Məhkəmə qərarları › İş №2-1(112)-933/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-933/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-933/2021 11.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs “xxxx” QSC) qarşı çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında iddianın mümkünlüyünə dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs “xxxx” QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cavabdehlər siyahısından çıxarılmışdır. İddiaçı tələbini əsasən onunla əsaslandırmışdır ki, iddiaçı 1985-ci ildən 2007-ci ilədək “xxxx” QSC-nin Həkim Sanitar Xidmətində çalışmışdır. Bakı şəhər X2 İcraiyyə Komitəsinin 18.09.1987-ci il tarixli 19/340 nömrəli qərarına əsasən 26 Bakı Komissarları adına Xəstəxana bağçılıq yoldaşlıq üzvləri tərəfindən onlara 1987-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahələri verilmişdir. 18.09.1987-ci il tarixli 19/340 nömrəli qərarına əsasən 26 Bakı Komissarları adına Xəstəxana bağçılıq yoldaşlıq üzvlərinin siyahısında onun da adı vardır. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdikdən sonra növbəti məhkəmə iclası 11 mart 2021-ci il tarixə təyin edilmişdir. İş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan iddianın mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz məhkəməyə təqdim edilərək bildirilmişdir ki, vətəndaş tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. Hazırki iddia tələbi üzrə iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə onun adına çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə araşdırması dövründə İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində bağ sahəsinin ayrılmasına dair sənədlərin surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən və “xxxx” QSC-dən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq müvafiq sənədlərin təsdiq edilmiş surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Bildirilmişdir ki, Bakı şəhər X2 İcraiyyə Komitəsinin 18.09.1987-ci il tarixli 19/340 nömrəli qərarına əsasən “26 Bakı Komissarları adına Xəstəxana” bağçılıq yoldaşlıq üzvlərinin siyahısında İddiaçı adı göstərilmiş, lakin həmin siyahıda bağ sahəsinin nömrəsi, ölçüsü və tarixi göstərilməmişdir. Sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində İddiaçı adına bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s) arxiv qovluğunda aşkar edilməmişdir. Eyni zamanda “xxxx” QSC tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərin surətindən görünür ki, 24.12.1999-cu il tarixli 02 saylı protokol ilə təsdiq edilmiş Bakı Dəmir Yolu Xəstəxanasının “Sağlamlıq” bağçılıq-yoldaşlıq cəmiyyəti üzvlərinin siyahısında İddiaçı adı yoxdur. Məhkəmə tərəfindən iddiaçıya torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməsi təklif edilsə də, lakin iddiaçı tərəfindən hər hansı sənəd təqdim olunmamış, həmçinin iddiaçı torpaq sahəsinin faktiki yerini göstərə bilməmişdir. İddiaçı hər hansı konkret bağ sahəsinə dair (ünvanı, nömrəsi, digər rekvizitləri göstərilməklə) hüquqmüəyyənedici sənədlər təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmənin hazırki mövqeyi gələcəkdə hüquqmüəyyənedici sənədlər təqdim edildikdə iddiaçının cavabdeh inzibati orqana yeni əsaslarla müraciətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun mövcud olması müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar