Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9355/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********5 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, iddiaçının 11 avqust 1983-cü il tarixli ИТ-l ******* nömrəli əmək kitabçasının 1-ci səhifəsində əmək kitabçasının doldurulma tarixi xx.xx.1983-cü il, 41-ci səhifəsində isə xx.xx.1980-ci il olaraq göstərilmişdir. Eyni zamanda əmək kitabçasının 41-43-cü səhifələrində xx.xx.1980xx.xx.1981-ci il tarixləri arasındakı dövr üzrə qeyd olunan məlumatların təsdiq edilməsi üçün istifadə edilmiş möhürün oxunmaması və həmin səhifələrin 1-ci qeydində səlahiyyətli şəxsin imzasının olmaması əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Buna görə də yuxarıda qeyd olunan dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığından xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az müddəti ((24 il 4 ay 25 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illik ümumi və 12 il 6 aydan çox güzəştli olan əmək stajının olduğu nəzərə alınaraq, pensiya hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə pensiya təyin edilməsinə görə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətindən imtina etmişdir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə olunan “Azərbaycan X10” QSC-nin X3 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, onun ümumi iş stajı 39 il 06 ay 04 gün, üzücü heyət üzrə nəqliyyat donanması gəmilərinə güzəştli iş stajı 38 il 07 ay 20 gün təşkil edir. Qeyd olunan arayış ilə təsdiq olunduğu kimi ümumi iş stajı 39 il 06 ay 04 gün, güzəştli iş stajı 38 il 07 ay 20 gün təşkil etdiyi halda cavabdeh orqanın imtinası qanuna uyğun olmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya etirazında imtina məktubunda qeyd edilənlərə istinad etmiş və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan bu müraciəti təmin etməkdən imtina etmiş, iddiaçı imtina məktubunu aldıqdan sonra qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşdə olan İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2020ci il tarixdə tamam olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus NT-İ seriyalı ******* nömrəli əmək kitabçasının görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixdə C.Cabbarlı adına üzümçülük sovxozuna fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə hərbi xidmətə getdiyi üçün vəzifəsindən azad edilmişdir. İddiaçı xx.xx.1983-cü il tarixdən hazıradək Azərbaycan X10nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində aşpaz, matros, motorçu, 4-cü, 3-cü, 2-ci mexanik vəzifələrində işləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Beləliklə, yuxarıda istinad olunan sənədlərdəki dövrlər nəzərə alındıqda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 il 2 ay 20 gün ümumi iş stajı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının xx.xx.1980-xx.xx.1981-ci illərdə C.Cabbarlı adına üzümçülük sovxozunda fəhlə işlədiyi dövrü qəbul etmir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının işlədiyi Füzuli rayon Mirzəcamallı kənd “C.Cabbarlı” adına sovxozunun 1980-1985-ci illərə aid sənədləri xx.xx.1993-cu il tarixində erməni işğalı zamanı yandırılaraq məhv edilmişdir. 1986-1993-cü illərə aid sənədlər isə arxivə təhvil verilməmişdir. Belə olan halda aydın olur ki, həmin dövrlərin dövlət arxivində saxlanılan məlumatlarla üzləşdirilməsi mümkün deyildir. Lakin bu hal özlüyündə həmin dövrlərin şübhə altına alınması üçün əsas sayıla bilməz. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir. 14 dekabr 1962-ci ildən sonrakı dövr əgər əmək kitabçasını verən idarə, müəssisə və təşkilata işə daxil olana qədər hansı idarə, müəssisə və təşkilatda, hansı vaxtda, hansı vəzifələrdə işləməsi barədə əmək kitabçasında konkret qeyd aparılmışsa. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1980-xx.xx.1981-ci illərdə C.Cabbarlı adına üzümçülük sovxozunda fəhlə işləməsi barədə əmək kitabçasında qeyd aparılmış, həmin qeyd təsdiqlənmişdir. Digər tərəfdən, iddiaçının hazırkı iş yeri olan “Azərbaycan X10” QSC X7 tərəfindən 1985-ci ildə tərtib edilmiş şəxsi kartoçkadan görünür ki, iddiaçının son iş yeri C.Cabbarlı adına sovxoz olmuşdur. Göründüyü kimi, 1985-ci ildə tərtib edilən sənəddə iddiaçının 1980-1981-ci illərdə sovxozda işləməsi öz təsdiqini tapmışdır. Cavabdehin imtinasında istinad etdiyi möhürün oxunmaması, 1-ci səhifədəki qeyddə imzanın olmaması isə həmin qeydləri şübhə altına almaq üçün birbaşa sübut hesab edilə bilməz. Bu zaman o da nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –İİQ) 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən həmin inzibati orqanın yalnız mülahizələrə əsaslanan bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, istinad olunanlara əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı olduğundan, o birinci tələbi ödəyir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 23000000, XXVİİİ. Nəqliyyat sahəsi üzrə kod 23003010, Üzən heyət - Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. İşdə olan “Azərbaycan X10” QSC X4 xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, “iddiaçı Azərbaycan Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1983-cü il tarixindən hal-hazıradək aşpaz, matros, motorçu, 4-cü, 3-cü, 2-ci mexanik işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı ümumi iş stajı 39 il 06 ay 04 gün, üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 38 il 07 ay 20 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 nömrəli qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli Qərarına əsasən X10 Azərbaycan Dövlət X10 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X10nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X8 yenidən təşkili yolu ilə "Azərbaycan X10" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir.” Göründüyü kimi, iddiaçının xx.xx.1983-cü ildən etibarən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi iş yerinin arayışı ilə təsdiq edilir. Həmin arayışa əsasən iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan çox, 22 il 4 ay 21 gün güzəştli iş stajı mövcuddur. Cavabdeh bu halı qəbul etmiş, iddiaçının güzəştli iş stajını mübahisələndirməmişdir. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Belliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı qanunvericiliklə tələb olunan bütün şərtləri ödədiyindən iddia tələbi təmin olunmalı və iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9355/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9355/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver