Məhkəmə qərarları › İş №2-1(112)-9344/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9344/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9344/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “protokolun və şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt ərazi torpaq şöbəsinin müsabiqə və hərrac komissiyasının 76/2 saylı 08.02.2018-ci il tarixli iclas protokolunun və həmin protokol əsasında X2 verilmiş 08.02.2018-ci il tarixli AM seriyalı 004370 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlər Yeganə Əsədovaya, Sumqayıt Bələdiyyəsinə, AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə və AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı "hərracın nəticələrinə dair protokolun, şəhadətnamənin, icarə müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(060)-1648/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyatorlar apellyasiya şikayətlərində qeyd etmişlər ki, hazırkı işə mülki icraat qaydasında deyil, inzibati qaydada baxılmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2019-cu il tarixli, 2(105)-3089/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Əsadova Yeganə, Sumqayıt Bələdiyyəsi və AR ƏMDK yanında DƏDRX- nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(060)-1648/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçının həmin qətnamədən vermiş olduğu kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının 20.02.2020-ci il tarixli, 2(102)-1108/2020 saylı qərarı ilə təmin edilməmişdir. Hər iki instansiya məhkəməsi işə baxarkən mübahisənin aidiyyətinin inzibati məhkəməyə aid olmasına münasibət bildirməmişlər və nəticədə onun konstitusyon hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 32.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi inzibati orqandır. Bu səbəbdən hesab edir ki, hazırkı mübahisəyə inzibati icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etdi, onun mümkün sayılaraq mahiyyəti üzrə baxılmasını və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, İPM-in 8-ci maddəsi inzibati mübahisələrin ərazi aidiyyətini müəyyən edir. İPM-in 8.2-ci maddəsinə görə mübahisəyə məhkəmədə, həm də inzibati məhkəmədə baxılmalı olan, lakin ərazi aidiyyəti üzrə mübahisəyə baxılması işin daxil olduğu məhkəmənin səlahiyyətinə aid olmayan hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə hesab edir ki, hazırkı işə məhkəmədə baxılması, ümumiyyətlə, yolverilməz olduğundan, işin baxılması üçün aidiyyəti üzrə digər inzibati məhkəməyə (hazırkı halda İPM-in 8.1.1-ci maddəsinə əsasən mübahisəli torpaq sahəsinin yerləşdiyi Sumqayıt İnzibati Məhkəməsinə) göndərilməsi zərurəti aradan qalxır. Çünki iddia ərizəsindən görünür ki, iddiaçı hazırda Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt ərazi torpaq şöbəsinin müsabiqə və hərrac komissiyasının 76/2 saylı 08.02.2018-ci il tarixli iclas protokolunu və həmin protokol əsasında X2 verilmiş 08.02.2018-ci il tarixli AM seriyalı 004370 nömrəli şəhadətnaməni mübahisələndirməklə onların etibarsız hesab edilməsini xahiş edir. İş materiallarında görünür ki, İddiaçı digər iddiaçı X7 ilə birlikdə cavabdehlər X3, Sumqayıt Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X1 Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərazisində 36 kv.m torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə keçirilmiş torpaq müsabiqəsinin qalibi elan edilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasının 76/2 saylı 08.02.2018-ci il tarixli iclas protokolunu və həmin protokol əsasında X2 verilmiş 08.02.2018-ci il tarixli AM seriyalı 004370 nömrəli şəhadətnamənin, Sumqayıt Bələdiyyəsi ilə X4 arasında 10 il müddətinə bağlanmış 8 nömrəli 08.02.2018-ci il tarixli torpaq icarə müqaviləsinin və onun həmin torpaq sahəsi üzərində icarə hüquqlarının qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15.04.2019-cu il tarixli 2(060)-1648/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bu qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.09.2019cu il tarixli 2(105)-3089/2019 saylı qətnaməsi ilə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15.04.2019-cu il tarixli 2(060)-1648/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı və X7 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20.02.2020-ci il tarixli 2(102)-1108/2020 saylı qərarı ilə təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.09.2019-cu il tarixli 2(105)-3089/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı hazırda həmin məhkəmə icraatının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qiymət verilmiş “Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasının 76/2 saylı 08.02.2018ci il tarixli iclas protokolunu və həmin protokol əsasında X2 verilmiş 08.02.2018-ci il tarixli AM seriyalı 004370 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi” barədə iddianı inzibati mühakimə icraatı qaydasında yenidən qaldıraraq, prosessual məhdudiyyətlərdən yayınmaqla həmin tələbinə məhkəmə qaydasında yenidən baxılmasına nail olmaq istəyir ki, bu da yolverilməzdir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumu “G.İsmayılzadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 29 noyabr tarixli Qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 28 oktyabr 2014-cü il tarixli yekun qərarının hüquqi nəticələrinin mülki məhkəmə icraatı qaydasında faktiki olaraq qüvvədən salınmasını narahatlıqla qeyd edərək bildirir ki, belə hallar məhkəmələrin fəaliyyətində qeyri-konstitusion təcrübə yaratmış olar. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.” Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhz qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya mülki mühakimə icraatı qaydasında baxılmaqla yekun qiymət verildiyindən artıq həmin mübahisə eyni tərəflər arasında hər hansı bir məhkəmədə (istər mülki, istər inzibati məhkəmə) mübahisə predmeti ola və baxıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar