Məhkəmə qərarları › İş №2-1(112)-9334/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9334/2024

16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9334/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 08 oktyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 2-ci kvartal 661 saylı ünvanında İddiaçı verilmiş 1.200 (bir min iki yüz) kv.metr torpaq sahəsi üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata alınmaqla torpağa dair çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 08 oktyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 2-ci kvartal 661 saylı ünvanında İddiaçı verilmiş 1.200 (bir min iki yüz) kv.metr torpaq sahəsi üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata alınmaqla torpağa dair çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 123 saylı və xx.xx.1991-ci il tarixli 293 saylı qərarları ilə, Maştağa qəsəbəsində fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq fondunun ayrılmasına əsaslanaraq, 08 oktyabr 1997-ci il tarixli 10 nömrəli, şablon - birtipli, qərarı ilə, bir çox vətəndaşlara, o cümlədən, iddiaçıya Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 2-ci kvartal, 661 nömrəli ünvanda 1.200 (bir min iki yüz) kv.metr torpaq sahəsi ayıraraq vermişdir. Həmin torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə, bir neçə dəfə, o cümlədən, ilk dəfə - 08 fevral 2019-cu il tarixində, sonralar - 05 sentyabr 2022-ci il və 24 yanvar 2024cü il tarixlərində ərizə və ona əlavə edilmiş müvafiq zəruri sənədlərlə birgə, cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh 08 fevral 2019-cu il tarixli ərizəni, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15-ci maddəsinə əsaslanaraq, **********60 nömrəli məktubla təmin etməkdən imtina etmişdir. İmtinanın səbəbi kimi, təqdim edilmiş yerləşmə cizgisində istinadların perimetrik ölçülərin qeyd olunmadığı və Maştağa qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarış isə qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) olmadığı göstərilmişdir. Cavabdehin və onun tabe olduğu yuxarı təşkilatların cavab məktublarında, bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə AR Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının 2.7-ci bəndinə uyğun olaraq, yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması barədə yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən xx.xx.20021-ci il tarixinədək verilmiş qərarların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı, həmin Fərmanın 3.1 -ci bəndinə əsasən, aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən, xx.xx.2001-ci il tarixinədək verilmiş qərarlarla bağlı məlumatların yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə, AR İqtisadiyyat Nazirliyinə təqdim olunduqdan sonra ərizənizə baxılacaqdır. Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli cavab məktubunda isə bildirilir ki, sözügedən ərazidə vətəndaşlara torpaq sahələrinin ayrılmasına dair sənədlər Maştağa qəsəbə nümayəndəliyi tərəfindən arxivləşdirilməmişdir.Beləliklə, cavabdehə və onun tabe olduğu yuxarı təşkilatlara, habelə digər dövlət qurumlarına, bu məsələnin həlli ilə bağlı müxtəlif tarixlərdə şifahi və yazılı müraciətlər olunsa da, məsələ öz həllini tapmamışdır. Cavabdehin imtinanın səbəblərindən biri kimi, təqdim edilmiş yerləşmə cizgisində istinadların perimetrik ölçülərin qeyd olunmamasına dair dəlili, əsassızdır. Çünki, təqdim edilmiş yerləşmə cizgisində istinadların perimelrik ölçülərin qeyd olunmamasında iddiaçının heç bir təqsiri yaxud günahı yoxdur və bu məsələdə iddiaçı məsuliyyət daşımır. Cavabdehin Maştağa qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarış isə qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) olmadığı barədə dəlili də, qanuni və əsaslı hesab edilə bilməz, eyni zamanda, cavabdehin bu dəlili, iddiaçıya, torpağa mülkiyyət hüququna dair çıxarışın verilməməsi üçün açıq surətdə bəhanədir. Çünki, sözügedən qərardan çıxarışın qanunvericiliyə uyğun olmaması barədə arqument qeyd edilsə də, bunun, konkret olaraq, hansı qanunvericilik normasına uyğun olmadığı göstərilməmişdir. Bu hal onu deməyə əsas verir ki, cavabdehin bu arqumenti də əsassızdır.Həmin ərazidə - “Savalan” yaşayış massivində, 2-ci kvartalda, Maştağa qəsəbə nümayəndəliyinin, analoji birtipli - şablon qərarlarından çıxarışlarla, neçə-neçə vətəndaşa, cavabdeh tərəfindən torpağa mülkiyyət hüququna dair çıxarış və texniki pasport verilmişdir! Buna misal olaraq, X1 (reyestr № **********47-10301), X5 (reyestr № **********12) və başqalarını göstərmək olar. Halbuki, AR Konstitusiyasına görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Yəni, cavabdehin iddiaçıya digərlərindən fərqli münasibəti qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, təqdim edilən xx.xx.1997-ci il tarixli 10 nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar qeydiyyat üçün əsas hesab edilir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında xx.xx.2022ci il tarixli, 1655 nömrəli fərmanının 3.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr, perimetrik ölçülər götərilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 0,12 ha qeyd edilsə də, faktiki 0,1172 ha olduğu müəyyən edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və cavabdeh inzibati orqan imtina məktubu verilmişdir, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 6.Azərbaaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında öz nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iş materiallarını qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

AZE seriyalı, 00****** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1945-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 10 nömrəli, oktyabr 1997-ci il tarixli “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” qərarından çıxarışa əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 saylı və 02 sentyabr 1991ci il tarixli, 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığının nəzərə alınması və Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara fərdi yaşayış evi tikinti üçün hər bir ailəyə 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışıdr. (X3). Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəsi tərəfindən Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 2-ci kvartal 661 saylı torpaq sahəsinin planı və ölçüsü təsdiq edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının İ müavininin 5-18/2-B-23- 091/2024 saylı, 22 fevraı 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Maştağa qəsəbəsi, Savalan yaşayış masivvində vətəndaşlara torpaq sahələri ayrılmasına dair sənədlər Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbə nümayəndəliyi tərəfindən arxivləşdirilmədiyindən təqdim edilməsi mümkün deyil. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- B0069-8/2024 **********82 və 3-21-3-02/2-B-00xx-xx/2024 nömrəli məktublarına əsasən bildirilmişdir ki, təqdim edilən xx.xx.1997-ci il tarixli 10 nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar qeydiyyat üçün əsas hesab edilir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 1655 nömrəli fərmanının 3.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunduqdan sonra torpaq sahəsinin sənədləşdirilməsi məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. 01 iyul 2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, torpaq sahəsi hasar daxilindədir, yaşayış evi mövcuddur. Seriya RX, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən, Bakı şəhəri, ünvan 3 ünvanı xüsusi mülkiyyət hüququ ilə X4 adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Seriya RX, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən, Bakı şəhəri, ünvan 4 ünvanı xüsusi mülkiyyət hüququ ilə X2 nun adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən X2 və X4 adına Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal yerləşən torpaq sahələrinə dair arxiv qovluğunda saxlanılan sənədlər təqdim edilmişdir.

İV. Məhkəmənin mövqeyi

9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

10. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

11. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1–ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər

14. İddiaçıya Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 2-ci kvartal 661 ünvanında 1200 kv.m torpaq sahəsinin ayrılması faktı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 10 nömrəli, oktyabr 1997-ci il tarixli qərarı və Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümyəndəsi tərəfindən torpağa dair torpaq sahəsinin planı və ölçüsü ilə təsdiqlənir.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. 16.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6). Hazırda qeyd edilən hallar iddiaçıya münasibətdə müəyyən edilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlaklara dair çıxarışlardan görünür ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə qonşu torpaq sahələri daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmış və onlara müvafiq çıxarışlar verilmişdir. Belə olan halda iddiaçıya cavabdeh tərəfindən fərqli münasibətin göstərilməsi konstitusion hüquq olan bərabərlik hüququnun da pozulmasına gətirib çıxarmışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınmasından və daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsindən imtinası iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmuşdur. Eyni zamanda hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Qeyd etmək lazımdır ki, bərabər əsasla əldə edilmiş daşınmaz əmlaka dair digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışların verildiyi halda, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin icra edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur ki, bu da “İnzibati icraat haqqında” Qanunun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır. Belə ki, eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “bərabərlik prinsipi”nə və “inzibati praktika”ya ziddir

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. - 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. - 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. .

18. Məhkəmə cavabdehin imtinanın əsası kimi qeyd etdiyi əsasları iddiaçının ziyanına şərh edilməməsi kimi qiymətləndirir.

19. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7.-ci bəndinə əsasən, yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur.

20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;”

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 08 oktyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 2-ci kvartal 661 saylı ünvanında İddiaçı verilmiş 1.200 (bir min iki yüz) kv.metr torpaq sahəsi üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata alınmaqla torpağa dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

23. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 08 oktyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 2-ci kvartal 661 saylı ünvanında İddiaçı verilmiş 1.200 (bir min iki yüz) kv.metr torpaq sahəsi üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata alınmaqla torpağa dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar