Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9344/2022 18.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “sığorta stajının və əlavənin hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “sığorta stajının və əlavənin hesablanması” barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona pensiya düzgün hesablanmamışdır. Belə ki, o, 1990-1992-ci illər tarixində özünü müdafiə batalyonun tərkibində döyüşmüş, bundan əlavə 1994-1998-ci il tarixlərdə ali təhsil almış, 6 saylı orta məktəbdə 1998-1999-cu il tarixlərdə hazırlıq rəhbəri kimi çalışmış, Nardaran hadisələri zamanı məxfi əməliyyatlarda çalışmış, lakin onun 1 il 2 ay döyüşdüyü illər, 4 il təhsil aldığı il, 5 ay 21 gün orta məktəbdə hazırlıq rəhbəri işlədiyi və 1 il 6 ay Nardaran hadisələri vaxtı işlədiyi dövr, yəni ümumilikdə 7 il 1 ay 11 gün nəzərə alınmamışdır. Bundan əlavə, ona “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş maddənin tələbinə əsasən hər il üçün təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunması nəzərdə tutulsa da, ona həmin əlavə göstərilən faiz nisbətində həyata keçirilməmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçıya 631 nömrəli 21 noyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən iddiaçı Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət zamanı döyüşlərdə iştirak etmədiyinə görə, yəni könüllü döyüşdüyünə görə onun könüllü döyüşlərdə iştirak müddətinin pensiya stajına əlavə edilməsi mümkün deyildir. Onun təhsil aldığı 4 il müddətin yarısı isə xidmət illərinə yuxarıda adıçəkilən qərara əsasən hesablanmışdır. Orta məktəbdə işlədiyi müddətin adıçəkilən qərarda pensiya stajına əlavə edilməsi nəzərdə tutulmamışdır. Xidmət illərinə görə pensiyanın hansı faizlə verilməsi isə Nazirliyinin səlahiyyətinə aid deyil. Nardaran hadisələri zamanı xidmətin 1 günü 3 günə kimi nəzərə alınmış və xidmət müddətinə daxil edilmişdir. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia - İddiaçı Nardaran hadisələri vaxtı məxfi əməliyyatlarda iştirak etdiyi 3 ay 3 gün müddətin, əyani təhsil aldığı 4 il müddətin xidmət illərinə hesablanması, eyni zamanda 3 faiz əlavənin hesablanması və yaranacaq pensiya fərqin birdəfəlik ödənilməsi hissəsində mümkün sayılmamışdır. Göründüyü kimi hazırda mahiyyəti üzrə baxılan iddia İddiaçı Şuşa rayonu Malıbəyli kəndi özünümüdafiə batalyonun tərkibində kəndi müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak müddətinin, eləcə də Şuşa şəhər 6 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq rəhbəri kimi çalışdığı müddətin, həmçinin Nardaran hadisələri vaxtı 1 il 6 ay məxfi əməliyyatlarda iştirak etdiyi müddətin 3 ay 3 gün xidmət müddəti istisna olmaqla qalan müddətin onun xidmət illərinə hesablanması ilə bağlıdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi göstərilən hissədə onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mümkün hesab edilən hissəsində mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İlkin olaraq iddia tələbinin Şuşa rayonu Malıbəyli kəndi özünümüdafiə batalyonun tərkibində kəndi müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak müddətinin xidmət illərinə əlavə edilməli olub-olmaması hissəsində məhkəmə aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı 23 noyabr 1992-ci il Qərarının:
1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmət Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə, habelə Əfqanıstanda əsgəri borcunu yerinə yetirərkən əsirlikdə, mühasirədə olma müddəti, əgər əsirlik könüllü olmamışdısa və hərbi qulluqçu əsirlikdə olarkən respublikaya qarşı cinayət törətməmişdisə Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Qanunvericiliyin tələbindən də göründüyü kimi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü xidmət müddəti kimi nəzərdə tutulmuş olsa da, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən şəxslərin xidmət illərinin hesablanması ilə bağlı sonrakı müddəanın mahiyyətindən aydın olur ki, həmin şəxslərin bir xidmət ili iki xidmət ili kimi hesablanmalıdır və bununla bağlı aidiyyəti inzibati orqanın qərarının mövcudluğu zəruri şərtdir. Hazırkı halda isə iddiaçı hərbi qulluqçu statusuna malik olmayan şəxs olduğundan, könüllü özünümüdafiə batalyonun tərkibində döyüşlərdə iştirak etdiyindən onun xidmət illərinin istər günə gün, istərsə də bir xidmət ilinin iki xidmət ili kimi hesablanmasından söhbət gedə bilməz. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarının mövcudluğu da istisna olunur. Belə ki, iddiaçı döyüşlərdə iştirak edərkən hərbi qulluqçu olmamış, bu səbəbdən də onun döyüş illərinin xidmət illərinə hesablanmamışdır ki, cavabdehin həmin hərəkətsizliyi qanuni və əsaslı olmaqla iddianın həmin hissədə rədd edilməsi əsası qismində çıxış edir. Məhkəmə Şuşa şəhər 6 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq rəhbəri kimi çalışdığı müddətin xidmət illərinə hesablanıb-hesablanmaması ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı 23 noyabr 1992-ci il Qərarının 1-ci hissəsinin müvafiq abzaslarından görünür ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə hansı dövrlərin daxil edilməli olması halların dairəsi konkret olaraq müəyyən edilmişdir ki, mülki təşkilatlarda, o cümlədən orta məktəbdə iş stajının xidmət illərinə əlavə edilməli olması ilə bağlı hər hansı hal adıçəkilən Qərarda qeyd edilməmişdir. Odur ki, konkret dairəsi müəyyən edilmiş hala aid olmayan orta məktəbdə işlədiyi müddətin xidmət illərinə əlavə edilməməsində cavabdehin hərəkətsizliyi qanuni və əsaslı olmuşdur. Nardaran hadisələri vaxtı 1 il 3 ay (məxfi əməliyyatlarda iştirak etdiyi müddətin onun xidmət illərinə hesablanmalı olması ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yuxarıda adıçəkilən Qərarın tələbindən də göründüyü kimi terrorizmə qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət illəri bir xidmət günü iki xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə bir xidmət günü üç xidmət günü kimi sayılır. Cavabdeh də həmin müddəanın tələbinə uyğun olaraq AR DİN-nin 27 noyabr 2015ci il tarixli 022 nömrəli əmri və ƏÇPA-nın 12 mart 2016-cı il tarixli 07 nömrəli əmrinə uyğun olaraq Nardaran hadisələri zamanı məxfi əməliyyatlarda iştirakla bağlı iddiaçının xidmət illərini bir xidmət günü üç xidmət gününə bərabər tutmaqla hesablamış 3 ay 3 gün güzəştli xidmət müddəti məhkəmə sorğusuna əsasən təqdim edilən pensiya təyini üçün xidmət müddəti haqqında hesablama vərəqəsindən görünür ki, pensiya təyini ilə bağlı iddiaçı barəsində hesablanmışdır. Lakin iddiaçı ümumilikdə 1 il 6 ay müddətin xidmət illərinə hesablanması barədə iddia ilə müraciət etmişdir ki, iddiaçının hesablanmasını istədiyi 3 ay 3 gün istisna olmaqla 1 il 6 ay müddətdən əlavə qalıq müddətin hansı əsasla hesablanmalı olmasını iddia ərizəsində və məhkəmə araşdırması dövründə əsaslandıra bilməmişdir. Halbuki, iddiaçıya aid şəxsi işindən çıxarış və hesablama vərəqəsindən görünür ki, iddiaçı barəsində sənədləşmə 3 ay 3 gün müddətin hesablanmalı olması ilə bağlı olmuş, yuxarıda istinad olunan əmrlər mübahisələndirilməmiş, hüquqi qüvvədə olması nəzərə alınmaqla da xidmət illərinə məhz həmin müddət aid edilmişdir. Göründüyü kimi hazırkı halda iddiaçı ümumilikdə 1 il 6 ay məxfi əməliyyatlarda iştirak etdiyini qeyd etsə də, bunu təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfindən təqdim edilən materiallardan isə müəyyən edilmişdir ki, onun məxfi əməliyyatlarda iştirak müddəti 1 günə 3 gün hesablanmaqla məhz 3 ay 3 gün olmaqla hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Şuşa rayonu Malıbəyli kəndi özünümüdafiə batalyonun tərkibində kəndi müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak müddətinin, Şuşa şəhər 6 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq rəhbəri kimi çalışdığı müddətin və Nardaran hadisələri vaxtı 1 il 6 ay məxfi əməliyyatlarda iştirak etdiyi müddətin 3 ay 3 gün xidmət müddəti istisna olmaqla qalan müddətin onun xidmət illərinə hesablanması barədə iddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov