Məhkəmə qərarları › İş №2-1(112)-9333/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9333/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9333/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi və Binəqədi rayon Binəqədi bələdiyyəsi “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs Binəqədi rayonu Binəqədi bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi və Binəqədi rayon Binəqədi bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 2 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 70 № li Sərəncamına əsasən İddiaçı (bundan sonra – iddiaçı) Goradil Bağ massivində 258c nömrəli bağ ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 24 mart 2006-cı il tarixli, 37293 №-li “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Binəqədi rayonunun Göradil qəsəbəsində yerləşən 0,12 ha, 258c №-li bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinin plan ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin perimetrik ölçüləri və yerləşməsi arxiv cizgisi və sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir və sahəyə digər şəxslərin müraciətləri olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,12 ha qeyd edilsə də, faktiki sahənin 0,1048 ha təşkil etdiyi müəyyən olunmuşdur”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisində yerləşən 258C nömrəli bağ sahəsinin faktiki ölçülərinə uyğun hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın imtinası tam əsassız və qanunsuzdur və mənim hüquqlarımı kobud şəkildə pozur. O, lazımi hüquqmüəyyəndici sənədi - icarə müqaviləsini inzibati orqana təqdim etmişdir. Azərbaycan Respublikasının “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 8.0.7-ci maddəsinə əsasən, sözügedən icarə müqaviləsi hüququn əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin icarə müqaviləsinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi ilə bağlı hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı (və ya qətnaməsi) mövcud deyildir. Belə olan halda, onun müraciəti əsasında hüquqları qanuni olaraq qeydiyyata alınmalı idi. Ona görə də bu əsasla cavabdeh orqanın verdiyi imtina tam əsassız və qanunsuzdur və onun hüquqlarını pozur. Lakin cavabdeh orqanın imtina məktubunda göstərdiyi ‘‘göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmaması, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin perimetrik ölçüləri və yerləşməsi arxiv çizgisi və sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, eləcə də idarə mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı sənəd üzrə torpaq sahəsinin ölçüsünün 0.12 ha qeyd edilsə də, faktiki sahənin 0.1048 ha təşkil etdiyinin müəyyən olunması, eləcə də sahəyə digər şəxslərin müraciət etməsi” kimi hallar iddiaçının iradəsindən asılı olan hallar deyildir. Bu uyğunsuzluğa görə sözügedən orqan cavabdehlik daşıyır. Həmin bağ sahəsi naturada hazırda istifadə edilməkdədir. Belə olan halda, bu əsasla imtina verilməsi tamamilə əsassızdır. Cavabdeh orqanın imtina məktubunda qeyd olunan digər əsasla bağlı qeydd edir ki, yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonası sözügedən icarə müqaviləsinin bağlandığı və onun hüquqlarının yarandığı 2006-cı ildə sözügedən mühafizə zonası mövcud deyildi. Hazırda həmin mühafizə zonasının mövcud olması onun hüquqlarının rəsmiləşdirməsindən imtina üçün əsas kimi çıxış edə bilməz. Həmin bağ sahəsinə onun hüquqları daha əvvəl yaranmışdır. Bundan əlavə sözügedən bağ sahəsində elektrik şəbəkəsinin mühafizə zonasının yerləşməsi, gələcəkdə həmin bağ sahəsindən istifadə olunması elektrik verilişi xəttinin istismarına heç bir maneəçilik törətməməsi və qeydiyyata alınmasına heç bir etirazın olmamasına dair "xxxx" ASC tərəfindən təqdim olunan iş materiallarına qoşulan xx.xx.2023-cü il tarixli arayışla da öz təsdiqini tapır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Həmçinin etiraz məktubunda bildirilmişdir ki torpaq sahəsinə Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin və Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin müraciətləri qeydə alınmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Binəqədi rayonu Binəqədi bələdiyyəsinin nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əlavə olaraq izahatında bildirdir ki, sözügedən ərazi bağların ərazisidir və bələdiyyə tərəfindən bələdiyyə vergisi yığılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və digər üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və digər üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 70 № li Sərəncamına əsasən iddiaçıya Goradil Bağ massivində 258c nömrəli bağ ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 24 mart 2006-cı il tarixli, 37293 №-li “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Binəqədi rayonunun Göradil qəsəbəsində yerləşən 0,12 ha, 258c №-li bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı 258c №-li bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 70 № li Sərəncamına və Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə aralarında bağlanmış 24 mart 2006-cı il tarixli, 37293 №-li “bağın icarəyə verilməsi haqqında” müqaviləni təqdim edir. Cavabdeh iddiaçının hüquqmüəyyənedici sənədini mübahisələndirmir. Hazırda işin mübahisəli halı torpağın naturada yerləşməsi ilə bağlıdır. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) Göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmamışdır; 2) Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin perimetrik ölçüləri və yerləşməsi arxiv cizgisi və sxematik xəritə ilə uyğunsuzluq təşkil edir; 3) Torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. 4) İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,12 ha qeyd edilsə də, faktiki sahənin 0,1048 ha təşkil etdiyi müəyyən olunmuşdur. 5) Torpaq sahəsinə Binəqədi Bələdiyyəsinin və Binəqədi rayon Polis İdarəsinin müraciətləri olmuşdur. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Cavabdehin ilk iki dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, torpaq sahəsinin müayinə aktında torpağın yerləşdiyi yer və koordinatlar müəyyən edilmişdir. Qeyd edilməlidir ki, vaxtı ilə bağların bölgü sxeminin dəqiq tərtib edilməməsi, eyni zamanda sonradan bəzi bağ nömrələrinin dəyişməsi, əlavə edilməsi bağların bölünməsi nəticəsində yeni bağların qeydə alınması və bu bağ nömrələrinin bölgü sxemdə əks olunmaması kimi dövlət qurumlarının vaxtında etməli olduğu hərəkətlərə görə yaranan qeyri-müəyyənəliklər iddiaçının ziyanına şərh oluna bilməz və mülkiyyət hüququnun qeydə alınmasına mane olmamamlıdır. Digər tərəfdən iddiaçı torpaq sahəsinin yerini bilməklə, torpaq sahəsinin koordinatları əlavə olunmuş müayinə aktı cavadeh tərəfindən təqdim edilmişdir. İddiaçının təqdi etdiyi hər iki sənəddən bağın nömrəsi (258c) göstərilmişdir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Cavabdehin üçüncü dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iş materialında olan "xxxx" ASC-nin 8.05.2023-cü il tarixli arayışında bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 258C saylı bağ sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizəsi zonasında yerləşir. Yuxarıda qeyd olunan bağ sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyi bildirilərək qeydiyyata alınmasına etiraz edilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Məhkəmə cavabdenin imtinasının 4-cü dəlili ilə bağlı qeyd edir ki, iddiaçı tələbində dəqiqləşmə verərək Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisində yerləşən 258C nömrəli bağ sahəsinin faktiki ölçülərinə uyğun hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış verilməsini xahiş etmiş və göstərilən imtina əsası aradan qalxmışdır. Məhkəmə cavabdehin etirazının əsası kimi istinad etdiyi digər halla bağlı (5-ci dəlil) qeyd edir ki, cavabdeh İdarə əraziyə bələdiyyənin və polis idarəsinin müraciətinin olmasını qeyd etməklə sanki torpaq sahəsinə həmin orqanların hüququnun qeydə alınması ilə bağlı müraciətləri kimi məhkəmədə təəsürat yaradır. Lakin iş materiallarından göründüyü kimi, Binəqədi RPİ tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Həmin qərardan müəyyən edilir ki, həmin icraat hazırkı işdə İddiaçı (nümayəndəsi vasitəsi ilə) müraciətinə əsasən açılmışdır. Nəticədə məsələnin mülki mübahisə olması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin icraat çərçivəsində Polis İdarəsi və Binəqdi Bələdiyyəsi tərəfindən cavabdeh İdarəyə məktublar göndərilmiş, cavabdeh İdarə isə 258c saylı bağın yerləşməsi ilə bağlı hazırkı iş üzrə imtina məktubunda qeyd edilənləri bildirmiş, cavabdeh İdarədə bunu həmin orqanların torpaq sahəsinə müraciətlərinin olması kimi qiymətləndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisində yerləşən 258C nömrəli bağ sahəsinin faktiki ölçülərinə uyğun İddiaçı hüquqların dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar