Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9347/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, iddiaçının qanuni nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Qaçqınlar və X18 Üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının valideyinləri X17 ilə X5 xx.xx.2005-ci il tarixdə ailə qurublar. Onlar Cəbrayıl rayonundan məcburi köçkündürlər. İddiaçı - xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Elsəvər qızı valideyinlərilə birlikdə yaşayır. O və valideyinləri məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün imtiyazlardan istifadə edir. X23 iddiaçıya məcburi köçkün vəsiqənin verilməsi ilə bağlı Qaçqınlar və X18 üzrə Dövlət Komitəsinə müraciət etsə də, ona məcburi köçkün vəsiqəsi vermirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınlar və X18 Üzrə Dövlət Komitəsi məcburi köçkünlüklərini təsdiq edən vəsiqəni verməkdən imtina edir. Səbəb isə iddiaçının atası X3 ünvan 1də qeydiyyatının olmasıdır. İddiaçı hesab edir ki, bu əsaslı səbəb ola bilməz. Təlimatda bununla bağlı hər hansı bənd yoxdur. Ona görə də iddiaçı hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı Elsever qızının sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçının atası Elsevər Hüseynovun övladına məcburi köçkün vəsiqəsinin verilməsi barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, iddiaçının atasının qeydiyyatı Zaqatala şəhəri, N nömrəli hərbi hissədə olduğundan, övladı xx.xx.2006-cı il təvəllüdlü X12 məcburi köçkün statusunu təsdiq ədən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburl köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu İİ tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların ve məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Bildirilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulanır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar’ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün" statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3cü bəndinə əsasən, şəxsə “məcburi köçkün" statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq ədən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası X20 şəhəri, N saylı hərbi hissədə yaşayış yeri üzrə qeydiyyatda olduğundan, onun qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxllində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı yarımbəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqlan faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən iddianın rədd olunması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınlar və X18 Üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının X1nun qeydiyyatının ünvan 1 ünvanında olmasına görə Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad edilərək iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. -Elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi bölməsindən əldə olunan məlumatlara əsasən, Asan-Şəki tərəfindən xx.xx.2021-ci il tarixdə verilən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının X1 xx.xx.1978-ci ildə Cəbrayıl rayonunun Daşveysəlli kəndində doğulmuşdur, yaşayış yeri Zaqatala rayonu ünvanıdır. -Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AA seriyalı, 241330 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X6 məcburi köçkün statusuna malikdir. -Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AA seriyalı, 034485 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X17 məcburi köçkün statusuna malikdir. -ASAN-Şəki tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının anası X17 xx.xx.1981-ci il tarixdə Cəbrayıl rayonunun Daşveysəlli kəndində doğulmuşdur. Yaşayış yeri ünvan 2i ünvanıdır. -Biləsuvar rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X9 ilə xx.xx.1981-ci il təvəllüldü X17 arasında nikah bağlanmışdır. -ASAN-Şəki tərəfindənxx.xx.2021-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. -Cəbrayıl rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası- X6, anası-X13r. -Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Müavini tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, rayonun Daşveysəlli kənd sakini xx.xx.2006-cı ill təvəllüdlü İddiaçı adı 2006-cı ildən vahid aylıq müavinət alanların adlı siyahısına daxil edilmiş və hazıra kimi ona vahid aylıq müavinət ödənilir. X1 təlimatın 2.12-ci bəndinə əsasən dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) etdiyi üçün ona verilən vahid aylıq müavinət dayandırılmışdır. Hazırda xidməti işi ilə əlaqədar Cəbrayıl rayon pasport qeydiyyatında yoxdur. X2 adı 1993-cü ildən, bacısı xx.xx.2009-cu il təvəllüdlü X8 adı 2009-cu ildən və qardaşı xx.xx.2013-cü il təvəllüdlü X11 adı isə 2023-cü ildən vahid aylıq müavinət alanların adlı siyahısına daxil edilmiş və hazıra kimi onlara vahid aylıq müavinət ödənilir. -Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının 5 saylı məcburi köçkün qəsəbəsindəki Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Hüseynova X16 rayon 5 saylı MKQ-də 146 saylı evdə qeydiyyatdadır, lakin hal-hazırda həmin ünvanda yaşamır. -Azərbaycan Respublikası DİN Daxili Qoşunları N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən də Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 129B ünvanında yerləşən 99 saylı mənzildə yaşayır. -Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Minbaşılı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 70 №-li arayışdan görünür ki, iddiaçı Minbaşılı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən vahid aylıq müavinət alır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)- Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; -9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. -10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; -12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin (Komitənin) qərarı əsasında verilir. Bu statusun verilməsi üçün şəxs Komitədə qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı valideynləri 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkün düşmüş və hər ikisi məcburi köçkün statusuna və vəsiqəsinə malikdirlər. İddiaçı hazırda ünvan 6 ünvanında ailəsi ilə birlikdə müvəqqəti məskunlaşmışdır. Məcburi köçkün kimi İddiaçı 2006-cı il tarixdən vahid aylıq müavinət alır. İddiaçının X1 isə dövlət qulluğunun xüsusi növündə xidmət etdiyi üçün ona verilən vahid aylıq müavinət dayandırılmışdır (təlimatın 2.12-ci bəndinə əsasən). İddiaçının qanuni nümayəndəsi (atası) hazırkı tələblə bağlı Komitəyə müraciət etsə də, sonuncu iddiaçının atasının qeydiyyatının Zaqatala rayonunda olması əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Həmin Təlimatın: - 1.2-ci bəndinə əsasən, işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin ayda bir dəfə dəqiq, dürüstləşdirilmiş siyahılarını hazırlayıb təsdiq edir və Qaçqınların və X18 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. - Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyətləri tərəfindən hər ayın əvvəlində həmin ərazidə faktiki məskunlaşmış məcburi köçkünlərin adlı siyahıları (əlavə olunmuş 1 №-li formaya uyğun) tərtib olunur, müvafiq şöbədə saxlanılmaq və müavinət alanların dürüstləşdirilmiş siyahılarını hazırlamaq məqsədilə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə təqdim edilir. - 1.3. Məcburi köçkünlərin aylıq siyahılarının tərtibi təsərrüfatbaşına kitaba əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər (pasport, doğum haqqında şəhadətnamə və s.) əsasında həyata keçirilir... - 1.4. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən ərazisi işğal olunmuş rayon icra hakimiyyəti başçısı tam məsuliyyət daşıyırlar. - 1.5. Dövlətqaçqınkom əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən hər ayın 20-dək məcburi köçkünlərin sayına dair rəsmi təsdiq edilmiş arayışa uyğun olaraq, tələb olunan aylıq müavinətin məbləğini müəyyənləşdirir və vəsaitin ayrılması üçün Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir. - 1.6. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yemək xərclərinin ayrılmasına dair təqdim olunmuş sifariş əsasında vəsaiti əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin xəzinə hesabına köçürür. - 1.7. Əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri 1-2 gün müddətində daxil olunmuş vəsaitin BUS Bankın filiallarına köçürülməsini təmin edir və bu barədə Dövlətqaçqınkoma rəsmi məlumat verir. - 2.1. Məcburi köçkünlərə müavinət əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən onların müvəqqəti məskunlaşdıqları ərazilər üzrə ayrı-ayrılıqda BUS Bankın idarə və filiallarına (sonradan filial adlanacaq) 2 №-li forma əsasında (forma əlavə olunur) təsdiq olunmuş adlı siyahılar əsasında ödənilir. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün” statusuna malik olan uşaqlara. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri "məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Göründüyü kimi, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutulmamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. İddiaçı hazırda məcburi köçkün üçün müavinət alması cavabdehin özü tərəfindən ona sonradan qəbul edilən aktları tətbiq etmədiyini, xx.xx.2002-ci il tarixli Təlimata əsasən yemək xərci ödədiyini göstərir. Əks halda cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarına istinad edərək iddiaçıya müavinət ödənilməsini dayandırmalı idi. Məhkəmə imtinanın “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad edilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, bəhs olunan Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət ödənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və ya hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-9347/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9347/2023
25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver