Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9335/2024 13.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (anası) X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv olunması və atası X5 adına Bakı şəhəri Nərimanov rayonu, F.X. Xoyski prospekti, ev-108 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh təşkilatın 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə mərhum atası X8 məxsus, Nərimanov rayonu, F.X. Xoyski prospekti, ev 108 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmişdir. Müraciətə xx.xx.2024-cü ildə baxılmış və iddiaçıya qeydiyyata alınmaqdan imtina edilməsi ilə bağlı cavab verilmişdir. Həmin cavabı isə iddiaçı xx.xx.2024-cü ildə almışdır. İddiaçı hesab edir ki, həmin imtina tamamilə əsassızdır və buna görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Əvvəla, həmin məktubda qeyd edilən xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Bu isə o deməkdir ki, ondan sonra bağlanmış bütün əqdlər əhəmiyyətsiz əqdlərdir və heç bir hüquqi nəticə yaratmır. Əgər daşınmaz əmlakla bağlı bağlanmış ilkin əqd etibarsız sayılmışsa, ondan sonra bağlanmış istənilən əqd etibarsız və əhəmiyyətsiz əqdddir. Əgər xx.xx.2021-ci ildə bağlanmış əqdi məhkəmə etibarsız saymışsa, deməli xx.xx.2021-ci ildə bağlanmış əqd də etibarsız və əhəmiyyətsiz əqddir. Məhkəmə xx.xx.2021-ci ildə bağlanmış bağışlama müqaviləsini etibarsız hesab etmişsə, həmin daşınmaz əmlak üzərində iddiaçının mərhum atası Əsədov Azadın mülkiyyət hüququ tanınmalı və iddiaçının həmin qeyri-yaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmağı rəsmiləşdirilməlidir. Digər tərəfdən Nərimanov Rayon Məhkəməsinin mövcud Qətnaməsi Nərimanov Rayon İcra Şöbəsi və 3 saylı Notariat Ofisi tərəfindən icra olunmuş və həmin müqaviləyə xitam verilmişdir. Məhkəmənin həmin Qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyula bilməz, çünki həmin əqdin etibarsızlığı ilə bağlı icra vərəqəsi icra şöbəsinə və 3 saylı Notariat Ofisinə göndərilmiş və Qətnamə icra olunmuşdur.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, darənin arxiv məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən qeyriyaşayış sahəsi xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi əsasında mərhum X10 tərəfindən X3 adına özgəninkiləşdirilmiş, daha sonra notariat qaydasında təsdiq edilmiş xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi əsasında X6 adına özgəninkiiəşdirilərsk daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2227/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqiaria qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların döviət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. Yuxanda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
4. Reyestrdə 4Ə-160 № ilə qeyd olunan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X7 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 108 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X6 mülkiyyətinə vermişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2227/2023 nömrəli Qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində X11 ilə X7 arasında bağlanmış və 4Ə-297 № reyestrlə rəsmiləşdirillmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmişdir. xx.xx.2023-cü tarixli İcraata başlamaq haqqında Qərarda qeyd edilmişdir ki, xx.xx.2021ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində X11 ilə X7 arasında bağlanmış və 4Ə-297 № reyestrdlə rəsmiləşdirillmiş daşınmaz əmlakın bağışlanası müqaviləsi etibarsız hesab edilməlidir. İcra sənədinə aid olan tələblər “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olduğu üçün icra sənədinin icraatına başlanılmalıdır. xx.xx.2023-cü il tarixli İcraata xitam verilməsi haqqında Qərara əsasən icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2227/2023-022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir.
6. Bakı şəhəri 3 saylı Notariat Ofisi tərəfindən Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuruna ünvanlanan xx.xx.2023-cü il tarixli, 125 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-2227/2023 saylı icra vərəqəsinə və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli e292792/2023-15-13-002 saylı bildirişinə əsasən X11 ilə X7 arasında xx.xx.2021-ci il tarixdə 4Ə-297 reyestrlə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinə xitam verilmiş və bu barədə müvafiq qeydiyyat aparılmışdır.
7. “Elektron notariat” X1 Çıxarışa əsasən xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması Müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
8. Cavabdeh tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən **********82-05101-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə X4 məxsus daşınmaz əmlak X9 bağışlanmışdır.
9. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X7 və X12 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın mümkünlüyü
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən: 17.Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
13. Məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, hazırkı iddia tələbi qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmaması ilə bağlı deyil. İddiaçının hüquqi marağı hüquqların qeydiyyatı üçün əsas olmuş hüquqmüəyyənedici sənədlərin (əqdin) mübahisələndirilməsidir.
14. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2227/2023 nömrəli Qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində X11 ilə X7 arasında bağlanmış və 4Ə-297 № reyestrlə rəsmiləşdirillmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmişdir. Bakı şəhəri 3 saylı Notariat Ofisi tərəfindən Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuruna ünvanlanan xx.xx.2023-cü il tarixli, 125 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-2227/2023 saylı icra vərəqəsinə və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli e292792/2023-15-13-002 saylı bildirişinə əsasən X11 ilə X7 arasında xx.xx.2021-ci il tarixdə 4Ə-297 reyestrlə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinə xitam verilmiş və bu barədə müvafiq qeydiyyat aparılmışdır.
15. Məhkəmə nəzərə alır ki, Reyestrdə 4Ə-160 № ilə qeyd olunan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X7 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 108 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X6 mülkiyyətinə vermişdir.
16. İddiaçı hesab edir ki, xx.xx.2021-ci il tarixli əqdin (daşınmaz əmlakın bağışlanması müqaviləsi) etibarsız hesab edilməsi özlüyündə xx.xx.2021-ci il tarixli əqdin (daşınmaz əmlakın bağışlanması müqaviləsi) etibarsızlığına səbəb olur.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
18. Məhkəmə qeyd edir ki, qanunvericiliyin məzmunundan aydın olur ki, etibarsız əqd bağlandığı andan etibarsız hesab edilir və əqdin etibarsız hesab edilməsi əqd bağlanana qədər yaranan hüquq münasibətlərinə təsir etmir. Odur ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində X11 ilə X7 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi həmin əqdən əvvəl bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsızlığına səbəb olmur. Beləliklə, X7 və X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi qüvvədədir və müqaviləyə xitam verilməmişdir.
19. Odur ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq müvafiq (ünvan 4 ünvanında yerləşən) qeyri-yaşayış sahəsinə münasibətdə bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsini mübahisələndirilə bilər.
20. Odur ki, iddia mümkün sayılmamalıdır. İddia tələbi üzrə iddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
22. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva