Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9352/2025 21.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 54632,87 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 69430 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında cavabdehin xx.xx.2022-ci il tarixə yaranan 85649,22 manat borcuna görə 69430 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2024-cü il tarixli **********1 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 54632,87 manat ödənilməmiş borcu qalmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1280/2025 saylı qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən məlumatlar reallığı əks etdirmir, mövcud rəsmi sənədlərlə uzlaşmır və hüquqi baxımdan əsassızdır. İddiaçı tərəfindən təqdim edilmiş və etiraza əlavə olunan xx.xx.2025-ci il tarixli “Şəxsi hesab vərəqəsi” sənədinə əsasən, “vergilər üzrə vərəqə” hissəsində xx.xx.2025-ci il tarixinə olan vergi borcunun məbləği 5598,61 təşkil edir. Şəxsi hesab vərəqəsi ilə müəyyən olunur ki, xx.xx.2025-ci il tarixinə cavabdehin borcları ümumilikdə aşağıdakı kimidir: vergilər üzrə borc 5598,61 AZN, məcburi dövlət sosial sığorta haqqı üzrə borc 5487,16 AZN (xx.xx.2025 tarixinə), sahibkarlıq fəaliyyəti ilə əlaqədar sığorta haqqı 300 AZN (xx.xx.2025 tarixinə), muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqı üzrə borc 706,70 AZN (xx.xx.2025 tarixinə), icbari tibbi sığorta haqqı üzrə borc 915,56 AZN (xx.xx.2025 tarixinə). Yuxarıda göstərilən bütün borcların cəmi belə 13 008,03 AZN təşkil edir ki, bu da iddia ərizəsində göstərilən məbləğdən ən azı 41624,84 AZN azdır. Deməli, hüquqi və faktiki əsaslar olmadan əmlakın 69430 manat məbləğində satışa çıxarılması tələbi hüquqa ziddir və qeyri-proporsional tədbir hesab edilməlidir. Hazırda onun vergi borcu bu cür ağır tədbirlərin tətbiqinə əsas verəcək səviyyədə deyil. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iclasın iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, cavabdeh xx.xx.1979-cu ildə Füzuli rayonu, Böyük Bəhmənli kəndində anadan olmuşdur və Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatdadır. O, fərdi sahibkar kimi ********** nömrəli VÖEN əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır. Cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025-ci il tarixinə dövlət büdcəsinə ödənilməmiş vergi borcu olmuşdur. İddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla cavabdehə məxsus əmlakın siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən cavabdehə məxsus 69430 manat dəyərində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 64-də yerləşən 85 saylı mənzil daşınmaz əmlak vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə iddiaçı tərəfindən siyahıya alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 64, mənzil 85 cavabdehin mülkiyyətindədir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək vergi borcunun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakının satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İddianın mümkünlüyü: İPM-də göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir (2.1). Mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr baxır (2.2.7). Göründüyü kimi iddiaçı cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün onun siyahıya alınmış əmlakının satılmasını xahiş edir. Tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə Vergi Məcəlləsinin 90.1-ci maddəsində müəyyən edilmiş qaydada vergi orqanı tərəfindən qaldırılmış iddialara da İPM-in 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən (bundan sonra – Vergi Məcəlləsi) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur (23.1.6). Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər (89.1.). Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir (89.2.). Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər (89.3.). Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir (89.10.). Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər (90.1.). Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. İşin faktiki hallarından görünür ki, vergi ödəyicisinin qanunla müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin borcuna görə onun mülkiyyətində olan əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, cavabdehin vergi borcunun olması iş materialları ilə də təsdiq edilir. Məhkəmə cavabdehin iddiaya etirazına münasibət bildirilərək qeyd edir ki, cavabdeh etirazında dövlət büdcəsinə olan borcunun iddia ərizəsində qeyd edilən məbləğdə olmadığını bildirmiş və buna görə də, əmlakının satılmasının məqsədəmüvafiq olmadığını bildirmişdir. Lakin nəzərə alınmalıdır ki, cavabdeh dövlət büdcəsinə ödənilməmiş borcunun olmasını etiraf etmişdir. Həmin borcun məbləğinin qeyd edilən şəkildə olmaması onu öhdəliyinin icrasından azad etmir və siyahıya alınmış əmlakının satılmalı olmasını istisna etmir. Eyni zamanda məhkəmə tərəfindən əmlakın satılması barədə qərar qəbul edilsə belə, cavabdeh dövlət büdcəsinə olan borcunu ödəyərək əmlakının satılmasını dayandıra bilər. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 54632,87 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 69430 manat məbləğində siyahıya alınmış əmlakı (Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 64, mənzil 85) satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğ vergi borcunun ödənilməsinə yönəldilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-9352/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9352/2025
21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver