin 27 nömrəli mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. - Poçt qəbzindən görünür ki, iddiaçı tərəfindən göndərilən ərizə cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qəbzə imza etməklə alınmışdır. - "xxxx" MMC tərəfindən tərtib edilmiş 01 №-li hərrac təşkilatının hərracın yekunları barədə protokolundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 3 saylı evin 27 nömrəli mənzili iddiaçı hərrac vasitəsilə almışdır. - “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 08 yanvar 2019-ci il tarixli müqavilədən görünür ki, X4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu Rəşid Behbudov küçəsi, 3 saylı evin 27 saylı mənzilini iddiaçı almışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 3 saylı evin 27 nömrəli mənzil üzərində İddiaçı BOKT ASC mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Cavabdehin xx.xx.2021-ci il tarixli, 082-24017İ-324 saylı məktubu ilə iddiaçının ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə də işdə olan sənədlərdən aydın olur ki, iddiaçının qeydiyyatdan çıxarılması tələb etdiyi şəxslər yetkinlik yaşına çatmış şəxsdir. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir”. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Belə ki, daşınmaz əmlak üzərində iddiaçının xüsusi mülkiyyət hüququ dövlət qeydiyyata alınmışdır. Üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxsin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxsin uzun müddət faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 3 saylı evin 27 nömrəli mənzilindən X6 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 3 saylı evin 27 nömrəli mənzilindən X6 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3AKİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar