Məhkəmə qərarları › İş №2-1(112)-9349/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9349/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9349/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, 14 nömrəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Bundan başqa, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, ev 10 ünvanında yerləşən 25 kv.metrdən ibarət həyətyanı sahə fərdi yaşayış evinin tərkibindədir və 1955-ci ildən iddiaçının istifadəsindədir. İddiaçı həmin həyətyanı sahəyə dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, adıçəkilən qurumun ona ünvanlanmış 16 iyul 2021-ci il tarixli cavab məktubu ilə hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. ünvan 2 ünvanında yerləşən 25 kv.m-dən ibarət həyətyanı sahə iddiaçının istifadəsindədir, hər hansı bir şəxslə mübahisəsi mövcud deyil. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2, 8-ci maddələrinə, İPM-in 2.2.2, 33.1ci maddələrinə əsaslanaraq, ünvan 3 ünvanında yerləşən 25 kv.m ibarət həyətyanı sahə üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması, torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 15 oktyabr 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. Belə ki, İddiaçı iddia tələbi ilə bağlı İdarəyə müraciəti daxil olmamışdır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, X1 etibarnamə üzrə nümayəndəsi İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 14 iyul 2021-ci il tarixdə İdarəyə müraciət daxil olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı qeyd edilən fərdi yaşayış evinin mövcud olmadığı, yalnız 25 kv.m-dən ibarət olan həyət tikilisi olduğu müəyyən edilmişdir. Həmçinin, göstərilən yerin elektron kadastr məlumatlarına əsasən digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin arxiv texniki pasportunun bir hissəsinin təşkil etdiyi etdiyi aşkar edilmişdir. Qeyd edilən sahəyə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda hüquqmüəyyənedici sənədlər və vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat kontorunun məktubu sənədlər toplusuna əlavə olunmamışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8, 9.1.2, 10, 11.1, 23-cü maddələrinə əsaslanaraq, İPM-in 35.1, 48.2-ci maddələrini rəhbər tutaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılmamsını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; - (8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 10.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı iddiasında cavabdeh inzibati orqana qarşı “həyətyanı sahə üzərində hüquqlar qeydiyyata alınmaqla reyestrdən çıxarışın və planın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürsə də, məhkəmə icraatında onun həmin cavabdehə qaldırılan məsələ ilə bağlı əvvəlcədən inzibati orqana müraciət etməmişdir. Halbuki, mövcud qanunvericilik «İnzibati icraat haqqında» AR Qanununun 28.1-ci maddəsi və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununu 10-cu maddəsi həmin məsələ ilə bağlı hüquq sahibinin qeydiyyat orqanına qeyd olunan məzmunda ərizə ilə müraciətini zəruri sayır. Həmçinin hazırkı məhkəmə icraatında müvafiq daşınmaz əmlaka iddiaçının hər hansı hüququnun olması barədə hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən edilmir. Bu isə belə qənaət yaradır ki, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ da yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı məhkəmə icraatında cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi müəyyən edilmir. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 16 iyul 2021-ci il tarixli imtina məktubunda isə görünür ki, həmin İdarəyə müvafiq məsələ ilə bağlı hazırkı İddiaçı tərəfindən müraciət olunsa da, o, həmin icraatda X2 etibarnamə əsasında nümayəndəsi qismində çıxış etmişdir. X2 da sözügedən daşınmaz əmlakla (müvafiqq ünvanda yerləşən 25 kv.m ölçüdə olan) bağlı hər hansı hüququnun olmasını təsdiqləyən sənəd məhkəmə icraatında təqdim edilmədiyindən, məhkəmə İPM-in 13-cü maddəsinin tələbləri baxımından iddiaçının dəyişdirilməsinin tövsiyə olumasını məqsədəuyğyun saymır. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar