Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-933/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xətai rayonu Xətai Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayonu Xətai Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 06 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş üzrə cavabdeh Xətai Bələdiyyəsi tərəfindən qəbul edilmiş 28.10/3-357 saylı, 07 dekabr 2022-ci il tarixli qərar əsasında iddiaçıya ümumilikdə 727,56 manat vergi və maliyyə sanksiyası hesablanmış və tutulması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. İddiaçı cavabdeh Xətai rayonu Xətai Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayonu Xətai Bələdiyyəsinin 28.10/3-357 saylı, 07 dekabr 2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai bələdiyyəsinin 28.10/3-357 saylı, 07 dekabr 2022-ci il tarixli qərarına əsasən “vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilməsi, ümumilikdə hesablanmış 687,56 manat, maliyyə sanksiyası üzrə 40 manat, ümumilikdə 727,56 manat borc məbləğinin yuxarıda göstərilən fiziki şəxsdən tutulub Xətai bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi” qərara alınmışdır. Həmin qərarda göstərilir ki, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində olan yaşayış əmlak sahəsinə görə vergi borcunun ödənilməsi üçün ən son xx.xx.2022-ci il tarixli tədiyyə bildirişi ünvanına göndərilmiş, lakin həmin qanunla müəyyən edilmiş müddət ərzində ünvan 1 ünvanında yerləşən 135.00 kv.m yaşayış sahəsi üzrə 181.08 manat, ötən dövrlərdən qalan borc 362.16 manat, o cümlədən faiz üzrə 144,32 manat, ümumilikdə isə 687,56 manat borcunu ödəməmişdir. İddiaçı hesab edir ki, bələdiyyənin qərarı qanunsuzdur. Qərarda qeyd edilən əmlaklar ona məxsus deyildir. Bələdiyyənin qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.1-ci maddəsinin 2-ci hissəsinə əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Lakin bələdiyyə qərar qəbul edərkən qeyd etdiyi əmlakların onun mülkiyyətində olması barədə heç bir sənəd təqdim etməmişdir. Eyni zamanda bidirir ki, onun həmin qərar barədə məlumatı olmamışdır. Onun həmin qərardan məlumatı yalnız Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən ona zəng edildikdən sonra olmuşdur. İddiaçı 29 dekabr 2022-ci il tarixdə icra məmurunun çağırışı ilə İcra şöbəsinə gedərək qeyd edilən qərarın surətini almışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, əmlaklar barədə siyahılar hündürmərtəbəli, çoxmənzilli binaların komendantlığından bələdiyyənin sorğuları əsasında təqdim edilir. İddiaçı yaşadığı M.Hadi küçəsi 53 nömrəli binada mövcud olan əmlaklara dair adlı siyahıları (kooperativ binanın sahibi olduğu üçün) İddiaçı özü bələdiyyəyə təqdim etmişdir. Həmin siyahılar üzrə vergi ödəyiciləri qeydiyyata alınmış və vergiləri əks etdirən Tədiyyə bildirişləri ünvanlara, o cümlədən sonuncu xx.xx.2022-ci il tarixində İddiaçı təqdim edilmişdir. O, isə aydınlıq gətirmək, yaxud müqavilə əsasında sahibliyində olan əmlaklara dair çıxarışın olub-olmamasını sübut etmək əvəzinə, vergi agentləri ilə mübahisə edərək ödənişdən imtina etmiş və verin məhkəməyə demişdir. Bundan sonra ardıcıllıqla xx.xx.2022-ci il tarixdə 616 nömrəli inzibati akt tərtib edilmiş, inzibatı aktda yaxud aktın ayrı-ayrı hissələrinə öz etirazını yazılı şəkildə 30 gün müddətində bildirməsi onun nəzərinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən nə 30 gün ərzində, nə də onun barəsində qərar qəbul ediləcəyi gün (xx.xx.2022) yazılı, yaxud şifahi hər hansı etiraz bildirilməmiş və bələdiyyəyə gəlinməmişdir. Nəhayət, müddət axımı keçdikdən sonra bələdiyyənin vergi xidmətinin 05 dekabr 2022-ci il tarixli təqdimatına baxaraq xx.xx.2022-ci il tarixində bələdiyyə tərəfindən 28.10/3-357 nömrəli qərar qəbul edilmişdir. “İnzibati Xətalar Məcəlləsi”nin 82-ci maddisinin tələblərinə əsasən könüllü ödəmək məqsədilə ödəyici məlumatlandırılmışdır. Könüllü ödəmədiyi üçün qərarın məcburi icra olunması məqsədilə Bakı, şəhəri Xətai rayon İcra şöbəsinə müraciət edilmişdir. İddiaçı "Azərbaycan Respublikasının Vergi Məcəlləsi” nin 16.1.5, 16.1.6, 50.1.1., 33.2- ci, 50.2.3-cü maddələrinin tələblərini pozmuşdur. İddiasına görə göstərilən əmlaklar onun mülkiyyətində deyil. Vergi qanunvericiliyinə görə verginin düzgün hesablanmamasını sübut etmək vəzifəsi vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Bunu əsas tutaraq həmin əmlakların iddiaçının mülkiyyətində olmadığına dair İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən arayış təqdim edilməsi məqsədə uyğun hesab edilər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iş üzrə cavabdeh Xətai Bələdiyyəsi tərəfindən qəbul edilmiş 28.10/3-357 saylı, 07 dekabr 2022-ci il tarixli qərar əsasında iddiaçıya ümumilikdə 727,56 manat vergi və maliyyə sanksiyası hesablanmış və tutulması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Həmin qərar əsasında vergi ödəyicisi kimi İddiaçı əmlak vergisi üzrə 687,56 manat, maliyyə sanksiyası 40 manat olmaqla, ümumilikdə 727,56 manat pul vəsaitinin ödənilməsi tələb olunmuşdur. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 5. Vergitutmanın formaları 5.0. Vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Maddə 200. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. ... 200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi bildiriş üzrə (tədiyə bildirişi əsasında) ödənilən vergilərə aiddir. Həmin vergi məbləği əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından müəyyən olunur ki, cavabdeh tədiyə bildirişi göndərmədiyi (bu barədə hər hansı sübut təqdim etməmişdir) vergi 687,56 manat və maliyyə sanksiyası 40 manat hesablamışdır. Cavabdehin tədiyə bildirişi göndərməməklə vergi məbləği barədə qərar qəbul etməsi qanunsuz olmuşdur. Cavabdeh tərəfindən tədiyə bildirişi göndərilmiş olsaydı belə, iddiaçı barəsində vergi məbləği hesablaması qanunsuzdur. Çünki fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Belə ki iddiaçı yalnız xüsusi mülkiyyətində olan əmlaka görə vergiyə cəlb edilə bilər. Lakin məhkəmənin sorğusuna cavab olaraq iddiaçının xüsusi mülkiyyətində daşınmaz əmlakın olmadığı qeyd edilmişdir. Belə olan halda iddiaçının xüsusi mülkiyyətində olmayan əmlak barəsində vergi məbləği hesablanması qanunsuz olmuşdur. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi “vergi qanunvericiliyinə görə verginin düzgün hesablanmamasını sübut etmək vəzifəsinin vergi ödəyicisinin vəzifəsi olması və əmlakların iddiaçının mülkiyyətində olmadığına dair İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən arayış təqdim edilməməsi” dəlilini də əsassız hesab edir. Belə ki, hazırkı iddia mübahisələndirmə növündə iddiadır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən maddəyə əsasən cavabdeh qəbul etdiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli idi. Hazırkı mübahisə ilə bağlı əmlakın iddiaçının mülkiyyətində olması ilə bağlı arayışın təqdim edilməsi də cavabdehin vəzifəsi idi. Lakin buna baxmayaraq cavabdeh iddiaçıdan müvafiq arayışın təqdim edilməsini tələb edir ki, bu da öz növbəsində əsassız və qanunsuzdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Xətai rayonu Xətai Bələdiyyəsi tərəfindən qəbul edilmiş 28.10/3-357 saylı, 07 dekabr 2022-ci il tarixli qərar ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Xətai rayonu Xətai Bələdiyyəsi tərəfindən qəbul edilmiş 28.10/3-357 saylı, 07 dekabr 2022-ci il qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-933/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-933/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver