Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-934/2024 15.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil Sücaət oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sabunçu Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Sabunçu Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlak və torpaq vergisi üzrə 665,40 manat, faiz üzrə 202,40 manat və maliyyə sanksiyası üzrə 40 manat, ümumilikdə 907,80 manat məbləğin tutulması barədə Sabunçu Bələdiyyəsinin 25 yanvar 2022-ci il tarixli 91 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə yerli ödənişlərin müvafiq bələdiyyəyə ödənilməsi üçün ilkin şərt ərazinin bələdiyyəyə aid olmasıdır. ünvan 1 ünvanı barəsində inzibati akt tərtib edilmiş İddiaçı mülkiyyətində deyildir. 25 yanvar 2022-ci il tarixli 91 nömrəli qərarda ümumilikdə 907,80 manat məbləğin İddiaçı tutulması qeyd edilmişdir. Lakin qərarda sözügedən ünvanda yerləşən əmlakın İddiaçı mülkiyyətində olmasını təsdiq edən sənəd əlavə edilməmiş, qərarda əmlakın üzərində mülkiyyət hüququnun kimə məxsus olması əsaslandırılmamışdır. ünvan 2 ünvanında yerləşən heç bir əmlak yoxdur. 5 yanvar 2022-ci il tarixli 91 nömrəli qərarda da sözügedən ünvanda yerləşən əmlakın iddiaçının mülkiyyətində olmasını təsdiq edən heç bir sənədə istinad edilməmişdir. Odur ki, qeyd edilən əmlak iddiaçının mülkiyyətində olmadığından 5 yanvar 2022-ci il tarixli 91 nömrəli qərar qanunsuz, əsassızdır və ləğv edilməlidir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçı inzibati orqan tərəfindən onun barəsində qəbul olunmuş əlverişsiz inzibati aktı mübahisələndirir, deməli, İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İddia müddətinə gəldikdə, iş materiallarından mübahisəli qərarın hansı tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilməsi müəyyən edilmir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü madəsinə əsasən həmin Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İddiaçı mübahisəli inzibati aktı həmin akt icraya yönəldildikdən sonra, Sabunçu İcra Şöbəsinə dəvəl edildikdə aldığını bildirmiş, cavabdeh isə bu halını əksini sübut edə bilməmişdir. Məsələ ilə bağlı məhkəmə tərəfindən dəfələrlə cavabdehə soğru verilsə də, cavabdeh həmin sorğuları da cavablandırmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Sabunçu Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 91 saylı qərarının mübahisələndirilməsi üçün iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçının 2021-ci il üçün hesablanmış 907 manat 80 qəpik, o cümlədən, əmlak və torpaq vergisi üzrə 665,40 manat, faiz üzrə 202,40 manat, maliyyə sanksiyası üzrə 40 manat borcunun 5 gün müddətinə ödənilməsini tələb etmişdir. Cavabdeh Sabunçu Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 91 saylı qərarından görünür ki, həmin qərar ilə İddiaçı əmlak və torpaq vergisi üzrə 665,40 manat, faiz üzrə 202,40 manat, maliyyə sanksiyası üzrə 40 manat, ümumilikdə 907,80 manat borc məbləğinin tutulması qərara alınmışdır. İş materiallarından görünür ki, həmin qərara icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə göndərilmiş, Sabunçu rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat başlanmış və iddiaçıdan 10 gün müddətində 907.8 manat pul vəsaitinin könüllü olaraq ödənilməsinin təmin edilməsi tələb edilmişdir. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli, 77 nömrəli məktubundan görünür ki, Bakı şəhəri və ətraf qəsəbələrində əmlak vergisi yaşayış sahəsinin 30 m2-dən artıq hissəsinin zonalara görə 0.7-dən 1.5-ədək əmsal tətbiq olunmaqla (bakı şəhər və ətraf qəsəbələri 12 zonaya bölünmüşdür) hər kv. metrinə görə 0.40 manatla hesablanır. Sabunçu qəsəbəsi 8-ci zonaya düşdüyündən 0.9 əmsalı tətbiq olunaraq hər kv.metr üçün 0.36 manat götürülür. İddiaçı faktiki istifadəsində olan əmlak və torpaq sahəsinə görə könüllü olaraq ərizə- müraciətlə bələdiyyədə vergi qeydiyyatına yazıldığından onun vergi öhdəliyi yaranmışdır. Ona görə də ona ödənilməyən dövr üzrə 665,40 manat vergi borcu hesablanmışdır. Gecikdirilən dövr üçün (554.50 manat x 0,1% x 365 gün) 202,40 manat faiz və 40 manat maliyyə sanksiyası hesablanmışdır. Ümumilikdə 907,80 manat borc məbləği icraata yönəldilmişdir. İddiaçı hazırda həmin məbləğin ondan tutulması ilə bağlı cavabdehin xx.xx.2022-ci il tarixli qərarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. - 3.2-ci maddəsinə görə yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. - 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. - 5.2-ci maddəsinə əsasən vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxslərdir. - 8.0-ci maddəsinə əsasən yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi; 8.0.4. bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 196-cı maddəsinə əsasən həmin Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. 197.1-ci maddəsinə görə aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri. - 198.1-ci maddəsinə görə fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Bakı - 0,4 (manatla). - 200.4-cü maddəsinə əsasən bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. - 200.5-ci maddəsinə görə cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. - 203.1-ci maddəsinə görə torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. -204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. -205-ci maddəsinə görə fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. -206.3-cü maddəsinə əsasən vu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri, 10000 m²- dək olduqda- 10 manat. -207.1-ci maddəsinə əsasən aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir: 207.1.3. fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar; -208.1-ci maddəsinə görə torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. -208.2-ci maddəsinə görə torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. -208.3-cü maddəsinə görə müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. -208.6-cı maddəsinə əsasən müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. İstinad olunan normalardan görünür ki, əmlak və torpaq vergisi yerli vergilərə aid olmaqla bələdiyyələrə ödənilir. Qanunvericiliyə əsasən əmlak vergisi xüsusi mülkiyyətində olan tikililərə görə hər kvadratmetrinə münasibətdə, torpaq vergisi isə qanuni əsaslarla istifadədə olan torpaq sahəsinin hər 100 kvadratmetrinə görə hesablanır. İşdən görünür ki, cavabdeh iddiaçıya əmlak və torpaq vergisi hesablayarkən əmlakın ünvanı kimi xx.xx.2022-ci il tarixli qərarda ünvan 3 ünvanda yerləşən əmlakın sahibinin müəyən edilməsi məqsədilə məhkəmə tərəfindən aidiyyəti dövlət orqanına müvafiq sorğu verilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-36872/2023-**********72 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ş.şossesi, dalan 1, 32 saylı fərdi yaşayış evinin İddiaçı adına qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Eyni zamanda işdə olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati əraz dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-18- 9/2-545/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü, Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş, Sabunçu rayonu, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı ünvan 5 ünvanında özbaşına tikilidə heç bir hüquqi sənədi olmayan evdə 2005-ci ildən hal-hazıradək qeydiyyatsız olaraq yaşayır. Göründüyü kimi, qanunverici yalnız fiziki şəxsin xüsusi mülkiyyətində olan əmlakı əmlak vergisinin, qanuni istifadəsində olan torpağı isə torpaq vergisinin vergitutma obyekti kimi nəzərdə tutduğu halda, cavabdeh tərəfindən iddiaçıya vergi hesablanan əmlakın onun mülkiyyətində və ya qanuni istifadəsində olması müəyyən olunmur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, işin yuxarıda istinad olunan hallarından müəyyən olunur ki, cavabdeh mübahisəli qərarı qəbul edərkən işin hallarını tam və hərtərəfli araşdırmamış, mübahisəli əmlakın iddiaçının mülkiyyətində olub olmamasını, onun hansı ölçüdə olmasını müəyyən etməmiş, nəticədə qanunsuz əlverişsiz inzibati akt qəbul etməklə iddiaçının hüquqlarının pozulmasına yol vermişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin ediməli və cavabdehin xx.xx.2022-ci il tarixli 91 saylı qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Sabunçu Bələdiyyəsinin 25 yanvar 2022-ci il tarixli 91 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-934/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-934/2024
15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver