Məhkəmə qərarları › İş №2-1(112)-9342/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9342/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9342/2022 22.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı «icra sənədi üzrə icraatın dayandırılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı «icra sənədi üzrə icraatın dayandırılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində cavabdeh X2 qarşı nikahın pozulması və uşağın iddiaçının yanında qalması tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-201/2021 saylı iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək onlar arasında bağlanmış 12 mart 2015-ci il tarixdə bağlanmış nikahın pozulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia qismən təmin edilərək nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 2016-cı il təvəllüdlü X3 anası X1 (həmin iş üzrə cavabdeh) himayəsinə verilməsi, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması iddiaçıdan müvafiq tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iddianın alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6036/2021 saylı iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, qətnamədən verilmiş kassasiya şikayəti də təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin həmin iş üzrə 19 mart 2021-ci il tarixli icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. İcra vərəqəsində məhkəmə aktının nəticə hissəsi aşağıdakı məzmunda qeyd olunmuşdur: tərəflərin birgə nikahı pozulduqdan sonra onların birgə nikahından doğulmuş 30 mart 2016-cı il təvəllüdlü X4 anası X1 himayəsinə verilsin. İddiaçı hesab edir ki, həmin icra vərəqəsi məhkəmə tərəfindən qanunvrericiliyin tələbləri pozularaq tərtib edildiyindən, ləğv edilməlidir. Bu barədə o, həmin icra vərəqəsinin ləv edilməsi tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə tərəfindən həmin iddia ərizəsi icraata qəbul edilmiş və məhkəmə hazırlıq iclası təyin edilmişdir. Hazırda icra sənədi ilə bağlı iddia qaldırıldığından və icra sənədi mübahisələndirildiyindən, hesab olunur ki, icra hərəkətləri bu işə baxılıb qurtaranadək dayandırılmalıdır. İcraatın dayandırılması barədə ərizə ilə iddiaçı tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə müraciət etmişdir. Lakin bu günədək icra hərəkətləri dayandırılmamış, hətta tələbin könüllü icrası haqqında bildiriş və qərar da göndərilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə və digər normalara əsaslanaraq, Bakı şəhəti Sabunçu Rayon Məhkəməsinin 2(008)-201/2021 saylı 27 yanvar 2021-ci il tarixli icra vərəqəsinin (icra sənədinin) ləğv edilməsi barədə iddia tələbinə məhkəmədə baxılıb qanuni qüvvəsini almış yekun qərar qəbul edilənədək həmin icra sənədinin icrasının dayandırılması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şəbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdilədiyini və işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirdi və iddianı müdafiə etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda, borclu fəaliyyət qabiliyyətini itirdikdə, borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə, icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda, icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə, tələbkarın müvafiq xahişi olduqda. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda, borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda, icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə, borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun icra ilə əlaqədar yerinə yetirdiyi vəzifələrdəndir. Həmin Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Məhkəmə vurğulayır ki, icra qanunvericiliyi icraatın dayandırılması üzrə “məcburi” və “mümkün” olan halları ayrılıqda müəyyən edir. Qanunvericilik həmçinin nəzərdə tutur ki, icraatın dayandırılmasının “məcburi” halları üzrə icra məmuru tərəfindən bu barədə qərar, “mümkün” halları üzrə isə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında müvafiq məhkəmə tərəfindən akt qəbul olunmalıdır. Lakin hazırkı iş üzrə İddiaçı yuxarıda qeyd olunanlara zidd olaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş mülki mübahisə ilə bağlı verilmiş icra sənədi üzrə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsində başlanmış icra icraatının dayandırılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaqla tələb edir ki, bu isə, İPM-in 2.1 cə 35.1-ci maddələrinin tələbləri baxımından, iddianın mümkün sayılmasını istisna edir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar