Məhkəmə qərarları › İş №2-1(112)-9345/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9345/2021

15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9345/2021 15.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı Firudin oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının fərdi yaşayış evinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Firudin oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 907,8 kv.m olan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətdə iddiaçının adına qeydiyyata alınması, bununla bağlı reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 75,2 kv. m olan mənzil, ********** qeydiyyat nömrəli 26 oktyabr 2010-cu il qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məsxusdur. İddiaçı 2013-cü ildə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edərək yuxarda göstərilən evin sökülməsi və təqdim olunan eskiz layihəsi əsasında ümumi sahəsi 907,8 kv.m olan zirzəmili, üç mərtəbəli və mansardlı fərdi yaşayış evi kimi yenidən tikilməsinə icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal RİH başçısının 7 iyun 2013-cü il tarixli 223 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən, ********** qeydiyyat nömrəli 26 oktyabr 2010-cu il qeydiyyat tarixli, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məsxus olan evin sökülərək, yerində razılaşdırılmış eskiz layihəsi əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1139 saylı 29 may 2013-cü il tarixli məktubu ilə yuxarda qeyd olunan ünvanda inşasına icazə verilən fərdi yaşayış evinin eskiz layihəsi həmin Baş İdarə ilə razılaşdırılmışdır. Fərdi yaşayış evinin tikintisi 2018-ci ildə yekunlaşmışdır. Bakı şəhəri Yasamal RİH-in 27 aprel 2018-ci il tarixli q/ç-270 saylı sənədi ilə tikinti obyektinin istismarına icazə verilmişdir. 2018-ci ilin yanvar ayından başlayaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Lakin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır. İddiaçı həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsinə dair DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə rəsmi müraciət etmiş, lakin inzibati orqan tərəfindən 22 iyul 2021-ci il tarixli imtina məktubu verilərək müraciət təmin edilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29, 71-ci maddələrinə, AR Mülki Məcəlləsinin 139.1, 146.2, 148.1, 152.1, 157-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.2, 8.0.4-cü maddələrinə, İPM-in 2.2-ci maddəsinə əsaslanaraq, həmin evə dair hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 5 noyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 8 iyul 2021-ci il tarixdə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, Bakı ŞİH tərəfindən verilmiş tikintiyə və istismara icazə sənədi ərizəyə əlavə edilməmişdir. Həmçinin fərdi yaşayış evinə dair təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və daşınmaz əmlak üzərində Daxili İşlər Nazirliyinin 6 may 2015 tarixli 1/99m saylı məktubu ilə nəzarət qoyulmuşdur. Eyni zamanda təqdim edilmiş layihədə daşınmaz əmlak fərdi yaşayış kimi qeyd edilsə də yerində baxış keçirilən zaman qeyd olunan daşınmaz əmlakın qeyri-yaşayış binası kimi inşa olunduğu məlum olmuşdur. İdarənin mütəxəsissləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, daşınmaz əmlakın faktiki sahəsi 890,22 kv.m təşkil edir. Evin birinçi mərtəbəsinin döşəməsindən mansard mərtəbəsinin tavanına qədər olan hündürlüyü 14.0 metr təşkil edir. Bu səbəblərdən ərizənin icrası DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa 22 iyul 2021-ci il tarixli məktub ünvanlanmışdır. Yuxarıda qeyd olunanlara və AR Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8 və 11.1-ci maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəf məhkəmə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «ünvan 1 ünvanında yerləşən, tikintialtı torpaq sahəsi 219,50 kv.m olan, tikinti ətrafı torpaq sahəsi 108,50 kv.m olan, ümumilikdə 328,00 kv.m torpaq sahəsinə istifadə hüququnun və ümumi sahəsi 907,80 kv.m olan fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə iddiaçı tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İş materiallarından görünür ki, İddiaçı Firudin oğlu məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. AR Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 26 oktyabr 2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi ilə verilmiş MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 4 ünvanındakı evə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 523-cü məhəllə, 22 ünvanında yerləşən fərdi yaşayış evinə dair layihə Bkı ŞİH tərəfindən 29 may 2013-cü il tarixdə Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal RİH başçısının 7 iyun 2013-cü il tarixli 223 nömrəli sərəncamın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən vətəndaş İddiaçı Firudin oğluna məxsus evin sökülərək, yerində razılaşdırılmış eskiz layihəsi əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal RİH başçısı tərəfindən 27 aprel 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 523-cü məhəllə, 22 ünvanında yerləşən fərdi yaşayış evinə dair q/ç-270 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədi təsdiqlənmişdir. İş materiallarında olan planın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən vətəndaş İddiaçı Firudin oğluna məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin (həyətyanı) ölçüsü 328 kv.m-dir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2013-cü ilin 1 yanvar tarixdən sonra inşa edilmiş tikililərə münasibətdə torpaq sahəsinə, tikintiyə icazəyə dair sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə birlikdə əsas kimi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarına görə iddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə hüquqların (torpaq sahəsinə istifadə, fərdi yaşyış evinə mülkiyyət hüquqlarının) qeydiyyatı ilə bağlı müraciət edərkən tikintiyə icazə, müvafiq qaydada təsdiqlənmiş layihə və tikintinin istismarına icazə sənədini təqdim etsə də, torpaq sahəsinin istifadədə və ya mülkiyyətdə olmasını birbaşa təsdiqləyən ərizəsinə əlavə etməmişdir. Lakin səlahiyyətli qurum kimi Yasamal RİH-in “fərdi yaşayş evinin tikintisinə icazə verilməsi barədə” sərəncam verməsi, eləcə də digər müvafiq səlahiyyətli orqan olaraq Bakı ŞİH-in fərdi yaşayış evinin layihəsini təsdiq etməsi özlüyündə həmin tikilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını ehtiva edir. Nəzərə alınmalıdır ki, sökülməklə yenidıən tikintisinə icazə verilmiş əmlak kimi həmin ev iddiaçının mülkiyyətində olmuşdur və bu barədə əvvəlki dövrdə hüquqların qeydiyyatı aparılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinasında gətirilən dəlilin formal mülahizələrə söykənir və həmin imtina əsassız olmaqla qanunvericiliyin, o cümlədən «İnzibati icraat haqqında» AR Qanununun 13, 15, 17-сi maddələrinin tələblərinə zidd qiymətləndirilməlidir. İmtina qanuna zidd olmaqla yanaşı, həm də mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən, tikintialtı torpaq sahəsi 219,50 kv.m olan, tikinti ətrafı torpaq sahəsi 108,50 kv.m olan, ümumilikdə 328,00 kv.m torpaq sahəsinə istifadə hüququnun və ümumi sahəsi 907,80 kv.m olan fərdi yaşayış evinə İddiaçı Firudin oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən, tikintialtı torpaq sahəsi 219,50 kv.m olan, tikinti ətrafı torpaq sahəsi 108,50 kv.m olan, ümumilikdə 328,00 kv.m torpaq sahəsinə istifadə hüququnun və ümumi sahəsi 907,80 kv.m olan fərdi yaşayış evinə İddiaçı Firudin oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar