Məhkəmə qərarları › İş №2-1(112)-935/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-935/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-935/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “qaz xəttinin yerinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı Cavabdehnə qarşı “qaz xəttinin yerinin dəyişdirilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli imtinasının qanunsuz sayılmasını və cavabdehin üzərinə iddiaçıya mane olan süni maneənin aradan qaldırılması öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, torpağının yerləşdiyi ərazi qazlaşdırıldığı zaman qaz borusu aşağıdan çəkilmiş, qapı yeri qoyulmamışdır. Həmin vaxt boş həyət olduğundan, orada yaşayış olmadığı üçün bundan xəbəri olmamışdır. Dörd metr qaz xəttinin qaldırılıb ona yol verilməsi üçün Cavabdeh İB-yə müraciət etmiş, sonuncu öz hesabına yəni 900 (doqquz yüz) manat ödəməklə bunu edə biləcəyini bildirmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh İB-nin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş F 558 №li 17 may 2022-ci il tarixli arxiv çıxarışından müəyyən olunur ki, Abşeron rayon İddiaçı adına südçülük-maldarlıq üzrə X5 X1 əmrindən çıxarışa əsasən Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərənamına əsasən. sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. İddiaçı adına müəssisə həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamı nəzərə alınaraq İddiaçı fərdi ev tikmək ümün 0,1 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə Cavabdeh İB Bakı regional Qaz İstismarı Departamenti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, qeyd olunan ünvanda ona məxsus torpaq sahəsinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar BRQİD-ə daxil olmuş mürciətə əsasən təkliflər hazırlanarq xx.xx.2023-cü il tarixli, 14-2-2-3/3-11-2031/2023 saylı məktubla Cavabdeh İByə təqdim olunmuşdur. İstismarda olan qaz xətləri və üzərində quraşdırılmış qaz avadanlıqlarının yerinin dəyişdirilməsi işləri sifarişçinin vəsaiti hesabına nüvafiq qaydalara uyğun olaraq xüsusi lisenziyası olan podrat təşkilatlarla müqavilə bağlanmaqla yerinə yetirilir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, X3, ev 2, mənzil 29 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Sabunçu Rayon İcra Hakimiyyətinin 17 may 2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Sabunçu Rayon İcra Hakmiyyəti başçısınını Ramana qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-18-8/2- 1725/2024 saylı məktubunda göstərilmişdir ki, Əliyev X2 rayonu, Ramana qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Cavabdeh İB tərəfindən məhkəməyə ünvanlanmış 15 may 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, X4 ev, 2 mənzil 29 ünvanında yerləşən İddiaçı istifadəsində olan torpaq sahəsinə (koordinatlar: 40.482545; 49.978804) əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin qarşısından Cavabdeh İB-nin 2012-ci il tarixində istismara verilmiş L=0,4 metr məsafədə hündürlükdə D108 mm-lik aşağı təzyiqli yerüstü qaz xətti keçir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. ... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. ... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: ... 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: ... Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

3. Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir.

4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. ... Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. ... Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 15. Qaz təchizatı ilə əlaqədar torpaqda və ictimai istifadədə olan yerlərdə işlərin aparılması

1. Podratçılara torpağın və ictimai istifadədə olan yerlərin qazılması, örtüklərinin götürülməsi, kommunikasiyaların (novçaların, kanalizasiya qapaqlarının və tunellərinin) açılması, mövcud və gələcək qaz kəmərlərinin, qaz qurğularının marşrutları hüdudlarında müqavilə fəaliyyətində lazım sayılan xəndəklərin örtülməsi şərtilə qazılması hüququ verilir.

2. Yeni qaz kəmərləri və digər qaz qurğuları müvafiq olaraq yerin altında və üstündə, müvafiq tikilinin və ya metal qutunun içərisində yerləşdirilməlidir. Bu, həmçinin mövcud qurğuların təzələnməsinə və yerlərinin dəyişdirilməsinə aiddir. Müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum yuxarıda qeyd edilən hallarda, xüsusən uzaq məsafələrə və yüksək təzyiqli qaz nəqli xidmətlərində istisnalara yol verə bilər.

3. Podratçının vəzifələri aşağıdakılardır: torpaqda və ictimai istifadədə olan yerlərdə aparılan qaz fəaliyyəti işlərinin ictimai infrastrukturun digər sahələrinə cavabdeh olan podratçı və müvafiq icra hakimiyyəti orqanları ilə planlaşdırılması və uzlaşdırılması, təmir və qəza işləri zamanı ictimai infrastrukturun ayrı-ayrı sahələrində maneələr olduqda, əvvəlcədən həmin sahələrin mülkiyyətçisindən yazılı razılığın alınması; işlərin başlanmasına azı 3 ay qalmış həmin işlərin proqram və planlarını müvafiq icra hakimiyyəti orqanına təqdim etmək, iş əsnasında qarşıya çıxan suallara cavab vermək və işlərin təşkili və icrası ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının sərəncamlarına uyğun hərəkət etmək; müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun müəyyən etdiyi müddət ərzində bütün işləri başa çatdırmaq və sahənin istifadəsilə əlaqədar onu tələb olunan vəziyyətdə bərpa etmək; təhlükəsizliyi və imkan daxilində ictimai hərəkəti təmin etmək üçün bütün lazımi tədbirləri görmək; işləri minimal ziyanla həyata keçirmək, yer səthini, küçələrin və torpağın altındakı boşluqları normal vəziyyətə salmaq, vurulmuş ziyanı işin gedişi zamanı və ya dərhal iş qurtaran kimi aradan qaldırmaq; üçüncü tərəfə vurulan ziyanı mövcud qanunvericiliyə müvafiq olaraq ödəmək. ... Maddə 16. Xüsusi mülkiyyətlə əlaqədar işlər

1. Xüsusi mülkiyyətdə yerləşən istənilən qaz kəmərini (xəttini) və qurğusunu yoxlamaq, verilən və istifadə olunan qazın miqdarını təyin etmək və ya qaz nəqli və təchizatı tələb olunmayan halda qaz qurğularını açmaq məqsədilə podratçının müvəkkil edilmiş əməkdaşları və qaz ekspertləri xüsusi mülkiyyətdə olan sahəyə daxil olmaq hüququna malikdirlər. Podratçı və qaz ekspertləri həmin fəaliyyəti ilə mülkiyyətçiyə vurulan ziyanı ödəməlidir.

2. Qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə podratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən həmin mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir. Lakin podratçılar mövcud qaz qurğularının və xətlərinin xüsusi mülkiyyətçiyə məxsus torpaqlarda yerləşdiyi yerlərdə yeni qaz kəmərlərinin və qurğularının yerləşdirilməsi fəaliyyətinə başlaya bilərlər. Onlar həmçinin eyni qayda ilə mövcud qaz qurğularını işçi vəziyyətdə saxlamaq, təmir etmək və qazıb çıxarmaq üçün işlər də görə bilərlər. Bu Qanunun 15-ci maddəsinin 2-ci və 3-cü hissələri eyni qaydada xüsusi mülkiyyət sahiblərinin işlərin uyğunlaşdırılmasında iştirakı məqsədilə də (planların əvvəlcədən təqdim olunmasını nəzərə almaqla) tətbiq edilir.

3. Qəza halları istisna olmaqla, torpağın və ya binanın sahibi tərəfindən onun mülkiyyətində olan sahəyə müdaxiləyə və qaz fəaliyyəti göstərməyə icazə verilməyə bilər. Bu, qaz fəaliyyəti göstərmək istəyən şəxsin iş vaxtından kənar müdaxilə etmək istədiyi və ya podratçının və ya müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun ona mülkiyyətində olan sahəyə müdaxilə etmək icazəsi haqqında yazılı sənədin əslini təqdim etmədiyi və ya müdaxilə etmək istəyən şəxs öz şəxsiyyətini təsdiqləyə bilmədiyi hallarda baş verə bilər.

MƏHKƏMƏNİN MÖVQEYİ:

İddia ərizəsindən göründüyü kimi iddiaçının hüquqi marağı özünə məxsus olan torpaq sahəsinin qarşısından keçən yerüstü qaz xəttinin həmin torpaq sahəsinə girişçıxışın təmin olunması üçün qaldırılmasından ibarətdir. Məhkəmə də göstərilən halların araşdırılması məqsədi ilə iş üzrə məhkəmə texniki ekspertizası təyin etmiş, ekspertizanın həyata keçirilməsini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Bakı şəhəri, Sabunçu rayonu, X4 ünvanında iddiaçıya məxsus torpaq sahəsinin girişindən (koordinatlar: 40.482545; 49.978804) keçən Cavabdeh İB-yə məxsus aşağı təzyiqli yerüstü qaz xətti həmin torpaq sahəsinə giriş-çıxışa (piyada və avtomobillə) maneə törədirmi? Bakı şəhəri, Sabunçu rayonu, X4 ünvanında iddiaçıya məxsus torpaq sahəsinin sırasında yerləşən fərdi yaşayış evlərinin girişindən (koordinatlar: 40.482545; 49.978804) keçən Cavabdeh İB-yə məxsus aşağı təzyiqli yerüstü qaz xətti hansı hündürlükdə çəkilmişdir? Bakı şəhəri, Sabunçu rayonu, X4 ünvanında iddiaçıya məxsus torpaq sahəsinin sırasında yerləşən fərdi yaşayış evlərinin girişindən (koordinatlar: 40.482545; 49.978804) keçən Cavabdeh İB-yə məxsus aşağı təzyiqli yerüstü qaz xəttinin hündürlükdən çəkilməsi mümkündürmü? Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İPM-nin 1.2-ci maddəsinə istinadən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). MPM-nin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Lakin iş materiallarından göründüyü Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2025-ci il tarixli məktubu ilə ekspertin “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat”a əsasən hazırki iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizanın aparılmasından imtina edilərək, iş materialları məhkəməyə geri qaytarılmışdır. MPM-nin 97.4-1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İş materiallarından da göründüyü kimi iddiaçının iştirakı olmadan ekspertizanın keçirilməsi mümkün olmamışdır. İddiaçı məhkəmə iclasına gəlməmiş və qeyd olunan halın aradan qaldırılmasında heç bir hüquqi maraq göstərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə ekspertiza təyin edilən fakt rədd edilmiş hesab edilməlidir. Beləliklə, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin müdaxiləsini, yəni qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar