Məhkəmə qərarları › İş №2-1(112)-9341/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9341/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9341/2023 25.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 17 yanvar 1962-ci il tarixdən, yəni 61 ildən çoxdur ki. qanuni əsaslarla qeydiyyata düşdüyü ünvan 1 ünvanında olan 2 otaqlı mənzildə yaşayır. 2013-ci ildə ona məlum olmuşdur ki, indiyədək qanuni əsaslarla 61 ildən çox yaşadığı mənzilinə dair onun məlumatı olmadan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən 29 yanvar 2001-ci il tarixdə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Həmin qətnaməyə əsasən yaşadığı mənzil barəsində X4 adına qeydiyyat vəsiqəsi verilmişdir. 61 il qabaq həmin mənzili ona pul ilə X4 atası həmin dövrün qanunlarının tələblərinə əsasən satmışdır. Sonuncu sonradan mənzillərin qiymətinin bahalaşmasını nəzərə alaraq, sözügedən mənzili başqasına satmaq istəmişdir. Həmin qətnamə iddiaçının şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ləğv olunmuşdur. Çünki mənzili ona satan şəxsin oğlu X7 məhkəmə aidiyyəti prinsiplərinin kobud surətdə pozaraq qanunsuz şəkildə 23 yanvar 2001-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və 6 gün müddətində, yəni 29 yanvar 2001-ci il tarixdə verilən qanunsuz məhkəmə qətnaməsinə əsasən iddiaçının yaşadığı mənzilin də daxil olduğu 49 saylı evin özəlləşdirilməsi barəsində məhkəmə qətnaməsinin verilməsinə nail olmuşdur. Qanunsuz verilən qətnamədən sonra onun da yaşadığı mənzilin daxil olduğu 49 saylı ev "А". "В", "V" və "Q" tikilili adlı ünvanlara bölünmüşdür. 10 yanvar 2002-ci il tarixdə X1 ləğv olunan həmin qanunsuz məhkəmə qətnaməsinə əsasən adına keçirməklə özəlləşdirdiyi mənzili oğlu X5 adına rəsmiləşdirmişdir. Halbuki, o (hazırkı iddiaçı), Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 10 yanvar 2002ci il tarixində verilən FM seriyalı 013552 saylı qeydiyyat vəsiqəsinə əsasən X5 adında olan 2 mənzildən biridə, yəni "A" tiklisi olan 2 otaqlı mənzilə 17 yanvar 1962-ci ildən qeydiyyata düşmüş, hazırda da ailə üzvləri ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Bütün bunlarla sübut olunur ki, 61 ildən çox yaşadığı "A" tiklisində olan 2 otaq barəsində onun məlumatı olmadan X5 adına qanunsuz qeydiyyat vəsiqəsi verilmişdir. Göstərilənlərlə təsdiq olunur ki, onun 1962-ci ilin əvvəllərindən başlayraq qeydiyyata düşərək yaşadığı və qanuni əsaslarla isitfadə hüququna malik olduğu mənzillə bağlı istifadə hüququnun yaranmasından 40 ilə yaxın vaxt keçdikdən sonra, yəni xəbəri olmadan 2002-ci ildə mənzilinə dair başqasının adına qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas 29 yanvar 2001-ci ii tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilən məhkəmə qətnaməsi olmuşdur. Məhkəmə qətnaməsi ilə də real vəziyyət saxlalaşdırılaraq göstərilmişdir ki, guya həmin iş üzrə iddiaçı 40 ildir ki, həmin mənzildə qeydiyyatda olmaqla birgə yaşamışdır. Halbuki, işin faktiki halları ilə və iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, 2001-ci ildə özünü Sabunçu Rayon Məhkəməsində iddiaçı kimi təqdim edən həmin şəxs nəinki həmin mənzilə, heç mənzilin də daxil olduğu həyətdə belə həmin vaxtadək olan 40 il müddətində heç bir gün də yaşamamışdır. Sonra da həmin şəxs guya yaşadığı mənzili oğluna bağışlamışdır. Oğlu da heç vaxt bu həyətdə olmamışdır. 2013-cü ildə iddiaçıya məlum olmuşdur ki, 61 il qanuni əsaslarla qeydiyyatda olaraq yaşadığı mənzil barəsində X5 adından 2013-cü ildə mənzildən çıxarılm barəsində Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi daxil olmuşdur. Lakin Nəsimi Rayon Məhkəməsi qarşı tərəfin iddiasını təmin etməmiş və hazırkı iddiaçının qarşılıqlı iddia tələbini qismən təmin edərək 61 ildən çox yaşadığı mənzillə bağlı istifadə hüququnun tanınması barəsində məhkəmə qətnaməsi vermişdir. Qarşılıqlı iddia ərizəsində həmin vaxt mənzilin adına özəlləşdirilməsi ilə bağlı tələblə bağlı bildirilmişdir ki, yaşadığı mənzilə dair qanunsuz da olsa başqasının adına qeydiyyat vəsiqəsi olduğu halda, həmin mənzilə dair onun adına qeydiyyat vəsiqəsinin verilməsi mümkün deyildir. Bu, mənzil barəsində qeydiyyat vəsiqəsinin ləğvindən sonra tələb oluna bilər. Bundan sonra iddiaçının apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi 20 sentyabr 2017-ci il tarixdə qərardad qəbul etmişdir. Qərardadla Sabinçu Rayon Məhkəmsinin 29 yanvar 2001-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmış və izah edilmişdir ki, xüsusi icraat qaydasında işin baxılmamış saxlanılması maraqlı şəxslərin ümumi əsaslarla iddia vermək hüquqlarını istisna etmir. Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və həmin qərardad dəyşdirilmədən saxlanılmışdır. Belə olan halda, Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2001-ci il tarixli 2-229/2001 saylı qətnaməsi ləğv olunduğundan, Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 10 yanvar 2002-ci il tarixdə X5 adına verilən FM 013552 saylı qeydiyyat vəsiqəsi ünvan 2 evin "A" tikilisində olan 2 otaqlı mənzilinə aid hissədə ləğv olunmalıdır. Bundan sonra iddiaçı müvafiq tələblə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 18 mart 2021-ci il tarixli 2-1(112)-2223/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edllməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1779/2021 saylı iş üzrə 24 sentyabr 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 18 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək, Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın İddiaçı aid olan hissədə ləğv olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Ali Məhkəmənin 2-1(102)-177/2022 saylı iş üzrə 12 yanvar 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, cavabdehin məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1779/2021 saylı iş üzrə 24 sentyabr 2021-ci il tarixli qərarı 30 noyabr 2022-ci il tarixdə icra edilərək ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin "A" tikilisində 2 otağa dair X6 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. İddiaçının 61 ildən çox yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi. 49 saylı evin "A" tiklisində olan 2 otaqlı mənzil barəsində qanunsuz olaraq başqasının adına verilən qeydiyyat vəsiqəsi (çıxarış) ləğv olunmuşdur. Bütün bunlardan belə bir nəticə çıxır ki, 61 ildən çox pasport qeydiyyatında olmaqla yaşadığı mənzil barəsində qeydiyyat vəsiqəsi, yəni reyestrdən çıxarış iddiaçının adına verilməlidir. Göstərilənlərə əsaslanaraq, iddiaçının qanuni əsaslarla 1962-ci ildən qeydiyyatda olmaqla istifadə hüququna malik olduğu, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4308/2013 saylı iş üzrə 29 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən təkrarən istifadə hüququm tanınan, 61 ildən çox yaşadığı ünvan 3 ünvanında olan 2 otaqlı mənzilim üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsində yerləşən 49 saylı fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 1 mart 2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə mürciət etmişdir. Məlum olmuşdur ki, fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə eynilik təşkil edən predmet barəsində, eyni əsaslarla ilkin olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsindəki 49 nömrəli evin “A” tikilisindən ibarət olan və 58 il yaşadığı 2 otaqlı mənzilin X5 adına sənədləşdirilməsi üçün əsas olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2001-ci il tarixli 2-229/2001 saylı qətnaməsinin ləğvi ilə əlaqədar həmin məhkəmə qətnaməsinə əsasən Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 10 yanvar 2002-ci il tarixdə X5 adına verilən seriya FM seriyalı 013552 nömrəli qeydiyyat vəsiqəsinin 58 il yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 49 saylı evin “A” tikilisində olan 2 otaqlı mənzilə dair hissədə ləğv olunması, istifadə hüququna dair hüquqmüəyyənedici sənəd olan həmin mənzildə qeydiyyatda olduğunu təsdiq edən qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 49 saylı evin “A” tikilisində olan 2 otaqlı mənzilinə dair adına çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2-1(112)-2223/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2001-ci il tarixli 2229/2001 saylı qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bu səbəbdən İdarə tərəfindən iddiaçının ərizəsinin icrası mümkün olmamış və ona 6 aprel 2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 8.0.9, 8.0.10, 23-cü maddələrinə, İPM-in 35.1-ci maddəsinə əsaslanaraq, məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1962-ci ildən ünvan 2 evin “A” tikilisində qeydiyyatda olmaqla yaşayır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 229/2001 saylı iş üzrə 29 yanvar 2001-ci il tarixli qətnaməsi ilə həmin evə dair 10 yanvar 2002-ci il tarixdə X5 adına FM 013552 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir, lakin sonradan hazırkı iddiaçının apellyasiya şikayəti əsasında sözügedən qətnamə ləğv olunmuşdur. Bundan sonra İddiaçı həmin evə dair qeydiyyat vəsiqəsinin ləğv olunması və yaşayış sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Həmin məhkəmənin 2-1(112)-2223/2021 saylı iş üzrə 18 mart 2021-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-229/2001 saylı iş üzrə 29 yanvar 2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (hazırkı cavabdeh həmin qurumun bazasında yaranmışdır) üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərar alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1779/2021 saylı iş üzrə 24 sentyabr 2021-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-229/2001 saylı iş üzrə 29 yanvar 2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın İddiaçı aid hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli həmin qərarı Ali Məhkəmənin 2- 1(102)-177/2022 saylı iş üzrə 12 yanvar 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı müvafiq ünvandakı evin ona aid hissəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, iddiaçı tərəfindən evə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və evə hüquqlarının qeydiyyata alınmasını tələb edir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nəsimi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçının eyni tələbi üzrə iddiasına əvvəllər Bakı İnzibati Məhkəməsində baxılmasına gəldikdə isə, onun əvvəlki müraciəti zamanı ev başqa şəxsin mülkiyyəti kimi qeydiyyatda olmuşdur. Lakin sonradan həmin qeydiyyat hazırkı iddiaçının iddiası əsasında ləğv olunmuş və cavabdeh iddiaçının yeni müraciəti üzrə inzibati icraat apararaq (ərizəni baxılmamış saxlamadan), məsələnin həllindən yenidən imtina etmişdir. Belə olan halda, “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma” kimi qiymətləndirilməməlidir. Odur ki, məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Nəsimi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə mövcud qanunvericiliyin aşağıdakı normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - (8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; - (8.0.12) 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericiliyin sadalanan normalarına görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, qanunvericilik «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin dairəsini də müəyyən etmişdir. Lakin hazırkı işin hallarına görə iddiaçı qanunla daşınmaz əmlaka, yəni iddia etdiyi tikiliyə münasibətdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə rutulmuş hüquqmüəyyınedici sənədlərdən hər hansı birini, o cümılədən notarial-qaydada təsdiqləmiş müvafiq (evin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququnu təsdiq edən sənədi əsasında bağlanmış) müqavilə təqdim etməmişdir. Onun təsdiq etdiyi sadə yazılı sənədin surəti isə, müvafiq razılaşma və ya müqavilə kimi qəbul oluna biləməz. Bundan başqa nəzərə alınmalıdır ki, hazırkı İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş (iddiaçı X5 iddiası üzrə) mülki işdə “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə” qarşlıqlı iddiası həmin məhkəmənin 29 noyabr 2013-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının fərdi yaşayış evinə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasından imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidr. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar