Məhkəmə qərarları › İş №2-1(112)-9356/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9356/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9356/2022 17.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı mənəvi zərər olaraq 10.000 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə əmək pensiyasının yenidən hesablanması, nəzərə alınmayan stajının nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasına dair müraciətlə müraciət etmişdir. Lakin, müraciəti müsbət həll edilməlidir. Daha sonra o, məcbur olub, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1114/2021 saylı, xx.xx.2021ci il tarixli qərarı ilə onun iddiası tam təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1613/2021 saylı, 09 iyul 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının qərarı ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1114/21 saylı iş üzrə qəbul etdiyi 11 fevral 20221-ci il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddiası qismən təmin edilmişdir. Daha sonra onun tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(102)-2209/2021 saylı qərarı ilə Bakı Apellyasiya məhkəməsinin qərarı qüvvədə qalmışdır. Yəni onun iş stajının bir qismi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyi onun üzərinə qoyulmuşdur. Qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Göründüyü kimi, İdarənin ona qarşı qanunsuz hərəkəti məhkəmə qərarı ilə tam təsdiq edilir. Onun hərəkəti nəticəsində ona mənəvi ziyan dəymişdir. O, uzun müddət iztirablar, əsəb keçirmişdir. Nəticədə məcbur olub onun qanunsuz hərəkətinə görə məhkəməyə müraciət etmişdir, sonra apellyasiya, daha sonra Ali Məhkəməyədək müraciət etməli olmuşdur. Bütün bu hadisələr ona mənəvi cəhətdən pis təsir etmişdir. Stajı nəzərə alınmaqla, ona əmək pensiyasının düzgün hesablanması vəzifəsi cavabdehin idi. Lakin, o, incidilmiş, məhkəmələrə düşmüşdür. Cavabdehin hərəkəti nəticəsində o, vaxtında dərman əldə edə bilərdi, pastelə xəstə düşmüş, tək qadındır, 2-ci qrup əlildir. Cavabdeh pensiyasını düzgün hesablamadığından illərdir, dərmanına pul tapa bilmirdi. Cavabdehin hərəkətləri nəticəsində onun pensiya pulu onların hesabında qalmışdır, həmin pulları o, dövr etdirib, pul qazana bilərdi. Lakin, cavabdeh onun pulunu işlədib, xeyrini götürmüşdür. O, isə burada xəstə qalmışdır. Pulu cavabdehdə ola ola, özünün sağlamlığına pul xərcləyə bilməmiş, pul tapa bilməmişdir. Məhkəmə qətnaməsi ilə iddiası təsdiq edilmişdir. Bununla da, cavabdeh ona mənəvi zərər vurmuşdur. Ona cavabdehin hərəkətləri nəticəsində 10.000 manat mənəvi zərər olaraq dəymişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, iş materiallarına əlavə edilmiş iddiaçının müvafiq ərizəsi (iddiaçı eyni ərizə ilə xx.xx.2022-ci ildə Fonda müraciət etmiş, müraciəti ********** nömrəli altında qeyd edilmişdir) “mənəvi ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair” başlığı altında yazılsa da, iddiaçı sosial pensiyasının yenidən hesablanması ilə bağlı müəyyən halları sadalamaqla kifayətlənmiş, konkret tələbini ifadə etməmişdir (vurulmuş ziyana görə mənəvi ziyanın əvəzi olaraq 10000 manat pulun ödənilməsi). Vətəndaşın həmin müraicətinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli cavab məktubu ünvanlanmışdır. Qeyd edilməlidir ki, həmin məktub imtina xarakterli deyil. İddianın mahiyyəti ilə bağlı qeyd etməyi zəruri hesab edirlər ki, iddia əsassızdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1114/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından şikayət verilmiş, qərar yenidən mübahisələndirilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının işirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmüş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Yəni, göründüyü kimi, tərəfin əsassız hesab etdiyi məhkəmə aktlarından şikayət vermək hüququ qanunvericilikdə öz təsbitini tapmış obyektiv hüquqdur. Buna görə iddiaçının uzun müddət davam edən məhkəmə prosesləri nəticəsində ona dəymiş ziyana görə kompensasiya tələbi əsassızdır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə proseslərinin uzun müddət davam etməsi cavabdehin təqsiri deyil, digər səbəblərlə bağlı olmuşdur. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir ki, bu da, yuxarıda qeyd olunduğu kimi onun hüququ olmuşdur. Həmçinin apellyasiya şikayəti qismən təmin edilmişdir. Bu da, onu göstərir ki, cavabdeh əsaslı olaraq apellyasiya şikayəti vermişdir. Həmçinin, iddiaçı, həm də, cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, qərar əsaslı hesab edilərək qüvvədə qalmışdır. Eyni zamanda, iddia ərizəsində qeyd edildiyi kimi, həmin qərar artıq icra olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddələrin məzmunundan göründüyü kimi mülki hüquqi məsuliyyətin yaranması üçün ilk öncə zərər vurulması faktı mövcud olmalı, həmin dəymiş zərər bilavasitə təqsirli hərəkətin nəticəsi olmalı, zərərlə nəticə arasında səbəbli əlaqə olmalıdır. Göründüyü kimi hazırki iş üzrə qeyd olunan halların heç biri mövcud olmamışdır. Həmçinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərara əsasən, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması (sübutedici nəyinsə olması yəni resept yaxud psixiatr yardımlı və bununla sübut edən nələrsə) və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin, qeyd olunan hallardan heç birinin təzahürü vətəndaşda mövcud olmamış və mövcud olsa belə sübuta yetirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İşdə olan ididaçı tərəfindən təqdim edilmiş epikriz, stasionar xəstənin tibbi kartasından çıxarış və digər müayinə aktlarından görünür ki, iddiaçının bel nahiyyəsindən aşağı ətraflarda 2014-cü il tarixdən etibarən hərəkətlə bağlı məhdudiyyətlər və digər problemlər mövcud olmuş, bununla bağlı müxtəlif dövrlərdə müalicələr almışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsi tərəfindən verilmiş 001918 nömrəli əlillər üçün vəsiqənin surətindən görünür ki, iddiaçıya ikinci qrup əlil olduğu üçün xx.xx.2016-cı il tarixdən güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olmasını təsdiq edən vəsiqə verilmişdir. İşdə olan məhkəmə qərarlarından müəyyən edilmişdir ki: - İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" və "xxxx" müəssisələrində işlədiyi illərin nəzərə alınması ilə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1114/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı "xxxx" və "xxxx" Kiçik Müəssisələrində işlədiyi dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş (2017-ci ilin mart ayından) dövr üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1613/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1114/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, İddiaçı "xxxx" və "xxxx" Kiçik Müəssiələrində işlədiyi dövrlər, "xxxx" KM-də xx.xx.1993-xx.xx.1993cü illər, "xxxx" Firmasında xx.xx.1993-xx.xx.1999-cu illər olmaqla nəzərə alınaraq, yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş (2017-ci ilin mart ayından) dövr üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2209/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1613/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan ərizə və poçt qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmədən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus pensiya işi məhkəməyə təqdim edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etdikdən sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia tələbindən görünür ki, iddiaçı hazırda məhkəmə qərarlarına əsasən onun iş stajına daxil edilmiş illərin, cavabdeh tərəfindən vaxtında iş stajına daxil edilməməsi səbəbindən ona dəymiş mənəvi ziyan olaraq 10000 manat kompensasiya məbləğinin ona ödənilməsini xahiş edir. Məhkəmə iddiaçının tələbi ilə bağlı qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (1100-cü maddə). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarı: 1-ci bənd. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, ididaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə tərəfindən yuxarıda sadalanan qanunvericiliyin normalarının işin faktiki hallarına tətbiq edilməsi nəticəsində isə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının sağlamlıq vəziyyətini əks etdirən tibb sənədlərinə əsasən müəyyən edilmişdir ki, onun sağlamlığında olan mövcud problemlər 2014-cü il tarixdən etibarən mövcud olmuş, sağlamlığında olan həmin problemlərlə əlaqədar iddiaçıya 2016-cı il tarixdən İİ qrup əlillik dərəcəsi verilmiş, onun fiziki və psixoloji sağlamlığına cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər vurulmasına dair hər hansı bir sübut iş materiallarında müəyyən edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və X1 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar