Məhkəmə qərarları › İş №2-1(112)-9353/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9353/2022

09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9353/2022 09.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qeydin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yeni doğum haqqında şəhadətnaməsi verilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi “xx.xx.1956-cı il”, doğulduğu yer “Cəbrayıl rayonu, Çaxırlı kəndi”, adı, soyadı və ata adının “X4”, ata qrafasında atasının “X2”, ana qrafasında anasının “X5”, miliyyətlərinin azərbaycanlı kimi qeyd olunması barədə doğum akt qeydinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, o, xx xxxxxxx 1956-cı il tarixdə Cəbrayıl rayonu Çaxırlı kəndində anadan olmuş, doğum akt qeydi əsasında ona doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında həmin dövr üçün vətəndaşlıq pasportu, sonradan isə şəxsiyyət vəsiqəsi əldə etmişdir. İddiaçı qeyd edir ki, bu sənədlər əsasında o, nikah haqqında şəhadətnamə və uşaqlara doğum haqqında şəhadətnamə əldə etmişdir. İddiaçı qeyd edir ki, hazırki mərhələdə doğum haqqında akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır ki, bununla bağlı qeydiyyat şöbəsinə müraciət edilsə də doğum haqqında akt qeydinin bərpa edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi doğum haqqında akt qeydi də daxil olmaqla aktların itirilmiş qeydlərinin inzibati məhkəmə icraatı qaydasında bərpası yalnız o hallarda mümkündür ki, müvafiq qeydin, eləcə də doğum haqqında akt qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olmuş olsun. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası, həmin sənədlərin mövcud olmaması səbəbindən mümkün olmadıqda isə doğum haqqında vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi, iş üzrə inzibati məhkəmə icraatı qaydasında doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdeh qeydiyyat şöbəsinə həvalə edilməsi üçün doğum haqqında akt qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər mövcud olmalıdır.. İş materiallarında olan məhkəmə sorğusuna əsasən Qaradağ Rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya şəxsiyyət vəsiqəsi verilərkən tərtib edilmiş fərdi uçot kartoçkası isə məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən sənəd kimi qiymətləndirildiyindən və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 45.2.1-ci maddəsinə əsasən həmin sənəd inzibati icraat zamanı inzibati orqan tərəfindən istifadə olunması üçün nəzərdə tutulan sübut növlərindən biri kimi çıxış etdiyindən iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etməyə haqlı olmuşdur. Adıçəkilən fərdi uçot kartoçkasından da göründüyü kimi iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması və şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı sənədlər siyahısında onun onun xx xxxxxxx 1956-cı il tarixdə Cəbrayıl rayonu Çaxırlı kəndində doğulması barədə Qaradağ rayon Polis İdarəsi tərəfindən 15 oktyabr 2008-cı il tarixdə verilmiş AZE 06498305 seriyalı şəxsiyyət vəsiqəsi qeyd edilmişdir. İddiaçı hazırda doğum haqqında akt - doğum tarixi “xx.xx.1956-cı il”, doğulduğu yer “Cəbrayıl rayonu, Çaxırlı kəndi”, adı, soyadı və ata adının “X4”, ata qrafasında atasının “X2”, ana qrafasında anasının “X5”, miliyyətlərinin azərbaycanlı kimi məlumatlar qeyd olunmaqla bərpa edilməsini arzulayır ki, mövcud olan sənədlər və şahid ifadələri əsasında bu məlumatların göstərilməsi mümkündür. Belə ki, fərdi uçot kartoçkasında olan məlumatlara əsasən iddiaçının “valideynlərinin soyadı, adı və atasının adı” qrafasında X2 – Gürcü Hacı qızı göstərilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X6 vermiş olduğu ifadədə iddia verən şəxsin qardaşı olduğunu təsdiq etmişdir. Məhkəmə tərəfindən X3 doğum haqqında şəhadətnaməsinə baxış keçirilmiş və şəxsin valideynlərinin X2 və X5 olduğu, onların miliyyətlərinin azərbaycanlı olması müəyyən olunmuşdur. Eyni zamanda o da qeyd edilməlidir ki, məhkəmə iclasında iştirak etmiş şahid (X1) vermiş olduğu ifadədə iddia verən şəxsin arvadı olduğunu təsdiq etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının xx xxxxxxx 1956-cı il tarixdə Cəbrayıl rayonu Çaxırlı kəndində doğulması, valideynlərinin X2 və X5 olması, onların miliyyətlərinin azərbaycanlı olması fərdi uçot kartoçkası, şəxsiyyət vəsiqəsi, şahid ifadəsi və iddiaçının qardaşının doğum haqqında şəhadətnaməsi ilə təsdiq olunduğundan, ona münasibətdə doğum haqqında akt qeydi bərpa edilməlidir. Beləliklə, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Eyni zamanda, doğum haqqında akt qeydinin bərpası həyata keçirildikdən sonra iddiaçı doğum haqqında şəhadətnamə ilə təmin olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yeni doğum haqqında şəhadətnamənin verilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi “xx.xx.1956-cı il”, doğulduğu yer “Cəbrayıl rayonu, Çaxırlı kəndi”, adı, soyadı və ata adının “X4”, ata qrafasında atasının “X2”, ana qrafasında anasının “X5”, miliyyətlərinin azərbaycanlı kimi qeyd olunması barədə doğum akt qeydinin bərpa edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar